Azərbaycan və İran prezidentlərinin Bişkekdə keçirilən görüşü iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti və gələcək perspektivləri baxımından diqqət çəkən mesajlarla yadda qaldı. Görüşdə səsləndirilən fikirlər və qarşılıqlı jestlər Bakı ilə Tehran arasında siyasi dialoqun hansı istiqamətdə inkişaf edə biləcəyi ilə bağlı müzakirələri yenidən aktuallaşdırdı.
Xüsusilə regional gərginliklərin artdığı bir dövrdə Azərbaycanın İrana münasibətdə tutduğu mövqe və nümayiş etdirdiyi həmrəylik iki ölkə arasındakı münasibətlərin siyasi və strateji əhəmiyyətini bir daha ön plana çıxardı.
Bəs Bişkek görüşü Azərbaycan–İran münasibətlərinin gələcəyi ilə bağlı hansı mesajları verdi və bu təmaslar regional proseslərə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Moderator.az-a danışan millət vəkili Bəhruz Məhərrəmov bildirib ki, Yaxın Şərq və Cənubi Qafqaz kimi geostrateji baxımdan həssas regionlarda qonşuluq siyasətinin yürüdülməsi sadəcə ikitərəfli əlaqələrin saxlanılmasını deyil, rəqəmsal diplomatiya və müasir analitik mexanizmlərlə dəstəklənən strateji tərəfdaşlıq modelinin qurulmasını tələb edir.
"Bu mənada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında keçirilən görüş regional geosiyasət, beynəlxalq hüquq və ikitərəfli diplomatik münasibətlər kontekstində böyük əhəmiyyətə malikdir.
Əvvəlcə ondan başlayaq ki, görüşdə prezidentlərin əvvəlki görüşləri və telefon danışıqlarını məmnunluqla xatırlatması, hər iki ölkənin ali siyasi rəhbərliyində strateji dialoqu davam etdirmək iradəsinin mövcudluğunu göstərir. İranın üzləşdiyi çətin vəziyyətdə Azərbaycanın nümayiş etdirdiyi mövqe, göstərilən humanitar yardım və başsağlığı Azərbaycanın xarici siyasətində qonşuluq məsuliyyətini ön plana çəkdiyini sübut edir.
Bu, sadəcə formal diplomatik jest deyil, regional böhranlar zamanı həmrəyliyin real təzahürüdür. İran Prezidentinin bütün sahələrdə münasibətləri genişləndirmək marağını ifadə etməsi isə iki ölkə arasındakı iqtisadi, nəqliyyat və energetika layihələrinin gələcək inkişafı üçün siyasi zəmin yaradır.
Hüquqi müstəvidə Azərbaycanın çətin şəraitdə olan qonşusuna humanitar yardım göstərməsi Beynəlxalq Humanitar Hüququn ruhuna və BMT Nizamnaməsinin qonşuluq münasibətlərinə dair prinsiplərinə tam uyğundur. Prezident İlham Əliyevin ölkəmizin İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bildirməsi beynəlxalq hüququn təməl prinsiplərindən birinə — mübahisələrin dinc yolla nizamlanması prinsipinə əsaslanır.
Azərbaycan bununla regional gərginliklərin hərbi yolla deyil, dialoq vasitəsilə həllini dəstəkləyən təhlükəsizlik və sabitlik tərəfdarı olduğunu beynəlxalq ictimaiyyətə bir daha nümayiş etdirir. Tərəflərin bir-birinə dəstəyi dövlətlərin suverenliyi və daxili işlərinə qarışmamaq prinsiplərini möhkəmləndirir, ikitərəfli hüquqi bazanın etibarlılığını təmin edir.
Mənəvi və mədəni aspektlər baxımından isə Məsud Pezeşkianın münasibətləri "qardaşlıq və dostluq xarakteri" kimi xarakterizə etməsi, cənab İlham Əliyevin yardımın "qardaşlıq nümunəsi" olduğunu vurğulaması iki xalqı birləşdirən ortaq tarix, mədəniyyət və dəyərlərə əsaslanır. Aydındır ki, əsl səmimi münasibət, dostluq və qardaşlıq özünü böhranlı, çətin anlarda göstərir.
Azərbaycanın böyük cəsarətlə çətin məqamda verdiyi dəstək və göstərdiyi humanist mövqe, İran xalqı və dövləti tərəfindən yüksək qiymətləndirilərək tərəflər arasında qarşılıqlı etimadı və etibarlılığı yeni pilləyə qaldırır. Hər iki liderin mesajları göstərir ki, mövcud sınaqlar iki ölkə arasında nifaq yaratmaq əvəzinə, dostluq körpülərini daha da möhkəmləndirir.
Bu görüş və aparılan müzakirələr göstərir ki, Azərbaycan və İran münasibətləri praqmatik dövlət maraqları ilə tarixi qardaşlıq və dostluq hissiyyatının sintezindən ibarətdir və cənab İlham Əliyevin sülhsevər, hüquqa söykənən, humanist xarici siyasəti regional sabitliyin qorunmasında və qonşu İran ilə münasibətlərin bütün istiqamətlərdə inkişaf etdirilməsində müstəsna rol oynayır".
Pərvin Şakirqızı