Qabil Hüseynli: “Patruşevlər bilməlidir ki, əgər NATO, Aİ ölkələri Polşaya kömək etsələr, Rusiya Polşanın yanından yel də olub keçə bilməz..."
 




Politoloq Qabil Hüseynli  Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Nikolay Patruşevin Polşanın xarici işlər naziri Radoslav Sikorskinin ölkəsinin Rusiyadan hərbi baxımdan üstün olması ilə bağlı açıqlamasına münasibət bildirib. Qeyd edək ki, Patruşev Sikorskinin bəyanatına cavab olaraq Polşanın Rusiyaya qarşı hərbi əməliyyatlara qoşulacağı təqdirdə, Moskvanın sərəncamında olan bütün qüvvə və vasitələrdən istifadə edəcəyini və Polşa dövlətçiliyinin 2-3 gün ərzində mövcudluğunu itirə biləcəyini bildirib.
 
Qabil Hüseynli Moderator.az-a açıqlamasında Rusiyanın bu cür bəyanatlarının ciddi narahatlıq doğurduğunu vurğulayıb:
 
“Adamı dəhşət bürüyür. Görün, bunlar nə qədər həddini aşıblarsa... Onların həddini aşmasında da birinci rolu Amerikanın prezidenti Donald Tramp oynayır. Məsələ o dərəcəyə çatıb ki, dünən bunlar Rusiyanın qarşısında Avropanı, yaxud Amerikanı görürdülərsə, indi heç kəsi görmürlər.
 
Amma Kremldəki Patruşev kimilər unudurlar ki, Avropanın böyük potensialı var. Polşa da daxil olmaqla Qərb ölkələri, o cümlədən Böyük Britaniya Ukrayna ilə birgə Rusiyaya qarşı olmaqda davam edirlər. Sadəcə, hələlik Avropa İttifaqının, ümumiyyətlə, Avropanın hərbi istehsal gücü zəifdir. Lakin bu problemin də, yəqin ki, tezliklə həllini tapacağını düşünürəm. Hələlik isə hər kəs öz hesabını gözləyir”.
 
Politoloq son dövrdə ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsi ətrafında yaranmış vəziyyətə təsirindən də danışıb.
 
“Son iki ildə aranı daha çox qızışdıran və Rusiyaya meydan verən isə Trampdır. Tramp qədər son dövrdə dövlətlərarası münasibətlərə, xüsusilə də ABŞ-ın Ukrayna və Rusiyaya münasibətlərinə zərbə vuran ikinci bir dövlət başçısı yoxdur.
 
Əgər Tramp olmasaydı, Ukrayna savaşında müsbət nəticəyə çoxdan gəlib çıxmışdıq. Rusiya da sülh bayrağını qaldırıb müharibəni bitirmişdi”, – deyə Qabil Hüseynli bildirib.
 
Həmsöhbətimiz Patruşevin Polşaya qarşı səsləndirdiyi hədələrin, o cümlədən nüvə silahı ilə bağlı ritorikanın vəziyyəti daha da gərginləşdirdiyini diqqətə çatdırıb:
 
“İndi bunlar Polşa haqqında ağıllarına gələni söyləyirlər, hətta nüvə silahı ilə də hədələyirlər. Amma anlamırlar ki, Polşanın müttəfiqləri var. Öncə dediyim kimi, bütün Avropa İttifaqı və NATO ölkələri Polşanın müttəfiqləridir. Əgər onlar Polşaya kömək etsələr, Rusiya Polşanın yanından yel də olub keçə bilməz.
 
Patruşevlər bilməlidirlər ki, onların bu cür hərbi, davakar bəyanatları dünyanın əksər hissəsinin Rusiyaya qarşı qəzəbini daha da artırır...”
 
Sultan Laçın