Azərbaycan–ABŞ münasibətlərində son dövrdə siyasi dialoq və strateji əməkdaşlıq məsələləri daha intensiv müzakirə olunur. Xüsusilə Cənubi Qafqazda sülh gündəliyi, regional kommunikasiyaların inkişafı və iki ölkə arasında strateji tərəfdaşlığın yeni çərçivəsinin formalaşdırılması münasibətlərin gələcək istiqamətləri baxımından diqqət çəkir.
Prezidentin köməkçisi Hikmət Hacıyevin ABŞ mediasına açıqlamasında da Azərbaycan–ABŞ əlaqələrində yeni mərhələnin formalaşdığı və ölkələr arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində müəyyən razılaşmaların əldə olunduğu vurğulanıb.
Hikmət Hacıyev Azərbaycan–ABŞ münasibətlərində yeni dövrün başladığını vurğulayır. Maraqlıdır, bu yeni mərhələnin Azərbaycan üçün əsas siyasi və strateji əhəmiyyəti nədən ibarətdir və strateji tərəfdaşlığın inkişafı iki ölkə arasında əməkdaşlığın hansı istiqamətlərində özünü daha aydın göstərə bilər?
Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı Elnarə Akimova açıqlama verib.
Deputat qeyd edib ki, Hikmət Hacıyevin “Azərbaycan–ABŞ münasibətlərində yeni dövr” vurğusu, məncə, diplomatik münasibətlərin məzmununun dəyişməsini ifadə edir:
"2026-cı ilin fevralında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası artıq bu siyasi niyyətin sənəd üzərində rəsmiləşdirildiyini göstərir: tərəflər iqtisadi artım, investisiya, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tuturlar.
Azərbaycan üçün bu mərhələnin ən mühüm siyasi nəticəsi ölkənin Cənubi Qafqazda yalnız enerji resurslarına və coğrafi mövqeyinə görə deyil, regional təhlükəsizlik və yeni geosiyasi bağlantılar baxımından da ABŞ üçün əhəmiyyətli tərəfdaş kimi mövqelənməsidir.
Vaşinqtonun Bakı ilə münasibətləri strateji səviyyəyə çıxarması Azərbaycanın xarici siyasətində manevr imkanlarını genişləndirir, eyni zamanda ölkənin müstəqil və çoxvektorlu diplomatiyasına əlavə siyasi çəkı verir.
Bu baxımdan söhbət hansısa blokun daxilinə daxil olmaqdan deyil, Azərbaycanın öz milli maraqlarını daha geniş diplomatik imkanlar üzərindən həyata keçirməsindən gedir. Burada ən böyük dəyişikliklərdən biri Qarabağ münaqişəsindən sonrakı regional reallığın ABŞ-Azərbaycan münasibətlərinin gündəliyini yenidən formalaşdırmasıdır.
2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə əldə olunan sülh razılaşması ABŞ-ın Cənubi Qafqazdakı rolunu da yeni mərhələyə çıxardı. Ardınca regionun nəqliyyat xəritəsini dəyişə biləcək TRIPP layihəsi gündəmə gəldi.
Azərbaycan üçün bunun strateji əhəmiyyəti yalnız Naxçıvana quru bağlantısının güclənməsi deyil; ölkənin Şərq-Qərb ticarət marşrutlarında tranzit qovşağı kimi çəkisinin artmasıdır. Hacıyev də 2026-cı ilin iyulunda ABŞ-ın dəstəklədiyi bu layihənin həyata keçirilməsinə dair Vaşinqtondan “ciddi və müsbət siqnallar” alındığını bildirib".
Elnarə Akimova vurğulayıb ki, ikinci mühüm istiqamət enerjidir:
"Azərbaycan artıq ABŞ üçün sadəcə neft və qaz ixracatçısı kimi deyil, Avropanın enerji təhlükəsizliyinə və enerji marşrutlarının şaxələndirilməsinə töhfə verən ölkə kimi əhəmiyyət daşıyır. Qarşıdakı mərhələdə əməkdaşlığın bərpa olunan enerji, enerji infrastrukturu, kritik xammal və özəl investisiyalar istiqamətində dərinləşməsi daha məntiqli görünür.
Belə əməkdaşlıq Azərbaycanın enerji gəlirlərini texnologiya və yeni iqtisadi imkanlara çevirməsinə şərait yarada bilər. ABŞ-Azərbaycan münasibətlərinin yeni çalarlarından biri də məhz enerji ilə investisiyanın bir-birindən ayrılmaması olacaq.
Məncə, ən perspektivli sahələrdən biri isə texnologiya və rəqəmsal iqtisadiyyatdır. ABŞ-la strateji tərəfdaşlıq Azərbaycan üçün yüksək texnologiyalara çıxış, süni intellekt, rəqəmsal infrastruktur, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafı baxımından yeni imkanlar yarada bilər.
Artıq 2026-cı ildə Bakı ilə Vaşinqton arasında əməkdaşlıq gündəliyində süni intellektin də yer alması münasibətlərin klassik enerji diplomatiyasından texnoloji tərəfdaşlığa doğru genişləndiyini göstərir.
Təhlükəsizlik məsələsində də yeni mərhələnin özünəməxsus məntiqi var. Azərbaycan üçün ABŞ-la münasibətlərin dərinləşməsi yalnız hərbi əməkdaşlıq demək deyil; sərhəd təhlükəsizliyi, terrorçuluqla mübarizə, kiberhücumlara qarşı müdafiə, mina təmizləmə texnologiyaları və regional sabitlik kimi sahələrdə praktiki əməkdaşlığın genişlənməsi daha real nəticələr verə bilər.
Xüsusilə mina problemi burada həm humanitar, həm də iqtisadi məsələdir: Azərbaycan ABŞ-dan mina aşkarlanması və təmizlənməsi üzrə texnologiya və təcrübə əldə etməkdə maraqlıdır. Bütün bunların fonunda ən böyük strateji qazanc Azərbaycanın Cənubi Qafqazın kənarında dayanan ölkə obrazından çıxaraq regionun yeni siyasi-iqtisadi arxitekturasının qurulmasında iştirak edən əsas aktorlardan birinə çevrilməsidir.
ABŞ üçün Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında enerji, nəqliyyat və ticarət bağlantılarında mühüm həlqədirsə, Azərbaycan üçün ABŞ strateji kapitala, texnologiyaya, siyasi dəstəyə və qlobal iqtisadi şəbəkələrə çıxış imkanlarını genişləndirən tərəfdaşdır.
Əgər bu münasibətlər yalnız siyasi bəyanatlar səviyyəsində qalmayıb konkret investisiya, texnologiya, nəqliyyat və təhlükəsizlik layihələrinə çevrilərsə, “yeni dövr” ifadəsi diplomatik ritorika olmaqdan çıxaraq Azərbaycanın regiondakı mövqeyini uzun illər müəyyənləşdirəcək real strateji mərhələyə çevrilə bilər".
Pərvin Şakirqızı
Moderator.az – Redaktor-aparıcı