8 avqustda Vaşinqtonda Azərbaycan-Ermənistan sülh gündəliyi baxımından mühüm nəticələrin əldə olunması Cənubi Qafqazda yeni imkanların formalaşmasına zəmin yaratdı.


Bu nəticələr yalnız siyasi müstəvidə deyil, regionun gələcək iqtisadi və nəqliyyat perspektivləri baxımından da mühüm imkanlar ortaya çıxardı. Xüsusilə regional kommunikasiyaların açılması istiqamətində yaranan yeni siyasi şərait diqqəti TRİPP layihəsinə yönəldir.






Bəs, bu prosesin davamı kimi TRİPP layihəsinin reallaşması regionun nəqliyyat və iqtisadi xəritəsinə necə təsir göstərə bilər, layihənin real icra mərhələsinə nə zaman keçməsi gözlənilir və Azərbaycan bu yeni reallıqdan hansı strateji üstünlükləri əldə edə bilər?


Moderator.az-ın suallarını Milli Məclisin deputatı Elnarə Akimova cavablandırıb.


Deputat bildirib ki, 8 avqustda Vaşinqtonda Azərbaycan-Ermənistan sülh gündəliyi üzrə əldə olunan razılaşmalar Cənubi Qafqazın həm siyasi, həm də iqtisadi və nəqliyyat gələcəyi baxımından yeni mərhələnin əsasını qoydu:


"Bu prosesin ən mühüm nəticələrindən biri regional kommunikasiyaların açılması üçün siyasi zəminin güclənməsidir. Bu baxımdan TRİPP layihəsi sadəcə yeni bir yol və ya dəmir yolu xətti deyil, Cənubi Qafqazın geoiqtisadi xəritəsini dəyişə biləcək strateji layihədir.



TRİPP-in reallaşması ilə Azərbaycan əsas ərazisindən Naxçıvana və oradan Türkiyəyə çıxan yeni, daha əlverişli nəqliyyat bağlantısı əldə edə bilər. Bu, uzun illərdir regionun nəqliyyat sistemində mövcud olan parçalanmışlığın aradan qalxmasına xidmət edəcək. 


Ən mühüm məqam isə odur ki, söhbət yalnız Azərbaycanın Naxçıvanla əlaqəsinin asanlaşmasından getmir. Bu xətt Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin imkanlarını bir-biri ilə daha sıx bağlayan yeni logistika arteriyasına çevrilə bilər.


Layihənin real əhəmiyyəti məhz burada üzə çıxır. Azərbaycan artıq Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və inkişaf etdirilən Orta Dəhliz vasitəsilə Asiya ilə Avropa arasında mühüm tranzit platformaya çevrilib. TRİPP-in bu sistemə inteqrasiyası Azərbaycanın nəqliyyat xəritəsindəki mövqeyini daha da gücləndirə bilər. Mərkəzi Asiyadan Xəzər üzərindən Azərbaycana gələn yüklərin daha sonra Naxçıvan və Türkiyə istiqamətində hərəkət etməsi üçün yeni imkan yaranacaq.


Beləliklə, Azərbaycan yalnız tranzit ölkə deyil, müxtəlif nəqliyyat marşrutlarının kəsişdiyi regional logistika mərkəzi statusunu möhkəmləndirə bilər".


Elnarə Akimova vurğulayıb ki, layihənin icra müddətinə gəldikdə isə burada müəyyən ehtiyatlılıq vacibdir:


"Vaşinqtonda əldə olunmuş siyasi razılaşmalar layihənin qarşısındakı əsas siyasi maneələrdən birini zəiflədib, lakin real tikinti mərhələsinə keçid texniki, hüquqi, maliyyə və infrastruktur məsələlərinin həllindən asılıdır. TRİPP üzrə institusional mexanizmlərin formalaşdırılması, marşrutun layihələndirilməsi və tikinti işlərinin başlanması mərhələli proses olacaq. 


Bu səbəbdən layihənin dərhal tam gücü ilə fəaliyyətə başlamasını gözləmək doğru olmaz. Əsas məsələ siyasi razılaşmanın kağız üzərində qalmaması və konkret texniki işlərin ardıcıl şəkildə başlanmasıdır. Prosesin sürətlə aparılması halında layihənin yaxın illərdə real tikinti mərhələsinə keçməsi və sonrakı mərhələdə istismara verilməsi mümkündür.


Azərbaycan üçün bu layihənin ən böyük üstünlüklərindən biri Naxçıvanın nəqliyyat blokadasının faktiki olaraq aradan qalxmasıdır.


Bu, həm ölkənin ərazi bütövlüyü daxilində nəqliyyat əlaqələrinin gücləndirilməsi, həm də Naxçıvanın iqtisadi potensialının tam şəkildə üzə çıxarılması deməkdir. Naxçıvan gələcəkdə yalnız Azərbaycanın digər bölgələri ilə daha intensiv əlaqələnən muxtar ərazi deyil, eyni zamanda Türkiyə və daha geniş türk dünyası ilə Azərbaycanın əsas ərazisini birləşdirən mühüm logistika qovşağına çevrilə bilər".


