“İçimdə bir qorxu var, çox aktyor acizdir, amma bizə hələ ki, ehtiyac var” - FOTO+ÖZƏL
10 Jun 2026, 10:40 5 baxış 3 dəq oxuma
“Dublyaj peşəkar işdir və xüsusi, spesifik bir peşədir. Əlbəttə ki, Allah hər kəsi bir istedadla yaradıb. Biz öz üzərimizdə işləmişik və bu gün də işləyirik. Dublyaj səsi adi səsdən seçilməlidir. Burada söhbət təkcə səs tembirindən getmir. Bu kompleks işdir. Burada aktyordan çox şey tələb olunur. Səs tembiri, diksiya, çeviklik, obrazın duyğularına qədər hiss etmək və onu səsləndirmək peşəkar işdir. Çox aktyor bu sahəyə gəlir, amma hamıda yaxşı alınmır. Zəif alınır və aciz qalırlar. Onlar yalnız çalışmaqla peşəkarlaşa bilərlər. Gənclər öz üzərlərində işləməlidirlər. Mən sonuncu dəfə Al Paçinonu səsləndirmişəm. Çox çalışmışam ki, onun səs tembirinə uyğun danışım və onun keçirdiyi hiss və həyəcanı obraz vasitəsilə çatdıra bilim. Bu artıq aktyordan peşəkarlıq tələb edir”.
Bunu Moderator.az-a açıqlamasında Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Sabir Məmmədov deyib.
O daha sonra süni intellektin incəsənətə müsbət və mənfi təsirlərindən danışıb:
“Süni intellekt artıq həyatımıza daxil olub və müəyyən sənətləri əvəz edir. Bütün dünya buna doğru gedir. Bunu 4-cü inqilab da adlandırırlar. Süni intellektlə film və seriallar çəkirlər, səsləndirmələr edirlər. Amma burada bir nüans var. Süni intellekt canlı aktyorun hissini, həyəcanını vermir. Hətta oxşar səs edirlər, o dəqiqə hiss olunur ki, biri canlı insan səsidir, digəri süni intellekt səsi. Dublyajda süni intellektin olması çox çətindir. İnformativ nəsə olar, amma bədii hansısa obrazı yaratmaq və səsləndirmək mümkün deyil. Gələcəkdə hər şey ola bilər. Amma hazırkı dövrdə bu dərəcədə insanın hisslərini, sevgisini, kədərini süni intellekt əvəz edə bilməz. Hələ ki, çox çətindir. Onsuz da bu sahə ilə bizdə çox adam məşğul olmur. Açığı həmkarlar içində belə bir qorxu var, amma məndə yoxdur. Hansısa aktyor oynayanda deyirlər ki, “filankəs necə süni oynayır”. Sözün özü də süni sözündən götürülüb. Hələ ki, bizə ehtiyac var. Tamaşaçıların qəlbinə, hisslərinə toxunan dublyajlar edəcəyik”.