"Azərbaycan–Özbəkistan münasibətlərində növbəti mərhələ artıq dostluq və tərəfdaşlıq çərçivəsini aşaraq daha çox strateji məsələlərə söykənəcək. Qarşıdakı dövr təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın institusional əsaslar üzərində qurulması mərhələsidir".


Bu fikirləri Moderator.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, millət vəkili Arzu Nağıyev bildirib. 






Deputat qeyd edib ki, Azərbaycanın Cənubi Qafqazda qazandığı hərbi təcrübə ilə Özbəkistanın Mərkəzi Asiyadakı geosiyasi çəkisinin uzlaşdırılmasının vaxtı artıq çoxdan çatıb. Bu, türk dünyasının təhlükəsizlik arxitekturasında yeni bir mərhələnin başlanğıcı ola, əməkdaşlığa tamamilə yeni məzmun qazandıra bilər:


"Ən vacib məqam isə ondan ibarətdir ki, bu əməkdaşlıq heç bir üçüncü ölkəyə qarşı yönəlmir. Bu, hərbi blok deyil. Əksinə, milli suverenliyin, ərazi bütövlüyünün, sərhəd təhlükəsizliyinin və regional sabitliyin qorunmasına xidmət edən əməkdaşlıq mexanizmidir. Məhz bu yanaşma həm Bakı, həm də Daşkənd üçün geniş diplomatik manevr imkanları yaradır.


Azərbaycan–Özbəkistan münasibətləri artıq qeyd etdiyim kimi, sadəcə strateji tərəfdaşlıq mərhələsi ilə məhdudlaşmır. Məlum məsələdir ki, həm 2024-cü, həm də 2025-ci illərdə siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlıq daha da genişlənib, bu istiqamətdə mühüm müqavilələr imzalanıb.


Azərbaycan–Özbəkistan təhlükəsizlik əməkdaşlığının perspektivlərinə gəldikdə isə hər iki dövlət dəyişən geosiyasi və təhlükəsizlik mühitini düzgün qiymətləndirərək müstəqil qərarvermə imkanlarını qoruyur. Bu isə onların milli müdafiə qabiliyyətinin daha da gücləndirilməsinə xidmət edir. Bu baxımdan Azərbaycan Cənubi Qafqazda, Özbəkistan isə Mərkəzi Asiyada geosiyasi dayanıqlığı ilə seçilən mühüm aktorlardır".


Arzu Nağıyev onu da vurğulayıb ki, Özbəkistanı "Mərkəzi Asiyanın Türkiyəsi" adlandırmaq isə düşünürəm ki, tam doğru yanaşma deyil. Bu ifadə daha çox ölkənin regionda artan siyasi, iqtisadi və demoqrafik çəkisini ifadə edir. Çünki Türkiyə NATO üzvü, güclü hərbi potensiala malik dövlətdir. Özbəkistan isə bu istiqamətdə yeni mərhələyə qədəm qoyur:


"Bununla belə, Azərbaycan–Özbəkistan münasibətlərini Türkiyə–Azərbaycan modeli ilə tam eyniləşdirmək də düzgün olmaz. Daha doğru yanaşma ondan ibarətdir ki, bu münasibətlər türk dünyasında yeni strateji təhlükəsizlik oxunun formalaşması üçün ciddi zəmin yarada bilər. Ümumilikdə müdafiə və təhlükəsizlik sahəsində yeni sənədlərin qəbul olunması baxımından uzunmüddətli əməkdaşlıq proqramının hazırlanması mümkündür. 


Bu proqram çərçivəsində təcrübə mübadiləsi, orduların qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılması, hərbi kəşfiyyat və təhlükəsizlik məlumatlarının mübadiləsi, koordinasiyalı fəaliyyət, kibertəhdidlərə qarşı mübarizə və sərhəd təhlükəsizliyi istiqamətində əməkdaşlıq nəzərdə tutula bilər.


Təbii ki, birgə hərbi təlimlərin genişləndirilməsi istiqamətində də artıq mühüm addımlar atılır. 2024-cü ildə "Maharat" komando-qərargah təlimində Azərbaycan və Özbəkistan hərbçiləri iştirak edib. 2025-ci ildə isə Azərbaycanın müdafiə naziri Özbəkistanda keçirilən "Birlik-2025" təlimində iştirak edib. Bu istiqamətdə əməkdaşlıq artıq sistemli xarakter alır və gələcəkdə daha da genişlənəcək.


