Norveç Rusiya ilə sərhəd yaxınlığında Cənubi Koreya istehsalı olan K9 özüyeriyən haubitsalardan ibarət artilleriya batalyonu yerləşdirib.
Moderator.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Norveçdəki səfiri Nikolay Korçunov “İzvestiya” qəzetinə müsahibəsində bildirib.
Diplomatın sözlərinə görə, yerləşdirilən batalyon 40 kilometrədək atəş məsafəsinə malik dörd K9 özüyeriyən haubitsadan ibarətdir.
Korçunov qeyd edib ki, 2028-ci ilin sonunadək daha 24 belə sistem Finnmark briqadasının arsenalına daxil ediləcək. Onun sözlərinə görə, Norveç Silahlı Qüvvələrinin 2030-cu ilədək Cənubi Koreya istehsalı olan K239 Chunmoo çoxsaylı raket buraxılış sistemləri və 500 kilometrədək mənzilli raketlər əldə etməsi də planlaşdırılır.
Bundan əlavə, Norveçin şimalındakı Troms bölgəsində ayrıca artilleriya batalyonunun yaradılması nəzərdə tutulur. Rusiya səfiri bildirib ki, bu qüvvələrin Rusiyanın Şimal Donanması və Kola yarımadasında yerləşən strateji obyektləri hədəfə almaq imkanına malik olacağı planlaşdırılır.