Qarabağın yenidən qurulması prosesi yalnız yeni yaşayış məntəqələri və infrastrukturun yaradılması ilə yekunlaşmır. Regionun gələcəyini müəyyən edəcək əsas amillərdən biri də güclü təhsil sistemi, keyfiyyətli insan kapitalı və innovativ inkişaf modelinin formalaşdırılmasıdır.


 Bəs bu hədəflərə çatmaq üçün hansı addımlar atılmalıdır? 






Mövzu ilə bağlı dosent İlham Əhmədovun  fikirlərini öyrəndik. 


İlham Əhmədov qeyd edib ki, Qarabağın dirçəldilməsi Azərbaycanın qarşısında duran mühüm strateji layihələrdən biridir:


"Qarabağ yalnız ərazilərin yenidən qurulması, yolların, yaşayış məntəqələrinin, məktəblərin, xəstəxanaların və digər infrastrukturun bərpası demək deyil. Bu sahədə qarşıda daha mürəkkəb və uzunmüddətli vəzifələr dayanır. Əsas məqsəd Qarabağda yeni iqtisadiyyat, yeni sosial mühit, yeni elm və təhsil sistemi, yeni insan kapitalı və innovasiya ekosistemi yaratmaq olmalıdır.


Fiziki infrastruktur inkişafın zəruri şərtidir, lakin bu kifayət deyil. Müasir dünyada regionların rəqabət qabiliyyətini bina və yolların sayı deyil, bu regionda yaşayan insanların bilik, bacarıq, yaradıcılıq, innovasiya və sahibkarlıq potensialı müəyyən edir. Bu baxımdan Qarabağın gələcək inkişaf modelinin əsas sütunlarından biri keyfiyyətli insan kapitalı olmalıdır. Bu prosesdə «Qarabağ Universiteti» strateji missiya daşıya bilər.


Qarabağın inkişafı tikintiyə yox, bilik iqtisadiyyatına bağlı olmaldır 


Qarabağda böyük quruculuq işləri həyata keçirilir. Regionun uzunmüddətli inkişafı üçün keyfiyyətli insan kapitalı yetişdirilməlidir. 

Qarabağda kimləri yetişdirəcəyik? Müasir iqtisadiyyatda ən qiymətli resurs torpaq, enerji və xammal deyil, insan kapitalıdır. 


Əgər regionda yüksək ixtisaslı mühəndislər, alimlər, müəllimlər, həkimlər, texnoloqlar, proqramçılar, sahibkarlar və yaradıcı insanlar formalaşmazsa, onda uzunmüddətli inkişaf xarici resurslardan asılı qalır. Deməli, Qarabağın yenidən qurulmasının növbəti mərhələsində əsas investisiyalardan biri də insana və biliyə investisiya olmalıdır.


Qarabağın tarixi intellektual yaddaşı bərpa edilməlidir


Qarabağ Azərbaycanın yalnız zəngin mədəniyyət və incəsənət məkanı deyil. Bu regionun əsrlər boyu formalaşmış elm, təhsil, ədəbiyyat, musiqi və intellektual ənənələri də mövcuddur. Qarabağın tarixi irsi müasir inkişaf strategiyasının mühüm komponentinə çevrilə bilər. Əsas məsələ tarixi intellektual irsi müasir bilik iqtisadiyyatının inkişaf resursuna çevirməkdir. 


Qarabağın tarixi, mədəniyyəti, memarlığı, musiqisi, təbiəti, biomüxtəlifliyi, kənd təsərrüfatı potensialı və geostrateji mövqeyi universitet tədqiqatlarının mövzusuna çevrilə bilər. Beləliklə, Qarabağ özü böyük bir “canlı laboratoriya”ya çevrilə bilər.


“Qarabağ Universiteti” adi regional universitet olmamalıdır


İşğaldan azad edilmiş Qarabağın tarixində ən əlamətdar hadisələrdən biri də «Qarabağ Universiteti» nin yaradılması olmuşdur. Bu universitetinə yalnız regionun kadr ehtiyaclarını ödəyən klassik universitet kimi yanaşmaq düz olmaz. «Qarabağ Universiteti» nin qarşısında daha böyük missiya qoyulmalıdır. 


“Qarabağ Universiteti” regionun elm, təhsil, insan kapitalı və innovativ inkişafının intellektual mərkəzinə çevrilməlidir.


