Abxaziya və Cənubi Osetiya məsələsi yenidən Gürcüstanın xarici siyasəti və regional təhlükəsizlik müzakirələrinin diqqət mərkəzindədir.
Son dövrdə Tiflisin Rusiya ilə münasibətlərinin perspektivi, ölkənin təhlükəsizlik strategiyası və mümkün geosiyasi seçimləri ətrafında səslənən fərqli yanaşmalar bu mövzuya marağı artırıb.
Mövcud geosiyasi reallıqları nəzərə alsaq, Tiflisin hərbi qarşıdurmadan yayınaraq diplomatik xətti üstün tutması Abxaziya və Cənubi Osetiya məsələsinin həlli üçün real imkan yarada bilərmi? Belə bir yanaşma Cənubi Qafqazın təhlükəsizlik balansına və Azərbaycanın enerji-logistika maraqlarına hansı təsirləri göstərə bilər?
Mövzu ilə bağlı Moderator.az-a sabiq deputat, siyasətçi Elşad Mirbəşiroğlu açıqlama verib.
Elşad Mirbəşiroğlu qeyd edib ki, bəli, son illərdə Gürcüstanın xarici siyasətində, eləcə də regional münasibətlər sistemində diqqətçəkən bir tendensiya müşahidə olunur:
"Bu tendensiya ondan ibarətdir ki, Gürcüstan maksimum dərəcədə balanslı xarici siyasət yürütməyə çalışır. Bunu klassik mənada neytral xarici siyasət adlandırmaq olmaz. Çünki görürük ki, Gürcüstan aktiv şəkildə şaxələndirilmiş xarici siyasət həyata keçirir. Sadəcə olaraq çalışır ki, hər hansı bir bloka həddindən artıq inteqrasiya etməsin. Yəni Gürcüstan öz mövqeyini tərəflər arasında balansı pozacaq səviyyəyə çatdırmamağa çalışır.
Vaxtilə görürdük ki, Gürcüstan, xüsusilə də Mixail Saakaşvilinin rəhbərliyi dövründə, olduqca aktiv şəkildə Avropa İttifaqına inteqrasiya xəttini seçmişdi və Avropa İttifaqı ilə Gürcüstan arasında kifayət qədər ciddi yaxınlaşma baş vermişdi. Hətta Gürcüstanın Konstitusiyasında da Avropa İttifaqına inteqrasiya məsələsi təsbit olunub. Bu da onu göstərir ki, Gürcüstan vaxtilə öz geosiyasi oriyentirini aydın şəkildə konseptual əsasda formalaşdırmışdı.
Amma həmin dövrdə nə baş verdi?
Gördük ki, Gürcüstanla Rusiya arasında münasibətlər həddindən artıq gərginləşdi, iqtisadi əlaqələr tamamilə kəsildi və Rusiya bazarı Gürcüstanın üzünə bağlandı. Nəzərə almaq lazımdır ki, Rusiya bazarı Cənubi Qafqaz ölkələri üçün böyük və əhəmiyyətli bazardır. Ona görə də Gürcüstan kimi bir ölkənin yaxın coğrafiyada yerləşən bazarlara rahat çıxış imkanının olması, sözsüz ki, onun iqtisadiyyatı üçün çox vacibdir".
Siyasətçi vurğulayıb ki, Saakaşvilidən sonrakı hakimiyyət daha praqmatik siyasət yürütməyə başladı:
"Yəni həm Avropa İttifaqı ilə əlaqələrin saxlanılmasına çalışır, həm də Rusiya ilə münasibətlərin normallaşdırılmasına və iqtisadi əlaqələrin inkişafına üstünlük verir. Lakin görürük ki, bu da Gürcüstan üçün heç də asan başa gəlmir. Çünki Avropa İttifaqı artıq Gürcüstanın seçdiyi yeni xarici siyasət kursu ilə razılaşmır.
Xüsusilə də 2024-cü ildə Gürcüstan Parlamenti tərəfindən "Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbul edilməsi Avropa siyasi dairələrində ciddi narahatlıq yaratdı. Onlar bunun Gürcüstanda vətəndaş cəmiyyətinin inkişafına mənfi təsir göstərə biləcəyini əsaslandırmağa çalışırdılar. Lakin bütün bunlara baxmayaraq, qanun qəbul olundu və hazırda Gürcüstanla Avropa İttifaqı arasında müəyyən gərginlik yaşanır.
