“Ruslar müharibə istəyirmi” sualı ətrafında Rusiya cəmiyyətinin, siyasi elitasının müharibəyə münasibəti ətrafında müəyyən fikirlər və Ukrayna müharibəsinin timsalında dünyada formalaşan qənaət haqqında hələ çox danışılacaq. İndi isə Rusiya sentyabrda keçiriləcək Duma seçkilərinə hazırlaşır və siyasi partiyaların son günlərdə müharibə haqqında mövqeləri bu məsələyə yenidən qayıtmağı zəruri etdi. Sonuncu seçki ilə formalaşan və 4 il 11 aydır fəaliyyət göstərən Duma, demək olar ki, “SVO” ( Xüsusi Hərbi Əməliyyat) adlanan müharibə ilə yaşıddır. Bu illərdə Duma SVO-nu, yəni Ukraynaya qarşı aparılan genişmiqyaslı müharibəni  “Rusiya, Putin, Qələbə” şüarları səsləndirməklə müharibəyə dəstək nümayiş etdirib.
 




Rusiyada heç vaxt şəffaf seçkilər keçirilməyib, amma bu dəfəki seçki yarışında yaranmış vəziyyət əvvəlkilərdən fərqlidir. Rusiyada hakimiyyət uğrunda mübarizə aparan real müxalifət yoxdur, yalnız “sistemli müxalifət”-yəni hakimiyyətin satelliti rolunda çıxış edən partiyalar var. Seçkilərdə 11 partiyanın iştirakı qeydə alınıb. Sadəcə, bu partiyaların içərisində yeganə “Yabloko” partiyası seçkilərə “müharibə dayansın” şüarı ilə getdiyini elan edib. Putin hakimiyyəti üçün isə “müharibə”, yoxsa “sülh” məsələsi Hamletin “olum, ya ölüm” dilemması qədər mürəkkəb bir vəziyyət yaradıb. Belə olduqda, son zamanlar Rusiyada yaranmış yanacaq böhranı, iqtisadi çətinliklər, canlı qüvvə itkisinin çoxalması, Moskva və Sankt Peterburq da daxil olmaqla Rusiyanın dərinliklərinə edilən dron hücumları, Krımın faktiki mühasirəyə alınması seçkilərə “müharibə dayansın” şüarı ilə gedən “Yabloko” partiyasını daha populyar və güclü edə bilər. Görünür elə bu səbəbdən hakim “Vahid Rusya” partiyası deyil, Jirinovskinin partiyası kimi tanınan Liberal Demokrat partiyası, Kommunist partiyası, “Vətən” partiyası, Mironovun rəhbərlik etdiyi “ Spravedlivaya partiya” Kremldən gələn göstərişlər əsasında “Yabloko”ya qarşı hücuma keçib və onun seçkidə iştirakının ləğv edilməsi üçün məhkəməyə müraciət ediblər. Bu gün, Avqustun 10-da Məhkəmə bu işə baxıb qərar verəcək. Mümkündür ki, “Yabloko”nun qeydiyyatı ləğv edilsin, çünki işə baxacaq hakim Kirillov deyilən şəxs indiyədək Kremldən gələn siyasi göstərişləri hüquq prinsiplərini gözləmədən qərar verən şəxs kimi tanınır. Nəzərə alsaq ki, müharibə əleyhinə olan, partiya mənsubiyyəti olmayan və müstəqil deputat olmaq niyyətini açıqlayan Boris Nadejdin adlı şəxs “inoagent” adlandırılaraq siyasi proseslərdən uzaqlaşdırılırsa, bütöv bir partiyanın yarada biləcəyi gərginliyi yaşamamaq üçün “Yabloko”nu da uzaqlaşdıra bilərlər. Düzdür qeyd etdiyimiz kimi Rusiyada şəffaf seçkilər keçirilmir, amma “Yabloko”nun mövqeyi seçkiyə marağı artıracaq və iştirakçıların sayı çox olacaq. İştirakçıların sayı çox olanda isə saxtalaşdırma daha çətin olur. 
 
“Yabloko” üzərinə gedən partiya liderləri açıq şəkildə müharibəni davam etdirməyi təbliğ və tələb edirlər, əks mövqedə olanları, siyasi təşkilatı belə vətən xainləri adlandıraraq yalnız “qələbə”dən sonra SVO-nu dayandıracaqlarını qışqıraraq söyləyirlər. Seçkidə rəsmən iştirak edəcək 11 partiyanın biri istisna olmaqla hamısı müharibə istəyir. Əslində, bu yenilik deyil, Rusiya tarixinə baxanda  XVI əsrdən başlayaraq bu günədək Rusiyanın işğalçı siyasətinin, imperiya ambissiyalarının dəyişmədiyi ortadadır.
 
“Yabloko”nun anti müharibə və azadlıq şüarından sonra Rusiyadan kənarda yaşayan, “inoagent” adlandırılan müxalif şəxslər, o cümlədən Yulya Navalnaya birmənalı olaraq Rusiya cəmiyyətini “Yabloko”ya səs verməyə çağırıb. Son iki gündə “Yabloko”ya yazılan gənclərin sayının sürətlə artdığı müşahidə olunur. Yeri gəlmişkən, “inoagent” adı verilən şəxslər bu adla fəxr etdiklərini, hətta medal kimi sinələrinə taxacaqlarını bildirirlər, çünki bütün dünya, o cümlədən Rusiya cəmiyyəti bu şəxslərin həqiqəti danışdıqlarına görə bu yarlıqla “mükafatlandıqlarını” bilir.
 
 Məsələnin məkrli tərəfləri də istisna edilmir. “Yabloko” seçkilərə buraxıla bilər və nəticələri saxtalaşdırıb partiyanın cəmi 2-3 faiz səs qazandığını elan edə bilərlər. Bu, o fikri formalaşdıracaq ki, Rusiya cəmiyyəti sülhün yox, atəşkəsin yox, Putin müharibəsinin tərəfindədir ( ən azı müharibənin dörd ilinə nəzər salanda burada həqiqət payı var). O zaman seçkilərdən sonra hissə-hissə məcburi səfərbərlik həyata keçirilə bilər və bu səfərbərliyə etiraz edənlərin bəri başdan cavabı verilmiş olur: xalq müharibəyə son vermək istəyən “Yabloko” siyasətini deyil, Putinin işğalçı müharibəsinin tərəfdarı olduğunu seçkidə “təsdiq” edib.
 
Əks proses necə? Müharibəni bütün həyatında hiss edən və əzab çəkən, amma susan cəmiyyət “Yabloko”ya səs verib nəticəni görməyəndə kütləvi etiraz edə bilərmi? Bu gündən baxanda və imperiya ambisiyalarının hələ təfəkkürlərdən tam silinmədiyini görəndə, əlbəttə inanmaq çətindir. Həm də, ilk növbədə ruslar özləri yaxşı bilir ki, Rusiyada heç vaxt seçki ilə hakimiyyət dəyişməyib və indiki seçkilərlə də Putin hakimiyyətinə təsir edə bilməyəcəklər. Amma, Rusiya tarixində inqilablar da az olmayıb. Artıq seçkidən sonra güc yolu ilə Putin hakimiyyətini dəyişməyə çağırışlar səslənir və bildirirlər ki, SVO-çu “SVOloçları” cəzalandıracaqlar. Bu mənada sentyabr seçkisi fürsətə çevrilə bilər. Payıza çox qalmayıb...
 
İlham İsmayıl