Bu universitet həm özünü qurmalı, inkişaf etməli, həm də regionun inkişafını təmin edən ekosistem yaratmalıdır. Klassik universitet modelində universitet əsasən tələbə qəbul edir, dərs keçir və diplom verir. XXI əsrin universiteti isə daha çox funksiyanı yerinə yetirir. 


Müasir universitet təhsil, elm, innovasiya, sahibkarlıq, texnologiya transferi, sənaye əməkdaşlığı, regional inkişaf funksiyalarını yerinə yetirir. «Qarabağ Universiteti» nin inkişaf modeli məhz bu inteqrasiya üzərində qurulmalıdır".


İlham Əhmədov vurğulayıb ki, “Qarabağ Universiteti” regionun inkişaf mühərriki olmalıdır:


"“Qarabağ Universiteti”nin ən mühüm üstünlüklərindən biri onun yeni qurulan regionda fəaliyyət göstərməsidir. Bu amil universitet üçün böyük imkan yaradır. Universitet Qarabağın real problemlərini tədqiqat mövzularına çevirə bilər. Məsələn, ağıllı şəhər texnologiyaları, yaşıl enerji, su resurslarının idarə olunması, kənd təsərrüfatı texnologiyaları, mina ərazilərinin monitorinqi, dron texnologiyaları, süni intellekt, rəqəmsal xəritələşdirmə, ekoloji monitorinq, turizm texnologiyaları, mədəni irsin rəqəmsallaşdırılması, tikinti texnologiyaları, logistika, regional iqtisadiyyat, biomüxtəliflik, iqlim dəyişmələri kimi istiqamətlərdə tədqiqat mərkəzləri yaradıla bilər. Bu zaman universitetin tədqiqat gündəliyi regionun real problemlərindən formalaşacaq.


Qarabağ UniversitetininİTU ilə əməkdaşlığı 


“Qarabağ Universiteti”nin İstanbul Texniki Universiteti ilə əməkdaşlığı bu məsələlərin həllinə yaxşı imkan yaradır. İTU dünyanın mühəndislik və texnologiya sahəsində tanınmış universitetlərindən biridir. Lakin məncə, bu əməkdaşlığın strateji əhəmiyyəti yalnız ikili diplom almaqla məhdudlaşdırılmamalıdır. İkili diplom tələbə üçün çox qiymətli imkan ola bilər. 


İTU necə işləyir və biz onun iş modelindən nəyi öyrənə bilərik?


Bu məsələ əməkdaşlığın yeni mərhələsi ola bilər. Bizə İTU-dan yalnız professor və proqram deyil, universitet modeli lazımdır.


 “Professor transferi” yox, “idarəetmə və bilik transferi”


Məsələn, İTU professoru «Qarabağ Universiteti» ndə dərs deyə bilər. Bu yaxşıdır, amma daha yaxşı model bu professorun yerli müəllimlə birgə işləməsidir. Daha yüksək səviyyə isə İTU professoru + «Qarabağ Universiteti» nin müəllimi + tələbə + laboratoriya + real sənaye problemi + birgə tədqiqat ola bilər. 


Bu model nəticəsində yalnız dərs keçirilmir, həm də yeni kurikulum hazırlanır, müəllim inkişaf edir, tədqiqat qrupu yaranır, laboratoriya formalaşır, beynəlxalq qrant hazırlanır, tələbə real layihədə iştirak edir, sənaye ilə əlaqə qurulur. Beləliklə, xarici təcrübə fərdi səviyyədə deyil, institusional səviyyədə mənimsənilir. Bu “akademik transfer”dir. 


“Qarabağ Universiteti” “Universitet 4.0” laboratoriyasına çevrilə bilər


“Qarabağ Universiteti”nin qarşısında başqa bir mühüm imkan da var. Yeni yaradılan universitetlərdə ənənəvi universitetlərin illərlə yığılmış təçkilti yükü olmur. Bu isə sıfırdan yeni universitet modeli dizayn etmək üçün yaxşı imkan yaradır.


“Qarabağ Universiteti”ndə İTU modeli + müasir mühəndislik + süni intellekt + rəqəmsal təhsil + innovasiya + startaplar + sənaye əməkdaşlığı birləşdirilərək Azərbaycanın “Universitet 4.0” prototipi yaradıla bilər. Universitet 4.0 yalnız rəqəmsallaşdırılmış universitet demək deyil.