Bununla belə, Gürcüstan tərəfi rəsmi səviyyədə bəyan edir ki, Avropa İttifaqı ilə münasibətlərin inkişaf etdirilməsində maraqlıdır. Eyni zamanda, Rusiyaya qarşı formalaşan cəbhədə də yer almır. Məsələn, Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qoşulmur. Halbuki Avropa İttifaqı bunu arzulayır və bununla bağlı Gürcüstana zaman-zaman təzyiqlər də göstərib. Amma Gürcüstan bu addımı atmadı.
Əvəzində Rusiya bazarları ardıcıl şəkildə Gürcüstan məhsullarının üzünə açılmağa başladı. Gürcüstan iqtisadiyyatında ciddi dirçəliş müşahidə olundu. Rusiyalı turistlərin ölkəyə axını artdı və bu da iqtisadi inkişafa müsbət təsir göstərdi. Hətta bəzi Rusiya şirkətləri, xüsusilə turizm sektorunda, Gürcüstana sərmayə yatırmağa başladılar.
Bu baxımdan Gürcüstan bu gün balanslı siyasət yürüdür. Amma Rusiya ilə təmaslar qurarkən də özünün əsas strateji və milli maraqlarından geri çəkilmir. Məsələn, Cənubi Osetiya və Abxaziya məsələsində Gürcüstan prinsipial mövqeyini qoruyur və bildirir ki, Rusiya Cənubi Osetiya və Abxaziyanı Gürcüstanın ərazisi kimi tanıyacağı təqdirdə diplomatik münasibətlərin bərpası mümkün ola bilər".
Elşad Mirbəşiroğlu əlavə edib ki, Gürcüstanın bu gün həyata keçirdiyi xarici siyasət strategiyası böyük güclərdən hər hansı birinə birtərəfli qaydada qoşulmamaqdan, balanslı və şaxələndirilmiş xarici siyasətə üstünlük verməkdən ibarətdir:
"Gürcüstan da bu siyasəti mümkün qədər davam etdirməyə çalışır. Etiraf etmək lazımdır ki, Gürcüstanın yerləşdiyi Cənubi Qafqaz olduqca mürəkkəb geosiyasi məkandır. Çünki bu region böyük güclərin maraqlarının kəskin şəkildə toqquşduğu bir bölgədir. Bu baxımdan burada manevr imkanları da məhdud olur. Buna baxmayaraq, görürük ki, Gürcüstan balanslı xarici siyasət kursunu davam etdirir.
Düşünürəm ki, bu, bütövlükdə region, eləcə də Azərbaycanla əməkdaşlıq baxımından çox vacibdir. Çünki Azərbaycanın təşəbbüskarı və əsas iştirakçısı olduğu bir sıra mühüm beynəlxalq strateji layihələr Gürcüstan ərazisindən keçir. Bu baxımdan Gürcüstanın açıq hərbi qarşıdurmalardan yayınaraq balanslı xarici siyasət yürütmək cəhdləri regiondakı həm enerji, həm də nəqliyyat-logistika layihələrinin sabit fəaliyyət göstərməsinə və inkişafına müsbət təsir edir.
Nəzərə almaq lazımdır ki, hazırda Orta Dəhliz layihəsi çox aktiv şəkildə inkişaf etdirilir və Gürcüstan bu marşrutun ən mühüm həlqələrindən birini təşkil edir. Bu, əsasən Gürcüstan üzərindən keçən tranzit xəttidir. Sözsüz ki, Gürcüstan qonşularla dinc və konstruktiv münasibətlər qurmağı bacarırsa, eyni zamanda özü üçün qırmızı xətt hesab etdiyi məsələlərdə milli maraqlarını qoruyursa, düşünürəm ki, bu, bütövlükdə regionun inkişafına və əməkdaşlıq mühitinə çox müsbət təsir göstərə bilər. Nəzərə almaq lazımdır ki, Cənubi Qafqaz regionunun bundan sonrakı geosiyasi və geoiqtisadi əhəmiyyəti daha da artacaq".
Pərvin Şakirqızı