III “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsinin həvəsləndirici mükafatına Firayə Nurizadənin "Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat" adlı məqaləsi layiq görülüb.


Müəllif yazısında Böyük Qayıdış prosesinə təkcə infrastruktur və tikinti layihələri prizmasından deyil, insan taleləri, sosial adaptasiya, iqtisadi inkişaf və milli yaddaş kontekstində baxılır. Yazıda Qarabağ və Şərqi Zəngəzurda formalaşan yeni yaşayış mühitinin dayanıqlı gələcəyi üçün məşğulluq, icma həyatı və mənəvi dəyərlərin bərpasının əhəmiyyəti təhlil edilir.






Moderator.az həmin məqaləni təqdim edir:


İnsan doğulduğu yerdən gedəndə özü ilə nə aparır?


Bir neçə çamadan, ailə şəkilləri, evdən götürülmüş xırda bir əşya… Bəlkə də həyətin qoxusunu, qonşunun səsini, uşaqlıqda qaçdığı küçənin yaddaşını. Amma insan bir gün, beş il, on il yox, otuz ilə yaxın doğma yurduna qayıda bilməyəndə həmin yer tədricən coğrafi məkandan daha böyük məna qazanır. Ev xatirəyə, xatirə ümidə, ümid isə nəsildən-nəslə ötürülən gözləntiyə çevrilir.


Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışın mahiyyətini yalnız tikilən evlərin, çəkilən yolların, açılan məktəblərin sayı ilə izah etmək buna görə kifayət etmir. Bu prosesin ən mühüm tərəfi statistik rəqəmlərin arxasında görünməyən insan taleləridir.


Bir vaxtlar Ağdamdan çıxanda uşaq olan adam bu gün ora ata, hətta baba kimi qayıdır. Cəbrayıldan qucaqda aparılan körpə öz kəndinə övladının əlindən tutaraq dönür. Zəngilanı yalnız valideynlərinin söhbətlərindən tanıyan gənc üçün isə “qayıdış” sözü bir qədər fərqli məna daşıyır: o, əslində heç vaxt yaşamadığı, amma ailə yaddaşında daim mövcud olmuş bir yurdda həyata başlayır.


Böyük Qayıdışın bəlkə də ən mürəkkəb və eyni zamanda ən maraqlı tərəfi budur: insanlar keçmişdə qoyub getdikləri yurda deyil, həmin yurdun üzərində qurulan yeni həyata qayıdırlar.


Eyni torpaq, başqa həyat


Məcburi köçkünlük illərində tez-tez “doğma yurda qayıdacağıq” deyilirdi. Bu cümlənin arxasında təbii olaraq köhnə ev, həyət, məktəb, kənd yolu, qonşuluq münasibətləri canlanırdı. Lakin işğaldan azad edilmiş ərazilərin mənzərəsi göstərdi ki, qayıdış keçmiş həyatın sadəcə davamı ola bilməz.


Bir çox yaşayış məntəqəsi tamamilə dağıdılmışdı. Deməli, Azərbaycan qarşısında yalnız ev tikmək deyil, yaşayış mühitini sıfırdan yaratmaq vəzifəsi dayanırdı.

Bu gün həmin ərazilərdə gedən prosesin miqyası məhz burada üzə çıxır. Füzuli, Zəngilan və Laçında beynəlxalq hava limanları, minlərlə kilometrlik yol-nəqliyyat infrastrukturu, enerji, su və rabitə sistemləri qurulub, şəhər və kəndlər yeni planlaşdırma prinsipləri əsasında bərpa edilir. Dövlət proqramında qayıdan əhalinin məşğulluğu, təhsil və səhiyyəyə çıxışı, sosial xidmətlər, mədəniyyət və idman infrastrukturu ayrıca istiqamətlər kimi müəyyənləşdirilib.


Bu yanaşma təsadüfi deyil. Çünki ev insanı bir ünvana qaytara bilər, amma onu həmin ünvanda saxlayan həyatdır.

