"Böyük güclərin hesablamaları özünü doğrultmadı..."


Rusiya və ABŞ son illərdə qarşıdurmalara başlayarkən özlərini dünya siyasətinin əsas müəyyənediciləri hesab edir, rəqiblərinin isə ciddi müqavimət göstərə bilməyəcəyini düşünürdülər. Həm Ukrayna, həm də İran bu təsəvvürləri alt-üst edərək daha güclü rəqiblərini uzunmüddətli və bahalı qarşıdurmalara cəlb etməyi bacarıb.






Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.


"Zəif" tərəflər güclüləri yorucu mübarizəyə sürükləyib


Nəşrin istinad etdiyi ekspertlərin fikrincə, Moskva və Vaşinqton hesab edirdi ki, qarşı tərəfin rəhbərliyinə təzyiq göstərmək və ya onu zəiflətmək qısa müddətdə siyasi kapitulyasiyaya gətirib çıxaracaq. Ancaq həm Ukrayna, həm də İran dövlət idarəçiliyini qoruyub saxlaya, hərbi və siyasi müqaviməti davam etdirə bilib.


Ağ Evin keçmiş müşaviri, hazırda Brukinqs İnstitutunda çalışan Fiona Hill hesab edir ki, hər iki münaqişənin əsas oxşarlığı daha zəif görünən dövlətlərin daha güclü rəqiblərini baha başa gələn qarşıdurmaya cəlb etməsidir. Onun fikrincə, həm Vladimir Putin, həm də Donald Tramp öz dövlətlərindəki mərkəzləşdirilmiş hakimiyyət modelini rəqiblərinə də tətbiq edib yanlış nəticələr çıxarıblar. 


Kreml Ukraynanın genişmiqyaslı müqavimət göstərəcəyini gözləməyib, ABŞ isə İranın zərbələrə cavab vermək və Yaxın Şərqdəki Amerika müttəfiqlərinə ziyan vurmaq imkanlarını lazımınca qiymətləndirməyib. 


Məqalədə vurğulanır ki, hava əməliyyatları böyük dağıntılar törətsə də, münaqişələrin heç birində həlledici nəticə verməyib. Ukrayna, xüsusilə dronlardan geniş istifadə sayəsində, Rusiyanın hücumlarını ləngidə bilib. ABŞ isə İranla qarşıdurmada quru əməliyyatına başlamaq qərarı verməyib.


Maksimalist tələblər sülhə mane olur


Ekspertlər hesab edir ki, münaqişələrin uzanmasının əsas səbəblərindən biri tərəflərin kompromisə hazır olmamasıdır. Rusiya hələ də tam nəzarət edə bilmədiyi ərazilərlə bağlı iddialar irəli sürür. İran isə sanksiyaların ləğvi və dondurulmuş maliyyə aktivlərinin açılması kimi əsas tələblərindən geri çəkilmir.


Fiona Hillin qənaətinə görə, nəticədə nə Moskva, nə də Vaşinqton müharibələrin əvvəlində qarşıya qoyduqları məqsədlərə nail ola bilib.

Analitik hesab edir ki, hər iki ölkə öz strateji hədəflərini reallaşdırmaq baxımından uğursuzluqla üzləşib.


Yeni dünya nizamı formalaşır?


Nəşr yazır ki, münaqişələrin uzanması tədricən həm Rusiyanın, həm də ABŞ-ın beynəlxalq nüfuzuna təsir göstərir. Sürətli qələbələrin əldə olunmaması və öz şərtlərini diktə edə bilməmələri dünya siyasətində yeni reallıq yaradır.


Ekspertlərin fikrincə, bu proses daha mərkəzsizləşdirilmiş beynəlxalq sistemin formalaşmasını sürətləndirə bilər. Belə bir sistemdə böyük dövlətlərin üstünlüyü əvvəlki qədər mübahisəsiz görünməyəcək və daha kiçik ölkələr qlobal proseslərə təsir göstərmək üçün daha geniş imkanlar əldə edəcəklər.