Moderator.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanın müstəqillik illərinin ən böyük büdcə icrası sənədinin müzakirəsi zamanı bir sıra mühüm iqtisadi məsələlərə toxunub.


O qeyd edib ki, məhz 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı Azərbaycanın maliyyə imkanlarının güclənməsinə və regionda aparıcı dövlətə çevrilməsinə şərait yaradıb. Onun sözlərinə görə, bu gün müzakirə olunan sənəddə əksini tapan müsbət göstəricilər və ölkənin əldə etdiyi uğurların təməlində Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyası dayanır.






Konseptual məsələlərdən biri gəlir və xərclərdə kənarlaşmalardır. Xüsusilə xərclər üzrə proqnozlarla icra arasında ciddi fərqlər müşahidə olunur. Belə ki, 2025-ci ildə 41,4 milyard manat proqnozlaşdırıldığı halda, icra 38,6 milyard manat olub. Bu isə 2,8 milyard manatlıq az xərcləmə deməkdir və proqnozlardan kənarlaşmanı göstərir.


Onun sözlərinə görə, bu fərqin iqtisadi təsirlərinin ayrıca qiymətləndirilməsinə ehtiyac var. Bir sıra istiqamətlər üzrə də az xərcləmələr diqqət çəkir. Elm xərclərində nəzərdə tutulan vəsaitdən 30,2 milyon manat, yəni 13,2 faiz, səhiyyə xərclərində isə 55,4 milyon manat və ya 4,2 faiz az icra qeydə alınıb.


Büdcə ili ilə təqvim ilinin fərqləndirilməsi məsələsinə baxılması məqsədəuyğundur. Onun fikrincə, ilin əvvəlində iqtisadi fəaliyyətə yönəlik xərclərin nisbətən az icrası ÜDM artımına da təsirsiz ötüşmür. 2025-ci ildə ÜDM artımı 1,4 faiz olsa da, ötən ilin ilk rübündə bu göstərici 0,3 faiz olub.


Fskal amillər iqtisadi dinamikada mühüm rol oynayır və büdcə ilinin təqvim ilindən ayrılması xərcləmələrin daha səmərəli və bərabər paylanmasına imkan yarada bilər. O, Böyük Britaniya, Yaponiya, Kanada, Sinqapur, Küveyt və Qətər kimi ölkələrdə tətbiq olunan modelə də diqqət çəkib.


Daha sonra o bildirib ki, prioritet xərclərin səmərəlilik meyarları üzrə qiymətləndirilməsi vacibdir. 2025-ci ildə kənd təsərrüfatı üzrə müxtəlif subsidiyalar üçün yüz milyonlarla manat vəsait ayrılıb. Bu isə aqrar sektorun ÜDM-dəki payı ilə müqayisədə səmərəlilik məsələsini aktuallaşdırır.


OECD tərəfindən təklif olunan 10 beynəlxalq standart əsasında qiymətləndirmə, eləcə də büdcə xərclərinin gender və yaşıl iqtisadiyyat kimi meyarlarla qruplaşdırılması daha effektiv analiz imkanı yarada bilər.