Qarabağın təhsil tarixindən danışarkən Ağdamın adı xüsusi ehtiramla çəkilir. Bu torpaq Azərbaycanın elm, təhsil və mədəniyyətinə böyük töhfələr vermiş çoxsaylı görkəmli şəxsiyyətlər yetişdirib, Ağdamda formalaşan maarifçilik ənənəsi isə nəsillər boyu davam edib. Bu gün isə Ağdamın azadlığı ilə həmin ənənə yeni reallıqlar qarşısında yenidən formalaşır.
Qurulan məktəblər, yaradılan müasir təhsil mühiti və burada yetişən ilk nəsil qarşıya yalnız təhsil nəticələri ilə ölçülən deyil, Ağdamın gələcəyini formalaşdıracaq bir missiya qoyur. İşğaldan azad edilmiş Ağdamda bu gün təhsil yalnız keçmişin mirasını qorumaq deyil, həmin miras üzərində yeni bir məktəb modelinin qurulması anlamına gəlir.
Bəs Ağdamın zəngin təhsil ənənəsi müasir məktəb mühitində necə yaşadılır?
Yeni nəslin qarşısında hansı hədəflər dayanır və Ağdam gələcəyin nümunəvi təhsil mərkəzlərindən birinə necə çevrilə bilər?
Bu və digər sualları Ağdam şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Günel Vəliyevaya ilə müzakirə etdik.
Moderator.az həmin müsahibəni təqdim edir.
– Günel xanım, Qarabağın təhsil tarixini araşdıranda Ağdamın həmişə xüsusi yeri olduğu görürük. Sizcə, Ağdamı bu ənənənin əsas mərkəzlərindən birinə çevirən amillər nələr olub və həmin tarixi təhsil ənənəsindən bu günün Ağdam məktəblərinə hansı dəyərlər miras qalıb?
– Bəli, tarixə nəzər saldıqda görürük ki,Ağdam təhsili bütün dövrlərdə xüsusi yerə malik olub. Bunun əsas səbəblərindən biri Ağdam əhalisinin dünya görüşü, daim inkişaf etmək əzmidir. Ağdamın yetişdirdiyi ziyalıların sayı bunu deməyə əsas verir.
1.Xudu Məmmədov – geoloq-mineraloq, professor, AMEA-nın müxbir üzvü, dünya səviyyəli kristalloqraf. Mərzili kəndində anadan olub.
2. Adilə Namazova – görkəmli pediatr, kardioloq, akademik, tibb elmləri doktoru.
3. Ziyəddin Göyüşov – fəlsəfə elmləri doktoru, professor, Azərbaycanda etika elminin əsas tədqiqatçılarından biri. Boyəhmədli kəndində doğulub.
4.Rafiq Əliyev - alim,Texnika elmləri doktoru ,AMEA muxbir üzvü.Novruzlu kəndində doğulub.
Və başqa görkəmli elm xadimlərini sadalamaq olar. Ağdam təhsili bu gündə həmin ənənələrə sadiq qalaraq yüksək təksilli məzunlar yetişdirir.
– Bu gün Ağdamda yeni məktəblər, müasir təhsil infrastrukturu qurulur və yeni təhsil mühiti formalaşır. Sizcə, Ağdam məktəblərinin qarşısında yalnız şagirdlərə keyfiyyətli təhsil vermək deyil, həm də Qarabağın uzun illər formalaşmış maarifçilik və məktəb ənənəsini yeni mərhələyə daşımaq kimi bir missiya dayanırmı? Əgər belədirsə, Ağdamın gələcəkdə Azərbaycanın nümunəvi təhsil mərkəzlərindən birinə çevrilməsi üçün hansı istiqamətlərə xüsusi diqqət yetirilməlidir?
– İşğaldan azad olunmuş Ağdamda yüksək səviyyədə tikilib istifadəyə verilmiş Ağdam şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində işləyən heyətin missiyası keyfiyyətli təhsilin təşkilini təmin etməklə yanaşı həmdə şagirdlərə vətənpərvərlik ruhunu aşılamaq,Ağdamın işğaldan öncəki şan-şöhrətini tanıtmaqdır.