 Bu modeldə universitet məlumat əsaslı idarə olunur, süni intellektdən istifadə edir, fərdiləşdirilmiş təhsil yaradır, tədqiqat və tədrisi inteqrasiya edir, sənaye ilə birgə layihələr həyata keçirir, startaplar yaradır, texnologiya transferi həyata keçirir, qlobal akademik şəbəkələrə qoşulur. «Qarabağ Universiteti» məhz belə bir modelin milli prototipinə çevrilə bilər".


Təhsil üzrə mütəxəssis əlavə edib ki, Kutaisi Beynəlxalq Universitetinin təcrübəsi də öyrənilməlidir:


"Bu istiqamətdə yalnız Türkiyə təcrübəsi ilə məhdudlaşmaq düz deyil. Gürcüstandakı Kutaisi Beynəlxalq Universiteti (KBU) təcrübəsi də Azərbaycan üçün maraqlı müqayisə və öyrənmə mənbəyi ola bilər. KBU 7 il əvvəl sıfırdan yaradılan yeni tip universitetdir.


Bu müddətdə KBU-ya 3 milyard avro investisita edilmişdir. KBU-nun yaradılması ideyasında müasir elm, beynəlxalq akademik mühit, yüksək texnologiyalar və beynəlxalq tərəfdaşlıqlar mühüm yer tutur. Azərbaycan üçün əsas məsələ həmin modeli olduğu kimi kopyalamaq deyil.


KBU hansı institusional mexanizmlərdən istifadə edib və onların hansıları «Qarabağ Universiteti» nin inkişafına uyğunlaşdırıla bilər?


Bu mexanizmlərə beynəlxalq professorlar, ingilisdilli proqramlar, tədqiqat yönümlülük, texnologiya və innovasiya infrastrukturu, beynəlxalq akademik əlaqələr və müasir universitet idarəetməsi kimi istiqamətlər daxil edilə bilər. Deməli, «Qarabağ Universiteti» nin inkişaf strategiyası Türkiyə + Gürcüstan + Avropa + dünya universitetlərinin ən yaxşı təcrübələrinin müqayisəli öyrənilməsinə əsaslana bilər.


Qarabağ üçün “İnsan Kapitalı 2035” proqramı


Qarabağın inkişaf strategiyasında “Qarabağ İnsan Kapitalı 2035” proqramının hazırlanmasına ehtiyac var. Bu proqramın əsas məqsədi regionun gələcək iqtisadiyyatına uyğun insan kapitalı formalaşdırmaq olmalıdır.

Proqram beş istiqaməti əhatə edə bilər:


1. İstedadların cəlbi. Qarabağa Azərbaycanın müxtəlif universitetlərindən və xaricdən istedadlı tələbə, alim və tədqiqatçıların cəlb edilməsi.


2. Müasir ixtisaslar. Süni intellekt, mühəndislik, data elmi, kibertəhlükəsizlik, yaşıl enerji, biotexnologiya, rəqəmsal iqtisadiyyat və digər gələcək yönümlü sahələr.

3. Tədqiqat universiteti modeli. Tədris və tədqiqatın ayrılmaz şəkildə inteqrasiyası.


4. İnnovasiya və sahibkarlıq. Universitet daxilində startap mərkəzləri, inkubatorlar, akseleratorlar və texnologiya transfer ofislərinin yaradılması.


5. Beyin dövriyyəsi. Qarabağdan xaricə gedən gənclərin geri qayıtması və xaricdəki azərbaycanlı alimlərin Qarabağdakı layihələrə cəlb edilməsini. 


Qarabağ “smart region”dan “innovation region”a keçməlidir


Müasir texnologiyalar Qarabağda yalnız xidmətlərin elektronlaşdırılması üçün istifadə edilməməlidir. Regionun daha böyük məqsədi Smart Region → Innovation Region ola bilər. Smart region texnologiyalardan səmərəli istifadə edir. Innovation region isə yeni texnologiyalar və yeni bilik yaradır. Bu prinsipial fərqdir.


Əgər Qarabağda yalnız ağıllı şəhərlər, elektron xidmətlər və rəqəmsal infrastrukturlar qurulacaqsa, biz texnologiyanın istehlakçısı olacağıq. Əgər «Qarabağ Universiteti» ndə yeni texnologiyalar, proqram təminatı, mühəndislik həlləri, süni intellekt sistemləri və innovativ biznes modelləri yaradılacaqsa, onda region texnologiya istehsalçısına çevrilə bilər.

 Azərbaycanın məqsədi ikinci model olmalıdır.


