Son həftələr müşahidə olunan intensiv və uzunmüddətli yağıntılar kənd təsərrüfatına mümkün təsirlərlə bağlı narahatlıqları artırıb. Hava şəraitində baş verən kəskin dəyişikliklərin məhsuldarlığa, ərzaq bazarında təklifə və qiymətlərə necə təsir göstərəcəyi müzakirə olunan əsas məsələlərdəndir. Mövcud vəziyyətin kənd təsərrüfatı sektoruna təsiri və gözlənilən risklərlə bağlı suallarımızı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Moderator.az-a açıqlamasında cavablandırıb.







Ekspert bildirib ki, qlobal iqlim dəyişikliklərinin təsiri artıq elə bir həddə çatıb ki, hava şəraitini əvvəlcədən dəqiq proqnozlaşdırmaq getdikcə çətinləşir:


"Bunu Milli Hidrometeorologiya Xidmətinin açıqladığı proqnozlarda da müşahidə etmək mümkündür. Bəzən hava şəraiti o qədər sürətlə dəyişir ki, əvvəlcədən verilən proqnozlar tam özünü doğrultmur. Bu isə qlobal iqlim dəyişikliklərinin yaratdığı reallıqdır. Temperatur qısa müddət ərzində 8-10 dərəcə aşağı enə və ya yüksələ bilir. Son dövrlərdə apardığımız müşahidələr göstərir ki, dünyada iqlim dəyişikliklərinin yaratdığı anomaliyalar getdikcə daha qabarıq şəkildə özünü büruzə verir. Xüsusilə Avropada qlobal iqlim dəyişiklikləri fonunda hava şəraiti kəskin dəyişir və bu, bütün sahələrə öz təsirini göstərir.


Azərbaycanda isə vəziyyət müəyyən qədər fərqlidir. Ölkəmizin iqlim xüsusiyyətləri nəzərə alınarsa, bəzi regionlarda, xüsusilə dağlıq ərazilərdə daha çox dolu düşür və kənd təsərrüfatına əsas zərəri də məhz dolu və don hadisələri vurur. İntensiv yağışlar isə bir o qədər ciddi ziyan yaratmır. Çünki bu yağıntılar əsasən aran və dağ rayonlarında müşahidə olunur və həmin ərazilərdə əsasən bitkiçiliklə məşğul olunur. Bitkiçilik baxımından, xüsusilə qısamüddətli intensiv yağışların ciddi mənfi təsiri olmur, əksinə, onların müsbət təsiri daha çox hiss edilir. Məsələn, ötən il yağışlar təxminən 20 gün davam etdi, havanın temperaturu aşağı düşdü. Buna baxmayaraq, kənd təsərrüfatı istehsalında ciddi azalma qeydə alınmadı. Əksinə, bu il istehsalda artım müşahidə olunur. Xüsusilə buğda, eləcə də müəyyən qədər arpa istehsalında artım gözlənilir".


Vahid Məhərrəmli vurğulayıb ki, burada əsas məsələ məhsul yığımının düzgün təşkil edilməsidir:


"Biz əvvəllər də qeyd etmişik ki, kifayət qədər kombayn cəlb olunmalıdır ki, yağışlı hava şəraitində belə taxıl biçini normal qaydada həyata keçirilsin və məhsul itkisinə yol verilməsin. Bu məsələdə insan amili də mühüm rol oynayır. Son vaxtlar Azərbaycanda meyvə-tərəvəzin qiymətində artım müşahidə edilir. Lakin bu artım intensiv yağışlar və ya məhsuldarlığın azalması ilə bağlı deyil. Əsas səbəb ondan ibarətdir ki, son dövrlərdə, xüsusilə bu il ixracatçılar meyvə-tərəvəz məhsullarını daha çox Rusiya Federasiyasına ixrac etməyə başlayıblar. Hətta Moskvadan əldə etdiyimiz məlumata görə, pomidorun, gilasın, şaftalının və nektarinin qiyməti Azərbaycanla müqayisədə 30-40 faiz aşağıdır. Halbuki həmin məhsullar logistika xərcləri də daxil olmaqla Azərbaycandan Rusiyaya göndərilir və normalda orada daha baha satılmalıdır. Qış mövsümündə də bunun şahidi olmuşduq.


Hökumətin daxili bazarı qorumaq üçün müxtəlif alətləri mövcuddur və onlardan istifadə edilməlidir. Məsələn, ixrac rüsumu tətbiq olunmalı və ya artıq tətbiq edildiyi hallarda onun artırılması nəzərdən keçirilməlidir. Daxili bazarda elə şərait yaradılmalıdır ki, istehsalçılar məhsullarını ölkə daxilində satmaqda maraqlı olsunlar. Hazırda bəzi hallarda monopoliyanın mövcudluğu səbəbindən istehsalçılar məhsullarını xaricə çıxarmağa üstünlük verirlər, Bakı bazarına çıxış imkanları isə məhdud qalır. Bu problem həll edilməlidir ki, daxili bazarda qiymət artımının qarşısı alınsın".


Ekspert əlavə edib ki,ümumilikdə, bu il taxıl məhsulları ilə yanaşı, kartof istehsalında da artım gözlənilir. Azərbaycanın torpaq-iqlim şəraiti bəzi rayonlarda ildə iki dəfə kartof əkini aparmağa imkan verir:


Məsələn, Şəmkir rayonunun Sabirkənd kəndində ildə iki dəfə kartof əkini həyata keçirilir. Burada əsas məsələ bazara çıxış imkanlarının hamı üçün bərabər təmin olunmasıdır. Ayrı-seçkiliyə yol verilməməlidir. Digər mühüm məsələ isə məhsulun saxlanılmasıdır. Hökumət xüsusilə kartof və soğan istehsalçılarına dəstək verməlidir. Çünki soyuducu anbarların olmaması səbəbindən məhsul ya tarlada məhv olur, ya da primitiv şəraitdə saxlandığı üçün itkiyə məruz qalır. Fermerlərə güzəştli kredit resursları təqdim edilməlidir ki, onlar birləşərək müasir soyuducu anbarlar inşa edə bilsinlər. Belə anbarlarda temperaturun davamlı olaraq müsbət 3-4 dərəcə səviyyəsində saxlanılması vacibdir. Yalnız bu halda kartof və soğanı uzun müddət keyfiyyətini itirmədən saxlamaq mümkündür.


Bu problemlər uzun illərdir mövcuddur və hökumət onların həlli istiqamətində vaxtında addımlar atmalıdır ki, gələcəkdə eyni problemlərlə yenidən üzləşməyək.

Onu da qeyd edim ki, biz hələ 2010-cu ildə bu məsələ ilə bağlı araşdırmalar aparmışdıq. Təəssüf ki, gələcəkdə iqlim şəraiti daha da pisləşəcək. İntensiv yağışlar və dolu hadisələri daha tez-tez müşahidə olunacaq, onların sayı da getdikcə artacaq. Bunun əsas səbəbi atmosferə istilik effekti yaradan qazların emissiyasının artmasıdır. Nəticədə hava daha çox qızır, bu isə suyun daha sürətlə buxarlanmasına gətirib çıxarır. Bunun nəticəsində intensiv yağıntılar və dolu hadisələri daha da artır. Üstəlik, dolunun ölçüsü də böyüyür. Əvvəllər qoz böyüklüyündə dolu müşahidə olunurdusa, indi bəzi ölkələrdə quş, hətta toyuq yumurtası böyüklüyündə dolu düşür. Bu isə xüsusilə kənd təsərrüfatı üçün olduqca ciddi problemlər yaradır".


Pərvin Şakirqızı