Türkiyənin xarici işlər naziri Hakan Fidanın Azərbaycana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovla görüşü keçirilib. Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli siyasi təmasların mütəmadi xarakter daşıdığı nəzərə alınarsa, bu görüşü yalnız iki ölkə arasındakı münasibətlərin ənənəvi yaxınlığı kontekstində deyil, hazırkı regional gündəlik baxımından da dəyərləndirmək mümkündür.
Xüsusilə nazirlərin təkbətək görüş keçirməsi görüşün gündəliyində qarşılıqlı maraq doğuran məsələlərin yer aldığını düşünməyə əsas verir.
Maraqlıdır, Hakan Fidanın Azərbaycana budəfəki səfəri və Ceyhun Bayramovla təkbətək görüşü hazırda regionda formalaşan proseslər baxımından hansı məqamlarla əlaqələndirilə bilər?
Bu görüşün Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyan hansı nəticələri ola bilər?
Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı Naqif Həmzəyev açıqlama verib.
Deputat qeyd edib ki, Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan sentyabrın 15-16-da Azərbaycana rəsmi səfər çərçivəsində Bakıda yüksək səviyyəli görüşlər keçirib:
"Səfər həm formatı, həm də müzakirə olunan mövzuların əhatə dairəsi baxımından iki qardaş ölkə arasındakı strateji tərəfdaşlığın bütün istiqamətlər üzrə davam etdiyini bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyev sentyabrın 15-də Hakan Fidanı qəbul edib. Görüşdə türkiyəli qonaq Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb, İlham Əliyev də öz növbəsində minnətdarlığını bildirərək qarşılıqlı salamlarını göndərib.
Söhbət zamanı tərəflər Azərbaycan-Türkiyə qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini vurğulayıblar. Xüsusi qeyd olunub ki, əməkdaşlıq "bir millət, iki dövlət" prinsipi əsasında ilbəil daha da möhkəmlənir.
Görüşdə həmçinin enerji sahəsindəki əməkdaşlığın strateji əhəmiyyətinə toxunulub və alternativ enerji istiqamətində beynəlxalq bazarlara yeni çıxış yolları ilə bağlı fikir mübadiləsi aparılıb.
Səfərin əvvəlində Xarici İşlər naziri Ceyhun Bayramov həmkarı Hakan Fidanı qarşılayıb. Nazirlik tərəfindən yayılan məlumatda vurğulanıb ki, bu səfər Azərbaycan və Türkiyə arasındakı güclü strateji tərəfdaşlığı, müttəfiqlik münasibətlərini və qardaşlıq bağlarını əks etdirir.
Qarşılamadan sonra iki nazir arasında təkbətək görüş keçirilib. Görüşdə enerji təhlükəsizliyi, logistika və strateji müttəfiqlik məsələləri geniş şəkildə müzakirə olunub. Bu mövzular hazırkı beynəlxalq və regional şəraitdə hər iki ölkə üçün prioritet xarakter daşıyır.
Hakan Fidanın səfəri Azərbaycan-Türkiyə əlaqələrinin təkcə simvolik deyil, institusional səviyyədə də davamlı və çoxqatlı xarakter daşıdığını göstərir. Energetika, logistika və təhlükəsizlik məsələlərinin paralel müzakirə olunması iki ölkənin regional layihələrdə əlaqələndirilmiş mövqe nümayiş etdirməyə davam etdiyinə işarədir.
Bu cür tez-tez təkrarlanan yüksək səviyyəli təmaslar Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin təkcə bəyanat xarakterli deyil, praktiki əməkdaşlıq mexanizmləri ilə də dəstəkləndiyinin göstəricisidir. Səfər bir daha təsdiqlədi ki, iki qardaş dövlət arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əlaqələr ardıcıl və planlı şəkildə dərinləşməkdə davam edir".
Pərvin Şakirqızı
Moderator.az/ Redaktor- aparıcı