Millət vəkili əlavə edib ki, burada məsələnin iqtisadi tərəfi də son dərəcə əhəmiyyətlidir:


"Nəqliyyat dəhlizi fəaliyyətə başladıqca yolboyu logistika mərkəzlərinin, anbar komplekslərinin, gömrük və xidmət infrastrukturlarının, sənaye və ticarət obyektlərinin yaradılması üçün imkanlar genişlənəcək. Bu isə yeni iş yerləri, əlavə investisiyalar və regionların iqtisadi fəallığının artması deməkdir. Nəqliyyat xətti üzərində yerləşən ərazilər sadəcə yükün keçdiyi coğrafiya deyil, iqtisadi dəyərin formalaşdığı məkanlara çevrilə bilər.


TRİPP-in digər mühüm nəticəsi Ermənistanın da regional iqtisadi sistemə inteqrasiyasına imkan yaratmasıdır. Uzun illər qapalı qalan kommunikasiyaların açılması Ermənistan üçün də yeni tranzit və iqtisadi imkanlar yarada bilər. Beləliklə, Azərbaycan-Ermənistan münasibətlərində sülh yalnız siyasi sənədlərlə deyil, qarşılıqlı iqtisadi maraqlarla möhkəmlənə bilər. Bir ölkənin digər ölkə ilə ticarət və nəqliyyat əlaqələrindən iqtisadi fayda əldə etməsi sülhün davamlılığı üçün mühüm təminatlardan biridir.


Layihənin geosiyasi çəkisi isə bundan daha böyükdür. Cənubi Qafqaz uzun illər müxtəlif güclərin rəqabət meydanı olub. İndi isə regionun qarşısında yeni seçim dayanır: kommunikasiya xətlərinin bağlandığı coğrafiya olaraq qalmaq, yaxud Şərqlə Qərbi birləşdirən açıq iqtisadi məkan olmaq. TRİPP ikinci variantın reallaşmasına xidmət edə bilər. Bu baxımdan layihə yalnız Azərbaycan-Ermənistan münasibətlərinin deyil, bütün regionun gələcək təhlükəsizlik və iqtisadi arxitekturasının elementidir".


Deputat son olaraq bildirib ki, Azərbaycan üçün ən mühüm strateji qazanc isə geoiqtisadi əhəmiyyətinin daha da yüksəlməsidir:


"Enerji resursları ilə Avropanın enerji təhlükəsizliyinə töhfə verən Azərbaycan artıq nəqliyyat və logistika sahəsində də əvəzolunmaz tərəfdaş mövqeyini möhkəmləndirir. Enerji dəhlizlərinə nəqliyyat dəhlizlərinin əlavə olunması ölkənin regional və qlobal əhəmiyyətini daha da artırır.


Bundan başqa, TRİPP Azərbaycan-Türkiyə əlaqələrinin iqtisadi və strateji dərinliyini yeni səviyyəyə çıxara bilər. Naxçıvan üzərindən birbaşa nəqliyyat bağlantısının güclənməsi iki qardaş ölkə arasında yükdaşıma, ticarət, turizm və investisiya imkanlarını genişləndirəcək. Daha geniş perspektivdə isə bu xətt Türk dünyasının qərb və şərq hissələri arasında fiziki bağlantıların möhkəmlənməsinə xidmət edə bilər.


Əslində, bu layihəyə bir dəmir yolu və avtomobil yolu layihəsi kimi baxmaq onun əsl mahiyyətini kiçiltmək olar. TRİPP Azərbaycanın Vətən müharibəsindən sonra yaratdığı yeni regional reallığın iqtisadi ifadələrindən biridir. Azərbaycan hərbi yolla öz ərazi bütövlüyünü bərpa etdi, diplomatik müstəvidə sülh gündəliyini irəli apardı, indi isə həmin siyasi nəticələrin iqtisadi və nəqliyyat imkanlarına çevrilməsi mərhələsinə qədəm qoyur.


Əgər siyasi iradə texniki icra ilə tamamlanarsa, TRİPP Cənubi Qafqaz üçün yeni dövrün simvollarından birinə çevrilə bilər. Qarşıdakı illərdə regionda yolların yalnız yük daşımadığını, həm də sülhü, investisiyanı, ticarəti və qarşılıqlı asılılığı daşıdığını görə bilərik. 


Azərbaycanın qazancı isə təkcə yeni nəqliyyat xəttindən ibarət olmayacaq: ölkəmiz Şərqlə Qərb arasında formalaşan yeni geoiqtisadi sistemin əsas qovşaqlarından birinə çevrilərək öz strateji çəkisini daha da artıracaq".


Pərvin Şakirqızı