İranlı politoloq Puya Hüseyninin Ermənistanı “ən etibarlı qonşu” və “təbii müttəfiq” adlandırması Tehran-İrəvan münasibətlərini yenidən gündəmə gətirib. Politoloqun fikirləri İranın regiondakı xarici siyasət prioritetləri, Ermənistanla münasibətlərin inkişaf perspektivləri və Cənubi Qafqazda gedən geosiyasi proseslər fonunda diqqət çəkir. Xüsusilə də İranın müsəlman ölkələri ilə münasibətləri və Azərbaycanla əlaqələri baxımından bu yanaşmanın mümkün nəticələri maraq doğurur.


Bu mövzu ilə əlaqəli siyasi şərhçi Müşfiq Abdulla Moderator.az-a müsahibə verib. 







-Müsəlman ölkələri ilə İran münasibətlərinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?


“İran İslam Respublikası istər qonşuluğunda, istərsə də Yaxın və Orta Şəqdə yerləşən müsəlman dövlətləri ilə daima siyasi nifaq vəziyyətində olub. Bura həm Azərbaycanı, həm ərəb ölkələrini, həm də Türkiyəni, eyni zamanda, Pakistanı və Əfqanıstanı aid etmək olub. Çünki İran Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu qəbul etmək istəmir. Türkiyəni isə özünün regionda ən birinci geosiyasi rəqibi hesab edir. Bu, İranın xarici siyasətində bir tərəfdən türk düşmənçiliyi ilə bağlıdırsa, paralel olaraq Türkiyənin NATO üzvü olmasından qaynaqlanır. Eyni zamanda, İranın məzhəbsəl zəmində ayrıseçkilik siyasəti Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Pakistan, Əfqanıstan, İordaniya, Misir kimi ölkələrlə münasibətlərində siyasi-ideoloji gərginliyə səbəb olub. 2022-2023-cü illərdə Pakistanla yaxınlaşma və Çinin vasitəçiliyi ilə İranla Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin bərpa olunmasından sonra İranın region ölkələri ilə münasibətlərində yumşalma baş verdi. Bu kontekstdə  2023-cü ilin oktyabrında başlanan  HƏMAS-İsrail müharibəsi İranın regiondakı geosiyasi mövqelərinin möhkəmlənməsində  xüusi rol oynayıb. Lakin fevralın 28-də ABŞ-nin və İsrailin İrana qarşı müharibəyə başlaması son üç ildə formalaşmış gosiyasi konfiqurasiyanı tamamilə dağıtdı. Əslində, HƏMAS-a və “Hizbullah”a qarşı keçirilən hərbi əməliyyatlar fonunda İrana bağlı proksi qüvvələrin sıradan çıxarılması, 2024-cü ilin dekabrın 8-də isə Suriyada baş verən hakimiyyət dəyişikliyi İranın Yaxın Şərqdə yaratdığı təhlükəsizlik sisteminin sıradan çıxmasına səbəb olmuşdu. Yəni İranın milli təhlükəsizlik strategiyası düşməni öz sərhədlərindən xaricdə qarşılamaq prinsinə əsaslanırdı. İran-İraq müharibəsindən sonra formalaşan bu sistem  HƏMAS hərəkatı, “Hizbullah”, “Ənsərullah”, “Kətaib-Hizbullah”, “Zeynəbiyyun”, “Fatimiyyun”, İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qolu kimi müxtəlif proksi qrupların və terrorçun dəstələrin qonşu dövlətlərin ərazisində yerləşdirilməsi hesabına təmin olunurdu. Lakin indi İran öz sərhədləri daxilinə sıxışdırılıb və müharibə İranın öz ərazisində gedir. İranın Fars Körfəzi regionundakı ərəb ölkələrini atəşə tutması ilə əvvəllər mövcud olan siyasi və ideoloji düşmənçilik açıq hərbi müstəviyə keçib. Ona görə də bu düşmənçiliyin yaxın perspektivdə başa çatacağını gözləmirəm. Hətta ABŞ İrana qarşı müharibəni dayandırsa belə, ərəb ölkələri İranı, İran da ərəb dövlətlərini özlərinin milli təhlükəsizliyinə başlıca təhdid hesab edir. İranda hakimiyyətin SEPAH-ın və radikallardan ibarət “payidair” qrupunun əlinə keçməsi bu münasibətlərin qısa müddətdə yoluna qoyulacağını istisna edir. Eyni zamanda, ABŞ prezidenti 2027-ci ilə qədər hərbi əməliyyatları davam etdirməkdə israrlıdır. Bütün bunlar regionda eskalasiya riskinin üstünlük təşkil edəcəyindən xəbər verir. Hesab edirəm ki, yeni dünya düzəni formalaşana qədər bu qarşıdurma davam edəcək.”