Şükürbəyli bunun aydın nümunələrindən biridir. İşğal illərində demək olar ki, tamamilə məhv edilmiş Cəbrayılın bu kəndində yeni evlərlə yanaşı məktəb, musiqi məktəbi, iki uşaq bağçası və tibb məntəqəsi yaradılıb. 2026-cı ilin mayında kəndə növbəti mərhələdə 119 ailənin – 535 nəfərin köçürülməsi artıq sadəcə tikintinin deyil, icmanın bərpasının göstəricisidir.


Eyni proses Ağdamda gedir. Mayın sonunda şəhərə bir mərhələdə 110 ailə – 417 nəfər köçürüldü. Ağdamın illərlə Azərbaycan cəmiyyətinin yaddaşında “Qafqazın Xirosiması” kimi qalan xarabalıq görüntüsündən yenidən insanların səhər işə getdiyi, uşaqların məktəbə tələsdiyi şəhərə çevrilməsi Böyük Qayıdışın əsl ölçüsü olacaq. Çünki şəhəri binalar yaradır, amma şəhər edən insanlardır.


Qayıdışın görünməyən tərəfi


Böyük Qayıdış haqqında danışarkən bir məsələyə daha çox diqqət yetirməliyik: qayıdan insanın psixologiyasına. Otuz il az müddət deyil. Bu illər ərzində məcburi köçkün ailələrinin bir hissəsi Bakıda, Sumqayıtda və başqa şəhər və rayonlarda yeni həyat qurub. Uşaqlar böyüyüb, təhsil alıb, işləməyə başlayıb, yeni sosial çevrə formalaşdırıb. İndi ailənin yaşlı üzvü üçün doğma kəndə dönüş ömrünün ən böyük arzusunun gerçəkləşməsidirsə, Bakıda doğulmuş 25 yaşlı nəvəsi üçün bu, həm də tamam başqa həyat tərzinə uyğunlaşmaq deməkdir.


Bu fərqi görmədən dayanıqlı məskunlaşma haqqında danışmaq çətindir. Qayıdan insanın “evim var” deməsi ilə “həyatım buradadır” deməsi arasında böyük məsafə mövcuddur.


Bu məsafəni iş yeri, məktəb, xəstəxana, mağaza, xidmət sektoru, mədəni həyat, ictimai nəqliyyat və ən əsası, insan münasibətləri qısaldır.

Ona görə Böyük Qayıdışın növbəti mərhələsində əsas suallardan biri “nə qədər ev tikildi?” deyil, “orada necə bir həyat formalaşdı?” olmalıdır.


Dünyada münaqişədən sonra əhalinin geri dönüş təcrübəsi göstərir ki, fiziki təhlükəsizlik və mənzil təminatı başlanğıcdır. İnsanların qaldıqları ərazi ilə iqtisadi və sosial bağ qura bilməsi isə prosesin davamlılığını müəyyən edir. Qarabağ və Şərqi Zəngəzurda üstünlük ondadır ki, məskunlaşma infrastrukturun yaradılması ilə paralel aparılır.


Ancaq bu modelin uğuru son nəticədə qayıdan insanın öz gələcəyini həmin torpaqda görüb-görməməsi ilə ölçüləcək.


Qarabağda iş yeri də tikilməlidir


Bir ailənin kəndə qayıtdığını düşünək. Evi var. Məktəb var. Yol çəkilib. İnternet işləyir. Bəs ailənin gəliri haradan gələcək?

Böyük Qayıdışın ən mühüm iqtisadi sualı məhz budur. Qarabağ və Şərqi Zəngəzurun uzunmüddətli inkişafını yalnız dövlət investisiyalarına bağlamaq olmaz. Dövlət infrastrukturu qurur, ilkin şəraiti yaradır. Növbəti mərhələdə həmin infrastrukturun üzərində özəl iqtisadiyyat böyüməlidir.


Bu regionun bunun üçün ciddi imkanları var.


