“Ona görə də ilk növbədə bizə verilmiş ağıla görə təşəkkür etməliyik…”
 




“Bütün varlıqlar hazırladığı məhsulu, meyvələri insana təqdim edir. Bəs insanın meyvəsi nədir, məhsulu nədir? O meyvəsini kimə təqdim edəcək?..”
 
“Namazda Həcc vardır, çünki namazda hər kəs Məkkəyə, Allahın evi olan Kəbəyə tərəf yönəlir…”
 
“Namazda potensial bir xatırlatma və dərin ruhani həzz vardır. O, insana Rəbbi qarşısındakı acizliyini və zəifliyini xatırladır…”
 
"Peyğəmbərimiz (s.a.s.) beş vaxt namazı bir evin qarşısından keçən çaya bənzətmiş və: “Gündə beş dəfə bu çayda yuyunan adamda kir qalarmı?” – deyə soruşmuşdu..."
 
Moderator.az bir sıra oxucuların mövzuya marağını nəzərə alaraq "Mənəviyyata açılan pəncərə" nəşrində təqdim edilmiş "Nə üçün namaz?" başlıqlı ibrətamiz materialı nəzərinizə çatdırır:

(Əvvəli: burada:)
 
Namaz bütün ibadətləri özündə ehtiva edən nurlu mündəricatdır. Bütün məxluqatın ibadətlərinə işarə edən müqəddəs xəritədir. Məsələn, namazda oruc ibadətinin xüsusiyyəti vardır. Çünki namaz qılarkən, sanki, oruc tutursan; heç nə yemirsən, içmirsən…
 
Namazda zəkat var...
 
Çünki namaz ömrün zəkatıdır. İnsan Allahın verdiyi 24 saatın bir saatını şükür əlaməti olaraq ibadət etməklə  allaha həsr edir, bir növ geri qaytarır…
 
Namazda Həcc vardır, çünki namazda hər kəs Məkkəyə, Allahın evi olan Kəbəyə tərəf yönəlir. Namazda Allahın birliyini, Həzrət Muhammədin onun qulu və rəsulu olmasını təsdiq etmək var: “təhiyyat”da “şəhadət kəlməsi” oxunur.
 
Həm də bəzi mələklər yalnız ayaq üstə ibadət edirlər, bəzi mələklər daima rüku, bəziləri isə səcdə halındadır. Bəziləri yalnız “lə ilahə illallah!”, bəziləri “Allahu əkbər,” bəziləri də “subhanallah” deyə Allahı zikr edirlər. Yəni mələklər xüşu və hüzur içində ruhani zövq və ləzzət alaraq ibadət və zikrlərin bir hissəsini yerinə yetirirlər. Ancaq namazda bunların hamısı – rüku da var, səcdədə, “Allahu əkbər” də … Və insan namaz qılarkən bunların hamısını icra edir.
 
İslamı təbliğin ilk günündən namaz fərz buyurulsa da, onun gündə beş dəfə müəyyən edilməsi merac gecəsi ilə bağlıdır. Hədisi-şərifdə “namaz möminin meracıdır” buyurulur.[14] Qurani-Kərimdə və Allah Rəsulunun (s.a.s.) hədislərində İslamın beş şərtindən biri olan namazla bağlı bəyanlar onun böyük əhəmiyyətə malik olduğunu göstərir.
 
Namaz möminin meracıdır!..
 
Namaz meracdır, Allaha yönəlməkdir, Onun hüzurunda dayanıb Onu salamlamaqdır, Ona həmd etməkdir, Onun Rəhmli və Rəhman olduğunu təsdiq etməkdir, Ondan bizi doğru yola yönəltməyi diləməkdir. 
 
Namazda potensial bir xatırlatma və dərin ruhani həzz vardır. O, insana Rəbbi qarşısındakı acizliyini və zəifliyini xatırladır. Digər tərəfdən, haqq və həqiqət yollarını göstərir ki, bunun da əsasında hər şeyə gücü yetən Mütləq Qüdrət sahibinə iman etmək dayanır.
 
Namaz günahları təmizləyir...
 
Peyğəmbərimiz (s.a.s.) beş vaxt namazı bir evin qarşısından keçən çaya bənzətmiş və: “Gündə beş dəfə bu çayda yuyunan adamda kir qalarmı?” – deyə soruşmuşdu. Onu dinləyənlər: “Xeyr, qalmaz!” – demişdi. Rəsulullah (s.a.s.) da: “Bax gündə qılınan beş vaxt namaz da belədir. Allah bu beş vaxt namazla günahları silib təmizləyir,” – buyurmuşdur.[15]
 
Bir başqa hədisdə də “Beş vaxt namazın biri ilə digəri arasında edilən kiçik günahlar bağışlanır” (möminin məsələn, sabah namazı ilə günorta namazı arasında etdiyi kiçik günah (və ya günahlar) günorta (zöhr) namazını qılarkən bağışlanır) buyurulur.[16]
 
Peyğəmbərimiz (s.a.s.) də hər bir müsəlmana beş vaxt fərz namazı qılmağı xüsusi olaraq əmr etmişdir.[17]
 
Hədis kitablarının, xüsusilə “Kitabus-salat” bölmələrində verilən bir sıra hədislər də namazın gündə beş vaxt fərz olduğunu göstərir.[18] 
 
Namaz ən böyük şükürdür!..
 
