Sentyabrın 11-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində alman yazıçısı Maren Ernstin “Vierzig Mädchen” (“Qırx qız”) kitabının təqdimatı keçirilib.

Qırğız Respublikasının Avstriyadakı səfirliyinin Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlığı şəraitində baş tutan tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları, Qırğızıstandan gələn qonaqlar, Avstriyadakı qırğız diasporunun üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova çıxışında qardaş Qırğızıstana həsr olunmuş kitabın təqdimatına ev sahibliyi etməkdən məmnun olduğunu bildirib. O qeyd edib ki, türk dövlətlərinin mədəniyyətinə həsr olunmuş tədbirlər diqqət mərkəzində saxlanılır və bu, Azərbaycan Mədəniyyət Mərkəzində qırğız mədəniyyətinə həsr olunmuş sayca ikinci tədbirdir.

L.Qasımova kitabın adının qırğız xalqının tarixi və mənşəyi ilə bağlı qədim “Qırx qız” rəvayətini xatırlatdığını, beləliklə, artıq kitabın adının özünün müxtəlif mədəni ənənələrin təmas nöqtəsinə çevrildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, məhz belə görüşlər ədəbiyyat, incəsənət, tarix və insan taleləri vasitəsilə xalqların bir-birini daha yaxından tanımasına, təkcə fərqləri deyil, həm də birləşdirici cəhətləri kəşf etməsinə imkan yaradan əsl mədəniyyətlərarası dialoqu formalaşdırır.





Azərbaycanın mədəniyyətlərarası dialoqa və xalqlar arasında qarşılıqlı hörmətə həmişə böyük önəm verdiyini vurğulayan L.Qasımova bu il oktyabrda Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini xatırladıb. O, bu mühüm beynəlxalq tədbir ərəfəsində Vyanada alman ədəbiyyatı ilə qırğız mədəni ənənəsinin Azərbaycanın dəstəyi ilə bir araya gəlməsini mədəniyyətlərarası dialoqun kiçik, lakin çox əhəmiyyətli nümunəsi adlandırıb.

Qırğız Respublikasının Avstriyadakı səfiri Nurjan Şayldabekova tədbirin keçirilməsi üçün yaradılan imkana görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib. Səfir iştirakçılara qırğız xalqının mənşəyi ilə bağlı qədim “Qırx qız” rəvayətindən danışıb.