"İtaliya nəşri münaqişənin köklərini SSRİ-nin süqutunda axtarır..."
Ukrayna müharibəsinin səbəbləri 2022-ci ildən və ya 2014-cü ildən deyil, SSRİ-nin dağılmasından sonrakı dövrdən qaynaqlanır.
Moderator.az xəbər verir ki, bu barədə İtaliyanın "L'AntiDiplomatico" nəşri yazıb.
SSRİ-nin dağılması və 1990-cı illərin nəticələri
Rusiyada 12 iyun tarixi dövlət bayramı kimi qeyd olunur. Həmin gün 1990-cı ildə RSFSR Xalq Deputatlarının I Qurultayı dövlət suverenliyi haqqında bəyannamə qəbul etmişdi. Sonradan SSRİ-nin digər respublikaları da eyni yolu tutdu və 1991-ci ilin sonunda Sovet İttifaqı rəsmən fəaliyyətini dayandırdı.
Məqalə müəllifinin fikrincə, 12 iyun tarixi təkcə müasir Rusiyanın yaranmasının deyil, həm də SSRİ-nin dağılmasına aparan "suverenliklər paradı"nın başlanğıcı kimi qiymətləndirilə bilər. Nəşr qeyd edir ki, Sovet İttifaqının süqutundan sonra Rusiyada bazar iqtisadiyyatına keçid, özəlləşdirmə, hiperinflyasiya, yoxsulluq və işsizliklə müşayiət olunan ağır sosial-iqtisadi proseslər yaşandı.
Müəllif bu dövrü "vəhşi kapitalizm" mərhələsi adlandırır və dövlət əmlakının geniş miqyasda özəlləşdirildiyini vurğulayır. Yazıda bildirilir ki, sonradan yeni iqtisadi sistem formalaşdıqdan sonra Rusiya dövləti strateji sahələr üzərində nəzarəti tədricən bərpa etməyə başlayıb və milli kapitalın maraqlarını qorumağa çalışıb.
Münaqişənin kökləri haradan başlayır?
Məqalə müəllifi hesab edir ki, Rusiya ilə Qərb arasındakı qarşıdurmanın başlanğıcını yalnız 2022-ci il və ya 2014-cü il hadisələri ilə izah etmək olmaz. Onun fikrincə, NATO-nun Şərqi Avropaya doğru genişlənməsi, keçmiş sosialist ölkələrinin alyansa qəbul edilməsi və Rusiyanın geosiyasi mühasirəyə alınması Moskva ilə Qərb arasında gərginliyin əsas səbəblərindən biri olub.
Məqalədə həmçinin qeyd olunur ki, ABŞ və Avropa İttifaqı uzun illər ərzində Ukraynanı Rusiyadan uzaqlaşdıran siyasi prosesləri dəstəkləyib. Müəllif 2014-cü ildə Kiyevdə baş verən hadisələri Moskva ilə Qərb arasında açıq qarşıdurmaya aparan dönüş nöqtəsi kimi təqdim edir.
Lenin və Klauzevitsə istinad
Məqalənin sonunda müəllif məşhur alman hərbi nəzəriyyəçisi Karl fon Klauzevitsin "müharibə siyasətin başqa vasitələrlə davamıdır" fikrinə istinad edir. Onun qənaətincə, Ukraynadakı müharibə də uzun illər formalaşmış siyasi və geosiyasi proseslərin nəticəsidir.
Müəllif eyni zamanda Vladimir Leninin Birinci Dünya müharibəsi ilə bağlı fikirlərini xatırladaraq bildirir ki, hər hansı müharibəni onu doğuran əvvəlki siyasi proseslərdən ayrı şəkildə qiymətləndirmək mümkün deyil.
Nəşrin nəticəsinə görə, hazırkı Rusiya-Qərb qarşıdurması qəfil yaranmış hadisə deyil, onilliklər ərzində formalaşmış siyasi, iqtisadi və geosiyasi ziddiyyətlərin davamıdır.