Azərbaycan və Özbəkistanın Xəzər dənizində birgə dəniz donanmasının yaradılması istiqamətində razılığa gəlməsi iki ölkənin strateji tərəfdaşlığında yeni mərhələ kimi qiymətləndirilir. Təşəbbüsün Trans-Xəzər marşrutu üzrə daşımaların səmərəliliyinin artırılması, logistika imkanlarının genişləndirilməsi və Orta Dəhlizin potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı bildirilir.
Bəs bu əməkdaşlıq Orta Dəhlizin inkişafına və Xəzərdə dəniz nəqliyyatı ilə təhlükəsizliyin təmin olunmasına hansı yeni imkanlar yarada bilər? Eyni zamanda, Xəzəryanı dövlətlərin mövcud hüquqi və siyasi reallıqları nəzərə alınmaqla, Azərbaycan və Özbəkistan arasında bu əməkdaşlığın gələcək perspektivlərini necə qiymətləndirmək olar?
Mövzu ilə bağlı hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərovun fikirlərini öyrəndik.
Moderator.az-a danışan polkovnik bildirib ki, Azərbaycan və Özbəkistanın Xəzərdə birgə dəniz donanmasının yaradılması istiqamətində əməkdaşlığı böyük perspektivlər vəd edir:
"Bilirsiniz ki, bu günlərdə Özbəkistanda dövlət səfərində olan Azərbaycan Prezidenti ilə Özbəkistan Prezidenti arasında, eləcə də hökumətlər arasında mühüm sənədlər imzalanıb. Bu sənədlər sırasında Özbəkistanla Əbədi Dostluq və Qardaşlıq sənədi xüsusi əhəmiyyət daşıyır və misli görünməmiş sənədlərdən biridir. Həmin sənəddən irəli gələn mühüm nəticələrdən biri də Azərbaycan və Özbəkistanın Xəzərdə birgə dəniz donanmasının yaradılması istiqamətində razılığa gəlməsidir.
Özbəkistan bu sahədə gənc dövlət olsa da, Azərbaycanın həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində böyük təcrübəsi var. Burada söhbət həm mülki, həm də hərbi sahədən gedir. Ona görə də birgə dəniz donanmasının yaradılması hər iki istiqaməti əhatə edə bilər. Özbəkistan Xəzər hövzəsində Türkmənistan və ya Qazaxıstan kimi təmsil olunmasa da, yaxın perspektivdə dəniz donanmasının böyük əhəmiyyət daşıyacağını yaxşı dərk edir.
Özbəkistan Orta Dəhliz üzrə daşımaların sürətləndirilməsində iştirak etmək, eyni zamanda logistika imkanlarını genişləndirmək istəyir. Burada həm iqtisadi maraq, həm də gəlir əldə etməklə ölkənin iqtisadi imkanlarını genişləndirmək məqsədi özünü göstərir. Əlbəttə ki, dəniz nəqliyyatı, liman təhlükəsizliyi və regional proseslərə Özbəkistan da öz töhfəsini vermək istəyir. Xəzər yaxın onilliklərdə çox böyük əhəmiyyət kəsb edəcək marşrutlardan birinə çevriləcək.
Bu, xüsusən TRIPP marşrutu və Ələt İqtisadi Zonası baxımından mühüm əhəmiyyət daşıyır. Yüklərin Çindən gəlib Orta Asiya üzərindən Xəzər dənizi vasitəsilə Avropaya daşınması həm vaxta qənaətə, həm də xərclərin azalmasına xidmət edəcək mühüm layihə olacaq.
Ona görə də Özbəkistan bu layihədə özünü Azərbaycanla bir yerdə görmək istəyir".
Üzeyir Cəfərov vurğulayıb ki, eyni zamanda, Xəzər regionu dövlətlərinin mövcud hüquqi və siyasi reallıqları da nəzərə alınmalıdır. Xəzər hər sahədə gücləndiriləcək:
"Hələ Xəzərdə xeyli istifadə olunmamış karbohidrogen ehtiyatları var. Söhbət dünyanın tələbatını ödəyə biləcək enerji resurslarından, o cümlədən qazdan və yeni neft yataqlarından gedir. Ümumiyyətlə, söhbət Xəzərin hər bir dövlət üçün gətirə biləcəyi faydalardan gedir.
Ona görə də həm Azərbaycan, həm də Özbəkistan reallıqları əvvəlcədən hesablayıblar, mütəxəssislər müəyyən rəy veriblər və hər şey müsbət çalarlarla doludur. Həm Azərbaycan, həm də Özbəkistan birgə bu istiqamətdə fəaliyyət göstərmək istədiklərini bəyan ediblər.
Əlbəttə, bu əməkdaşlıq hər hansı üçüncü və ya digər dövlətə qarşı yönəlməyib. Bunu Azərbaycan Prezidenti ilə Özbəkistan Prezidentinin mətbuat üçün keçirdikləri birgə konfransda, eləcə də brifinqdə bəyan etdilər. Xəzərin perspektivi çox böyükdür. Düzdür, hazırda müəyyən pessimist fikirlər də var. Amma mən hesab edirəm ki, Xəzər dənizi gələcəkdə dəniz nəqliyyatında çox önəmli rol oynayacaq.
Oradan daşınacaq yüklərin təhlükəsizliyinin təmin olunması üçün isə qarşıda görüləcək xeyli iş var. Bu işlərin yüksək səviyyədə həyata keçirilməsi üçün hər bir dövlət öz töhfəsini verməlidir. Azərbaycanla Özbəkistan da bu istiqamətdə müəyyən birgə addımlar atacaq.
Biz bilirik ki, Azərbaycan Qazaxıstanla Xəzərdə əməkdaşlıq edir. Azərbaycan Türkmənistanla da Xəzərdə birgə layihələr həyata keçirir, birgə fəaliyyət göstərir. Cənubda İran İslam Respublikası, şimalda isə Rusiya Federasiyası ilə əməkdaşlıq mövcuddur. Burada həm Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidməti, həm Xəzər donanması, həm də SOCAR və Xəzər donanmasında təmsil olunan digər qurumlar fəaliyyət göstərir.
Mən indi onların adlarını sadalamaq istəmirəm. Orada ayrı-ayrı nazirliklər var: Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digərləri. İndi onların hamısının adını sadalamağa, elə gəlir ki, ehtiyac yoxdur.
Bir sözlə, Azərbaycanla Özbəkistan Xəzərdə yeni bir eraya, yeni bir işə başlayırlar. Xeyirli-uğurlu olsun. Ümid edirəm ki, başlanılacaq bu iş hər iki ölkənin həm iqtisadi, həm siyasi, həm də digər bağlarının daha da möhkəmlənməsinə xidmət edəcək və hər iki ölkənin xalqları bundan yetərincə yararlanacaqlar".
Pərvin Şakirqızı