Namaz Allaha şükrün ən mükəmməl şəklidir. Ona görə ki namaz “ağıl sahiblərinə” əmr olunmuşdur. İki qrup insan namaz qılmaqdan azaddır: ruhi xəstələr və… ölülər. Ona görə də ilk növbədə bizə verilmiş ağıla görə təşəkkür etməliyik.
 
Ağıl kimdədirsə, namazı da o qılacaq, Quranı o oxuyacaq, Rəbbinə o şükür edəcək. Yoxsa ağıl insana verilsin, namaz, oruc, zəkat və s. atdan, dəvədən tələb edilsin? Belə axmaq fikir olar?
 
Ağacın meyvəsi məlumdur, inəyin, qoyunun, keçinin məhsulu süddür, ətdir, arının məhsulu baldır, dənizin məhsulu balıqdır, toyuğun məhsulu yumurtadır… Bütün varlıqlar hazırladığı məhsulu, meyvələri insana təqdim edir. Bəs insanın meyvəsi nədir, məhsulu nədir? O meyvəsini kimə təqdim edəcək?..
 
Bütün varlıqlar vəzifəsini qüsursuz yerinə yetirir. insan da özbaşına buraxılmır (“Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?”[19]) və ondan özünəxas meyvə tələb edilir. Bu meyvə də ibadətdir, namazdır…
 
Kimə təqdim ediləcək bu meyvə? Allaha!..
 
Belə bir meyvəni ancaq Allah götürə bilər, bu meyvənin dəyərini, qiymətini, əvəzini yalnız Allah bilir, Allah verir. Bəs bu meyvənin dəyəri nədir?
 
Cənnət! Bax, Uca Allah nə buyurur: “Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş cənnət müqabilində satın almışdır.“[20]
 
Zikr və namaz
 
Zikr mömini müntəzəm şəkildə Allaha yaxınlaşdıran bir ibadət və qəflət buludlarını dağıdan rüzgardır. Zikr etmək Allahı anmaq, həyatı dərk edərək yaşamaq və varlığı seyr edərkən onun hər zərrəsində Allaha aid bir işarə görmək deməkdir. Bu mənada zikr və namaz bir-biri ilə sıx bağlıdır. Hətta digər ibadətlərdə olan zikrlə namazdakı zikr müqayisəolunmazdır. Namaz qədər Allahı xatırladan və görmə, düşünmə, anlama və dəyər üfüqündən qəfləti silib-təmizləyən başqa bir ibadət olsa idi, Allah namazın yerinə onu əmr edərdi. Namaz potensial olaraq xatırlatma gücünə malikdir…
 
Qurani-Kərim: “və əqimis-salətə li-zikri; (məni anmaq (xatırlamaq, zikr etmək) üçün namaz qıl)“[21] ayəsi ilə bu həqiqəti bizə xatırladır. Bəli, ayədə də ifadə edildiyi kimi, anma (zikr) ilə namaz arasında sıx bağlılıq var. Məhz bu əhəmiyyətinə görə Allah-Təala namazın  qılınmasını Qurani-Kərimdə tez-tez vurğulamışdır…
 
Məsələn, oruc gizli ibadətdir, yəni bir insanın oruclu olduğunu müəyyən etmək çətindir.  Bu gizlilik oruca Allah dərgahında müstəsna dəyər qazandırır. Məhz buna görə də Allah-Təala buyurur:  “Oruc mənə aiddir və mükafatını da mən verirəm”.
 
Buna görə də qətiyyətlə deyə bilərik ki, namazın güclü xatırlatma təsiri heç bir ibadətdə yoxdur. Bəlkə də, cümə namazı və ya Həcc kimi toplu ibadətlərdə belə güclü təsirdən bəhs etmək və bunların xatırlatma xüsusiyyətini əhəmiyyətli səviyyədə zikr hesab etmək olar.  Ancaq bunlar da namaz kimi hər gün və eyni zamanda gündə beş dəfə olmadığı üçün namaza əvəz ola bilməz…
 
İzahlar:
 
[14] Fəxrəddin Razi, ət-Təfsirul-Kəbir, I, s. 226, Alusi, Ruhul-Məani, X, s. 453. Tövbə surəsi 74-cü ayənin təfsiri.
 
[15] Buxari. “Məvaxt” 6; Müslim. “Məsacid,” 283-284.               
 
[16] Müslim. “Taharət”, 14,15; Buxari. “Məvaxt”, 4, 6.
 
[17] Müslim. “Taharət”, 14,15; Buxari. “Məvaxt”, 4, 6.4.            
 
[18] Müslim. “İman”, 8, 10, 29, 31; Buxari. “İman”, 34, “Salat,” 1; Əbu Davud. “Təharət”, 97; Tirmizi. “Salat”, 159, 160.
 
[19] “Möminun” surəsi, 23/115
 
[20] “Tövbə” surəsi, 9/111.
 
[21] “Taha” surəsi, 20/14.