Eyni zamanda hərbi təhsil və kadr hazırlığı, hərbi akademiyalar arasında mübadilə proqramları da gündəmdə ola bilər. Müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında ayrıca sazişin imzalanması da real perspektivlərdəndir. Hərbi texnika və pilotsuz sistemlər sahəsində Azərbaycanın əldə etdiyi təcrübə bu istiqamətdə mühüm üstünlükdür. Müdafiə məhsullarının birgə istehsalı və üçüncü ölkələrin bazarlarına çıxışı da əməkdaşlığın perspektivli istiqamətlərindən hesab oluna bilər".


Millət vəkili əlavə edib ki, ən mühüm məsələlərdən biri isə müasir dövrün tələblərinə uyğun olaraq kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində ayrıca sənədin hazırlanmasıdır:


"Müasir müharibələr artıq təkcə səngərlərdə və klassik silahlarla aparılmır. Bu baxımdan kibertəhlükəsizlik Azərbaycan–Özbəkistan əməkdaşlığının yeni və strateji istiqamətlərindən birinə çevrilə bilər. Maraqlı perspektivlərdən biri də üçtərəfli əməkdaşlıq formatıdır. 


Söhbət Azərbaycan–Türkiyə–Özbəkistan platformasından gedir. 2025-ci ildə Xarici İşlər, İqtisadiyyat və Nəqliyyat nazirlərinin iştirakı ilə bu format üzrə üçtərəfli mexanizm artıq fəaliyyətə başlayıb və müvafiq görüşlər keçirilib. Gələcəkdə həmin mexanizmə təhlükəsizlik və müdafiə komponentlərinin əlavə olunması mümkündür. Buraya kibertəhlükəsizlik, hərbi logistika, hərbi tibb, müdafiə sənayesi layihələri və müdafiə nazirlərinin üçtərəfli görüşləri daxil edilə bilər.


Bu, NATO tipli hərbi blok yaratmaq məqsədi daşımır. Əksinə, daha real, çevik, praktik və konkret təhlükəsizlik əməkdaşlığı platforması kimi qiymətləndirilməlidir. Çünki MDB məkanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi mövcud mexanizmlər fonunda praktik əməkdaşlıq formatlarının yaradılması xüsusi əhəmiyyət daşıyır.


Daha geniş perspektivdə isə Azərbaycan, Özbəkistan, Türkiyə, Qazaxıstan və digər türk dövlətləri arasında qarşılıqlı təhlükəsizlik imkanlarının əlaqələndirilməsi mümkündür. Şuşada 2024-cü ildə qəbul olunmuş Qarabağ Bəyannaməsində də türk dövlətləri arasında sülhün və təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.


Burada heç bir dövlətin ərazi bütövlüyünə və suverenliyinə qarşı hər hansı təhdiddən söhbət getmir. Hazırda Türk Dövlətləri Təşkilatının NATO analoquna çevrilməsi yaxın perspektiv üçün real görünməsə də, bu istiqamətdə ardıcıl addımlar atılır və gələcəkdə də atıla bilər. Daha real istiqamətlər ortaq hərbi təlimlər, informasiya mübadiləsi, müdafiə sənayesi, hərbi təhsil, fövqəladə hallara hazırlıq və kibertəhlükəsizlik sahələridir.


2026-cı il üzrə analitik qiymətləndirmələrdə də təhlükəsizlik və kibertəhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdiyi, gələcəkdə daha geniş kollektiv müdafiə mexanizmlərinin formalaşması üçün müəyyən zəmin yarandığı qeyd olunur.


Sonda qeyd etmək istərdim ki, cənab Prezident İlham Əliyevin Özbəkistana bu səfəri çərçivəsində iqtisadi, siyasi, mədəni və hərbi istiqamətlərdə əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğu müşahidə olunur. Təhsil sahəsində də mühüm layihələr gündəmdədir. Lakin bütün bu proseslərin əsas məqsədi dəyişmir: Azərbaycanın apardığı siyasətin təməlində ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün qorunması və hər bir Azərbaycan vətəndaşının rifahının təmin olunması dayanır".


Pərvin Şakirqızı