İllərlə düşmən tapdağı altında xarabalığa çevrilmiş Ağdamın bu gün yenidən torpaqdan cücərdiyinin şahidi olduqları üçün nə qədər şanslı olduqlarını və bu yerlərin əvvəlkindən də yüksək səviyyəyə qalxması üçün məhz onların düzgün yetişməsinin vacibliyini öyrədirik.
Ağdamın nümunəvi təhsil mərkəzinə çevrilməsi yalnız yeni məktəb binaları və müasir avadanlıqla deyil, təhsilin keyfiyyəti, müəllim potensialı, innovasiya və şəhərin özünəməxsus tarixi-mədəni irsinin təhsilə inteqrasiyası ilə mümkün olar.
Əsas prioritet təhsilin keyfiyyəti olmalıdır.
Şagirdlərin buraxılış və qəbul imtahanı nəticələrinin sistemli təhlili.
Zəif nəticə göstərən fənlər üzrə xüsusi inkişaf proqramları.
İstedadlı şagirdlərlə fərdi iş.
Olimpiada, müsabiqə və layihələrə hazırlıq mərkəzlərinin yaradılması.
Hər məktəbdə illik “təhsil keyfiyyəti göstəriciləri” müəyyənləşdirilməsi.
Bundan əlavə məktəbimizdə müasir tələblərə cavab verən STEAM mərkəzi yaradılıb. Burada Ağdam rayon Təhsil İnnovasiya Mərkəzi təşkil etmək olar.
Ağdamın tarixi və mədəni irsini təhsilə çevirmək mühim fərqləndirici istiqamətlərdən biridir. Ağdamı yalnız tarix dərsində öyrənməməli, Ağdam özü onların təhsil laboratoriyası olmalıdır.
“Mənim Ağdamım” tədqiqat layihəsi;
1.Ağdamın tarixi üzrə şagird araşdırmaları;
2.Ağdamın görkəmli ziyalıları haqqında elektron ensiklopediya;
3.Qarabağ mədəniyyəti;
4.Muğam və musiqi;
5.Xalçaçılıq;
6.Qarabağ atçılığı;
7.Ağdam memarlığı;
8.İşğal və Böyük Qayıdış tarixinin sənədləşdirilməsi.
“Ağdam məzunu”modelini yaratmaq olar.
Məzun olan şagird
Azərbaycan dilində yüksək səviyyədə danışır;
1.ən azı bir xarici dili bilir;
2.rəqəmsal bacarıqlara malikdir;
3. tədqiqat aparmağı bacarır;
4. təqdimat edə bilir;
5. komanda ilə işləyir;
6.milli-mədəni irsini tanıyır;
7. universitet və peşə seçiminə hazırdır.
Yəni təkcə imtahan nəticəsi yüksək olan yox, həyata hazır məzun yetişdirməyi missiyaya çevirmək lazımdır.
– Bu gün Ağdam məktəblərində təhsil alan uşaqlar şəhərin yeni tarixinin ilk nəslini formalaşdırırlar. On ildən, iyirmi ildən sonra Ağdam təhsilindən danışılarkən, sizcə, bu nəslin və bugünkü məktəblərin hansı nailiyyətləri ilə xatırlanmasını istərdiniz? Başqa sözlə, Ağdam şəhər 1 nömrəli məktəbi gələcək nəsillərə hansı təhsil irsini ötürməlidir?
–Əlbəttə ki,işğaldan sonrakı Ağdam şəhərinin ilk məktəbi və onun yetişdirdiyi yeni tarixin ilk nəsli olaraq, bu gün dünya miqyasında önəmli yeri olan Azərbaycanın gələcək inkişafında önəmli rolu olan şəxsiyyətlər kimi tanınmalarını istəyərdim.
Ağdam şəhər 1 nömrəli məktəb üçün təhsil irsi çox dəyərlidir.Çünki gələcək nəsillərə həm müasir təhsil metodlarını tətbiq etməliyik, həm də Ağdamın ziyalılarının, müəllimlərinin və məzunlarının yaratdığı mənəvi irs də gələcək nəsillərə ötürməliyik.
Pərvin Şakirqızı
Moderator.az/ Redaktor
Qeyd: Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Beynəlxalq Liberal Maarifçilik Mərkəzi” İctimai Birliyinin icra etdiyi “ Qarabağ təhsilinin ənənələri: Keçmişdən gələcəyə” adlı layihəsi çərçivəsində hazırlanıb.