-İranlı politoloq Puya Hüseyninin Ermənistanı İranın ən etibarlı qonşusu adlandırmasını necə qiymətləndirirsiniz? 


“Əvvəla onu deyim ki, Puya Hüseyni anti-Azərbaycan mövqeyi ilə tanınan panfarsist düşüncəli biridir. Onun Ermənistan sevgisi də Azərbaycana qarşı mənfi münasibətindən qaynaqlanır. Yəni Puya Hüseyninin açıqlaması daha çox siyasi avantüradır. Puya Hüseyni iddia edir ki, guya Ermənistandan başqa İranın qonşularının hamısı düşmənlərə, yəni ABŞ-yə və İsrailə hərbi bazalar verib. Əvvəla, həm 12 günlük müharibə, həm də fevralın 28-cdən bəri davam edən hərbi əməliyyatlar sübut etdi ki, Azərbaycanın ərazisində hər hansı xarici ölkənin hərbi bazası yoxdur. İran Azərbaycana PUA hücumu etdi, amma Azərbaycan İrana humanitar yardım göndərdi. Ona görə də Puya Hüseyninin dedikləri nankorluqdur. Puya Hüseyni bizə inanmır, heç olmasa İranın ali rəhbərinin müşaviri Yəhya Rəhim Səfəviyə də inanmır? Yəhya Rəhim Səfəvi SEPAH generalıdır və açıq şəkildə bəyan etdi ki, Azərbaycan ərazisində nə ABŞ-nin, nə İsrailin hərbi bazası yoxdur.


Doğrudur, İran və Ermənistan Birinci qarabağ müharibəsindən bəri Azərbaycana qarşı mübarizədə strateji tərəfdaş, təbii müttəfiq olublar. Lakin regionda geosiyasi konyukturun dəyişməsi İran-Ermənistan münasibətlərinə də təsir göstərir. Rəsmi İərvanın xarici siyasət prioritetləri Rusiya-Ermənistan-İran formatından  Ermənistan-Avropa İttifaqı-ABŞ vektoruna yönəlir. Azərbaycanla sülh müqaviləsinin imzalanmasından sonra Türkiyə də bu prosesə qoşula bilər. Çünki Türkiyə Ermənistanın Avropaya açılan qapısıdır. Üstəlik, Zəngəzur dəhlizinin açılması ilə Türkiyənin Cənubi Qafqazda geosiyasi təsiri artacaq. İranı narahat edən də məhz budur.”


-Puya Hüseyninin regionda “dəhlizlər savaşı” getdiyi barədə fikrini necə dəyərləndirirsiniz?