Ağdam və Füzulinin kənd təsərrüfatı ənənələri, Kəlbəcər və Laçının heyvandarlıq, turizm və təbii ehtiyat potensialı, Zəngilan və Cəbrayılın aqrar imkanları, Şuşanın mədəni turizm üstünlüyü gələcək iqtisadi xəritənin müxtəlif istiqamətlərini müəyyənləşdirə bilər.


Amma burada köhnə təsərrüfat modelini olduğu kimi bərpa etmək yetərli deyil. Otuz il əvvəl kənddə yaşamaq başqa şey idi, XXI əsrin üçüncü onilliyində gənc ailəni kənddə saxlamaq başqa.


Yeni Qarabağ kəndlisi yalnız torpaq becərən insan kimi təsəvvür edilməməlidir. O, fermer, sahibkar, turizm xidməti göstərən şəxs, rəqəmsal platformadan məhsul satan istehsalçı, mühəndis, müəllim, həkim və ya uzaqdan çalışan İT mütəxəssisi də ola bilər. Məhz buna görə regionda sürətli internet və müasir kommunikasiya infrastrukturu su və elektrik qədər strateji əhəmiyyət daşıyır.


Məsələn, Xocavənd rayonunun Güneyxırman kəndində su və qaz infrastrukturu ilə yanaşı fiber-optik kabelin çəkilməsi bu yeni yaşayış modelinin kiçik, amma mühüm detalıdır. 2026-cı ilin iyuluna olan məlumata görə, burada evlərin bərpası mərhələli şəkildə davam edir və ilk ailələr artıq kəndə qayıdıblar.


Beləliklə, Böyük Qayıdış təkcə demoqrafik layihə deyil. Düzgün davam etdirilərsə, o, Azərbaycanın yeni regional iqtisadi modelinin sınaq meydanına çevrilə bilər.

Kəndə qayıdan uşaq nə görəcək?


Böyük Qayıdışın nəticəsini bəlkə də ən yaxşı ölçəcək nəsil bu torpaqlardan vaxtilə çıxanlar deyil. Orada böyüyəcək uşaqlardır. Onların Qarabağ haqqında təsəvvürü valideyn və babalarınınkından fərqli olacaq. Yaşlı nəsil üçün Qarabağ itirilmiş və geri qaytarılmış yurddur. Yeni nəsil üçün isə o, gündəlik həyatın adi məkanı olacaq.

Bu dəyişiklik son dərəcə vacibdir. Çünki torpağın həqiqi mənada yenidən Vətənə çevrilməsi yalnız ora qayıtmaqla başa çatmır. Orada uşaqlıq xatirələrinin yenidən yaranması lazımdır.


Şuşanın Böyük Qaladərəsi kəndində elektrik, qaz və su şəbəkələrinin qurulması, yolların abadlaşdırılması ilə yanaşı park və Bayraq meydanının yaradılması ilk baxışdan kiçik detal görünə bilər. Əslində isə yaşayış məkanının mahiyyəti belə detallarda gizlənir. İnsan yalnız evdə yaşamır. Küçədə gəzir, parkda oturur, qonşusu ilə rastlaşır, uşağı oynayır, toy edir, yas saxlayır, bayram keçirir.


İcma belə yaranır.


Məcburi köçkünlük təkcə insanları torpaqdan ayırmamışdı, həm də kənd və məhəllələrin sosial toxumasını parçalamışdı. İndi bərpa edilməli olan yalnız daş divarlar deyil, həmin sosial toxumadır. Bir vaxtlar eyni kənddən olan, sonrakı onilliklərdə Azərbaycanın müxtəlif şəhərlərində yaşamış insanlar yenidən qonşuya çevrilirlər. Onların uşaqları isə bəlkə ilk dəfə bir-birini tanıyır.


Bu, Böyük Qayıdışın statistik hesabatlarda görünməyən ən böyük proseslərindən biridir.


