Samux rayonunda qeydə alınmış qarayara hadisəsi ilə bağlı aparılan laborator müayinələr nəticəsində bir nəfərdə xəstəlik təsdiqlənib, xəstə heyvanla təmasda olan şəxslər isə tibbi nəzarətə götürülərək izolyasiya olunublar. Aidiyyəti dövlət qurumları bildirirlər ki, hazırda zəruri epidemioloji tədbirlər görülür, əhali arasında geniş yayılma qeydə alınmayıb və vəziyyət nəzarət altındadır.
Bununla belə, hadisə zoonoz infeksiyalarla mübarizədə profilaktik tədbirlərin və ictimai maarifləndirmənin əhəmiyyətini bir daha gündəmə gətirir.
Qeydə alınan bu hadisə zoonoz infeksiyalarla mübarizədə profilaktik tədbirlərin effektivliyini yenidən gündəmə gətirib. Bəs, qarayara kimi təhlükəli xəstəliklərin qarşısının alınması üçün baytarlıq nəzarəti, epizootik və epidemioloji monitorinq, eləcə də əhalinin maarifləndirilməsi istiqamətində hansı əlavə addımlar atılmalıdır?
Hazırda tətbiq olunan profilaktik mexanizmlər bu cür risklərin vaxtında aşkarlanması və qarşısının alınması baxımından kifayət qədər effektivdirmi?
Mövzu ilə bağlı Moderator.az-a tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının professoru Adil Qeybulla açıqlama verib.
Professor qeyd edib ki, Sibir xorası çox təhlükəli infeksion xəstəliklərdən biridir:
"Qeyd edim ki, xalq arasında qara yara kimi tanınan infeksiyanın tibbi adı məhz Sibir xorasıdır. Bu xəstəlik xüsusi Bacillus anthracis bakteriyası tərəfindən törədilir. Xəstəliyin törədicisi olan bu bakteriyalar torpaqda hətta 100 ilə qədər yaşamaq qabiliyyətinə malikdir. Onlar spor formasına keçərək uzun müddət torpaqda, suda və digər mühitlərdə həyat qabiliyyətini qoruyub saxlayırlar.
Məhz buna görə də vəhşi təbiətdə bəzən eyni su hövzəsindən istifadə edən begemotlar yoluxur və infeksiyanı bir-birlərinə ötürərək kütləvi tələf olurlar. Yəni xəstəlik heyvanlar arasında çox asanlıqla yayılır. İnfeksiya əsasən xəstə heyvanın dərisi, yoluxmuş toxumaları, yaralardan ifraz olunan mayelər, həmin mayelərdə olan mikroorqanizmlər, eləcə də yoluxmuş ətin istifadəsi nəticəsində ötürülür".
Adil Qeybulla qeyd edib ki, insanlara da xəstəlik ən çox yoluxmuş ət və dəri ilə təmas zamanı keçir:
"Bu, zoonoz infeksiyadır. Lakin nəzərə almaq lazımdır ki, müəyyən hallarda insan da infeksiyanı digər insana ötürə bilər. İnfeksiya orqanizmə daxil olduqdan sonra ilk olaraq yoluxma nahiyəsində dəridə düyün əmələ gəlir, daha sonra yara formalaşır və həmin yaranın mərkəzində qara rəngli örtük — nekrotik ərp yaranır. Xəstəliyin qara yara adlandırılması da məhz bununla bağlıdır.
Bu nekrotik ərp Sibir xorasının ən xarakterik əlamətlərindən biri olduğuna görə xəstəliyin tanınmasını xeyli asanlaşdırır. Xəstəlik ağır intoksikasiya ilə başlayır. İlkin mərhələdə əlamətlər qripi xatırladır: üşütmə, yüksək hərarət, halsızlıq, əzələ və bel ağrıları müşahidə olunur. Sonrakı mərhələlərdə arterial təzyiqin enməsi, şok vəziyyəti və sonda ölüm baş verə bilər. Ümumiyyətlə, xəstəlik zamanı ən çox zədələnən orqanlardan biri də qaraciyərdir.
Qara yara, yəni Sibir xorası təhlükəli infeksiyalar qrupuna aid olduğuna görə bioloji silah kimi istifadə oluna biləcək xəstəliklər sırasında da göstərilir. Yəni hər hansı bioloji silahdan istifadə ediləcəyi təqdirdə, bu infeksiyadan da istifadə olunması mümkündür.
Harada qara yara aşkarlanırsa, dərhal karantin rejimi tətbiq edilməlidir. Xəstələnmiş heyvan və ya insan təcili izolyasiya olunmalı və müalicəyə cəlb edilməlidir. Heyvanlar adətən məhv edilir, insanlar isə müalicə olunur və infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülür. Sibir xorasının yayılmasının qarşısını almağın ən effektiv yolu məhz karantin və izolyasiya tədbirlərinin vaxtında həyata keçirilməsidir".
Pərvin Şakirqızı