 “Hazırda yalnız regionda deyil, dünyada dəhlizlərə nəzarət uğrunda  müharibə  gedir. Mən beynəlxalq münasibətlərdə yaranmış bu vəziyyəti şərti olaraq “dəhliz inqilabı” adlandırardım. Bu, postindustrial eranın ən böyük hadisələrindən biridir. Lakin biz bu prosesdə düşmənçilik, müharibə və rəqabəti bir-birindən fərqləndirməliyik. İran beynəlxalq və regional ticarət dəhlizlərində müharibə aparmaqla dünya iqtisadiyyatını sabotaj edir. Hazırda bəşəriyyəti İran əsasən üç ticarət dəhlizini bağlamaqla şantaj edir. Bunlardan biri Hörmüz boğazı, ikincisi, Baş əl-Məndəb boğazı, üçüncüsü isə Zəngəzur dəhlizidir. İranlı deputatların, şovinist politoloqların “Tramp marşrutu”na zərbə endirmək, onun reallaşmasına mane olmaq çağırışları da bununla bağlıdır. Zəngəzur dəhlizi sağlam rəqabət, mənfəət dəhlizi və strateji əhəmiyyətə malik logistiktika mərkəzidir. Bu dəhlizdən İran da faydalana bilər. “Tramp marşrutu” Şimal-Cənub nəqliyyat dəhlizinin bir qoludur. Əgər bu yol İran tərəfdən bağlansa, Şimal-Cənub  dəhlizi də bağlanacaq.


Hörmüz boğazına gəlincə, İran rejimi müharibənin əvvəlində bu ticarət yolunu bağlamaqla həm düşməni öz sərhədlərindən xaricdə saxlamaq taktikasını işə saldı, həm də ABŞ-nin başını başqa problemə qatmaqla diqqəti nüvə və raket proqramları kimi mövzulardan yaylındra bildi. Artıq İranın Hörmüz boğazında təsir imkanları xeyli zəifləyib. İranın cənub limanları tamamilə başalıb və ixracat dayanıb. Boğazdan ticarət gəmilərinin keçid daha çox ABŞ-nin nəzarətindədir. Ona görə də yaxın vaxtlarda İranda bahalaşmanın yeni dalğası gözlənilir. Ölkədə benzin qıtlığının qarşısını ala bilməyən hökumət çox yanacaq sərf edən avtomobillərin istehsalını dayandırmaq qərarına gəlib. Rialın məzənnəsi düşməkdə davam edir. Maaşların ödənilməsində problemlər yaranıb. Prezident Trampın İran xalqını mübarizəyə səsləməsi də məhz iqtisadi böhran fonunda rejimi devirməyə hesablanıb. ABŞ bir tərəfdən daxili etirazlar, digər tərəfdən xaricdən hərbi əməliyyatlar yolu ilə İran hakimiyyətini danışıqlar masasında siyasi güzəştlərə vadar etməyə  çalışır.”


-Sizcə, İran-Ermənistan münasibətlərinin gələcəkdə daha da strateji xarakter alması Cənubi Qafqazda hansı yeni geosiyasi reallıqlar yarada bilər?


 “İran-Ermənistan münasibətlərində strateji əhəmiyyətli irəliləyişin baş verəcəyini gözləmirəm. Nikol Paşinyan hakimiyyəti çoxvektorlu xarici siyasət fonunda İranla münasibətlərdə balansı qoruyub saxlamağa çalışacaq. Çünki İran Ermənistanın qonşusu və ticarət tərəfdaşıdır. Əgər Ermənistanda iyun ayında keçirilmiş seçkilərdə revanşist müxalifət qalib gəlsə idi, Rusiya-Ermənistan-İran təhlükəsizlik formatı bərpa oluna bilərdi. Eks-prezident Robert Köçəryan hələ 2023-cü ildə Fransa ilə hərbi əməkdaşlığı tənqid etmiş və  Ermənistanın ən etibarlı müttəfiqlərinin Rusiya və İran olduğunu demişdi. Köçəryan seçkilərdə məğlub oldu və onun arzusu həyata keçmədi. Ona görə də Nikol Paşinyanın daha çox Avropa İttifaqına interasiya siyasətinə üstünlük verəcəyini dşünürəm. Fikrimcə, Ermənistan-İran münasibətlərinin gələcəyi daha çox ABŞ-İran müharibəsinin nəticəsindən asılı olacaq. Əgər ABŞ müharibədə qalib gələrsə, “Tramp marşrutu”nun reallaşması qaçılmaz olacaq. Üstəlik, Ermənistan İranla münasibətlərdə ciddi məsafə saxlamağa üstünlük verəcək.”


Ayxan Cəfərov