Daşı bərpa etmək, yaddaşı qaytarmaq


Qarabağda tikinti ilə bərpa arasında incə bir fərq var.

Yeni bina tikmək mümkündür. Tarixi isə yenidən tikmək olmur.


Ona görə məscidlərin, türbələrin, qəbiristanlıqların, bulaqların, tarixi yaşayış məkanlarının, musiqi və memarlıq irsinin bərpası Böyük Qayıdışın ayrıca mənəvi xəttidir. İnsan öz kəndinə qayıdarkən yalnız evinin qapısını axtarmır. Babasının qəbrini, uşaqlığında su içdiyi bulağı, məktəbin yerini, kənd məscidini də axtarır.

Bəzən onları tapa bilmir.


Məhz həmin anda bərpanın nə qədər böyük mənəvi məna daşıdığı anlaşılır. Şuşanın yenidən Azərbaycanın əsas mədəniyyət məkanlarından birinə çevrilməsi bunun ən görünən nümunəsidir. Ancaq eyni yanaşma kiçik kəndlərə də aid olmalıdır. Çünki milli yaddaş yalnız böyük abidələrdə yaşamır. Bəzən bir kənd qəbiristanlığındakı başdaşı, qədim çinar, bulaq və ya dağıdılmış evin qalan divarı bütöv bir ailənin tarixidir.


Bu irsi qorumaq keçmişə ilişib qalmaq deyil. Əksinə, yeni həyatın kökünü müəyyənləşdirməkdir.


Qayıdış nə vaxt tamamlanacaq?


Bu suala rəqəmlə cavab vermək çətindir.

Sonuncu ailə köçəndə?

Sonuncu ev tikiləndə?

Sonuncu mina təmizlənəndə?

Bəlkə də heç biri.


Böyük Qayıdış o zaman həqiqətən başa çatmış sayıla bilər ki, Qarabağa köçən insan özünü “qayıdan sakin” kimi deyil, sadəcə həmin şəhərin və ya kəndin sakini kimi təqdim etsin.


Ağdamlı gənc Bakıya oxumağa gəlib təhsilini başa vurduqdan sonra Ağdama dönməyi təbii seçim hesab edəndə; Laçında yaşayan ailə gələcəyini başqa yerdə deyil, öz rayonunda planlaşdıranda; Zəngilanda sahibkar dövlət sifarişinə görə deyil, bazar imkanına görə biznes quranda; Şuşada doğulan uşağın Qarabağ haqqında ilk xatirəsi müharibə deyil, məktəb yolu olanda…


Onda qayıdış məskunlaşmaya, məskunlaşma isə həyata çevriləcək. 2025-ci ildə artıq Böyük Qayıdışın növbəti mərhələsini müəyyən edəcək II Dövlət Proqramının hazırlanması barədə qərar verilməsi də göstərir ki, məsələ təkcə insanları geri köçürmək kimi nəzərdən keçirilmir. Qarşıdakı dövr üçün dayanıqlı məskunlaşma, məşğulluq, özəl təşəbbüs və investisiyanın genişləndirilməsi strateji məqsədlər sırasında göstərilir.


Bəlkə də Böyük Qayıdışın ən böyük uğuru gələcəkdə bu ifadənin özünə ehtiyac qalmaması olacaq.

Çünki “qayıdış” keçid dövrünün sözüdür.


Son məqsəd isə həyatdır.


Elə bir həyat ki, səhərlər evlərin işığı yansın, məktəblərdə zəng çalınsın, tarlalarda iş getsin, küçələrdə uşaqlar böyüsün, yeni ailələr qurulsun, sahibkar risk edib iş yeri açsın, turist gəlsin, tələbə geri dönsün.


Və bir gün Qarabağda doğulan uşaq atasından soruşsun:


— Siz niyə bura “qayıtmısınız” deyirsiniz? Axı biz həmişə burada yaşamışıq.

Bəlkə Böyük Qayıdışın ən gözəl yekunu məhz həmin sual olacaq.