Universitet–sənaye–dövlət üçbucağ


Qarabağın inkişafında universitet təkbaşına uğur qazana bilməz. Burada üç əsas tərəfdaş arasında davamlı əlaqə yaradılmalıdır: Universitet + Dövlət + Sənaye.Dövlət infrastruktur və strateji dəstək verir. Universitet bilik və insan kapitalı yaradır. Sənaye isə real problemləri, investisiyanı və bazarı gətirir. Bu üçlük fəaliyyət göstərmədən innovasiya ekosistemi qurmaq çətindir.


“Qarabağ Universiteti”ndə tələbələrin yalnız auditoriyada deyil, real layihələrdə işləməsi təmin edilməlidir. Məsələn, bir mühəndislik tələbəsi Qarabağda tikilən obyekt üçün enerji səmərəliliyi layihəsi hazırlamalı, başqa bir tələbə ağıllı kənd təsərrüfatı sistemi yaratmalı, digər qrup isə turizm üçün AI əsaslı rəqəmsal platforma hazırlamalıdır. Belə universitetdə diplom tələbəlik həyatının sonunda deyil, təhsil müddətində qazanılır.


Qarabağın ən böyük sərvəti insandır 


Qarabağın gələcək inkişafı üçün böyük maliyyə və maddi resurslar tələb olunur. Amma bütün bu investisiyaların səmərəliliyini müəyyən edən əsas amil insandır. Yaxşı mühəndis olmadan müasir şəhər qurmaq çətindir. Yaxşı müəllim olmadan keyfiyyətli məktəb yaratmaq mümkün deyil. Yaxşı alim olmadan tədqiqat sistemi qurmaq olmaz.


 Yaxşı menecer olmadan universiteti idarə etmək çətindir. Yaxşı sahibkar olmadan innovasiya iqtisadiyyata çevrilmir. Ona görə Qarabağın ən böyük strateji sərvəti onun tikililəri deyil, orada formalaşacaq insan kapitalıdır. 


Qarabağda yeni universitetlə yanaşı, yeni inkişaf modeli də qurulmalıdır


Qarabağın bərpası Azərbaycan tarixində yalnız bir regionun yenidən qurulması kimi qiymətləndirilməməlidir. Bu, eyni zamanda yeni inkişaf fəlsəfəsinin sınaq meydanı ola bilər. Burada ənənəvi iqtisadi modeldən bilik iqtisadiyyatına, klassik universitetdən Universitet 4.0-a, təhsil istehlakından tədqiqat və innovasiya istehsalına keçid həyata keçirilə bilər. «Qarabağ Universiteti» bu prosesin mərkəzində dayanmalıdır.


İTU ilə əməkdaşlıq yalnız ikili diplomla məhdudlaşmamalı, akademik, tədqiqat, texnoloji və idarəetmə modelinin transferinə çevrilməlidir. Kutaisi Beynəlxalq Universitetinin və digər qabaqcıl universitetlərin təcrübəsi müqayisəli şəkildə öyrənilməli, onların uğurlu mexanizmləri Qarabağın özünəməxsus şəraitinə uyğunlaşdırılmalıdır.


Məqsəd Qarabağda yeni binalar və universitet yaratmaq yox, gələcəyin insanını, gələcəyin universitetini və gələcəyin innovasiya iqtisadiyyatını yaratmaq olmalıdır. Əgər bu strategiya reallaşarsa, Qarabağ Azərbaycanın yalnız bərpa olunan regionu deyil, yeni inkişaf modelinin formalaşdığı region ola bilər. 


“Qarabağ Universiteti”nin tarixi missiyası Qarabağın keçmişinin intellektual yaddaşını gələcəyin bilik iqtisadiyyatına çevirməkdir. Çünki Qarabağın həqiqi dirçəlişi yalnız şəhərlərin yenidən qurulması ilə tamamlanmayacaq.

 

Qarabağ o zaman həqiqətən dirçələcək ki, burada yüksək keyfiyyətli insan kapitalı formalaşsın, elm istehsal olunsun, innovasiyalar yaradılsın və həmin biliklər regionun iqtisadi və sosial inkişafının əsas hərəkətverici qüvvəsinə çevrilsin".


Qeyd: Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Beynəlxalq Liberal Maarifçilik Mərkəzi” İctimai Birliyinin icra etdiyi “ Qarabağ təhsilinin ənənələri: Keçmişdən gələcəyə” adlı layihəsi çərçivəsində hazırlanıb.