ABŞ Nümayəndələr Palatası müdafiə naziri Pit Heqsetə qarşı impiçment proseduruna başlayıb.


Moderator.az bu haqda "Reuters" və Fokus" nəşrlərinə istinadla xəbər verir. 




 
ABŞ Konqresinin Respublikaçılar Partiyasından olan nümayəndəsi Tomas Massi müdafiə naziri Pit Heqsetə qarşı impiçment prosedurunun başlanması üçün qətnamə təqdim edib.
 
Kentukkidən olan konqresmen Heqseti, əsasən, Konqresin razılığı olmadan İranla hərbi əməliyyatların aparılmasında və prezident Donald Trampın İrana qarşı müharibəsi çərçivəsində ABŞ ordusunun fəaliyyətinin davam etdirilməsində ittiham edib.
 
Massinin təqdim etdiyi sənəddə müdafiə nazirinə qarşı ümumilikdə 8 impiçment maddəsi yer alıb. Onlardan ilk üçü ABŞ-ın 1973-cü il tarixli Müharibə Səlahiyyətləri Qanununa istinad edir. Massi hesab edir ki, Heqset Konqresin müharibə səlahiyyətlərini nəzərə almadan İran ərazisində hərbi əməliyyatların başlanmasına və davam etdirilməsinə şərait yaradıb. 
 
Qətnamədə həmçinin mülki şəxslərin qorunması ilə bağlı qanunların pozulması, narkotik qaçaqmalçılığında şübhəli bilinən şəxslərə qarşı əməliyyatlarda məhkəməsiz öldürmələr, senator Mark Kelliyə qarşı mümkün qisas xarakterli addımlar, Venesuelanın keçmiş prezidenti Nikolas Maduro və onun həyat yoldaşı ilə bağlı əməliyyat, eləcə də Yəməndə Konqresin icazəsi olmadan hərbi əməliyyatların keçirilməsi ilə bağlı iddialar yer alıb. Bu ittihamlar hələ məhkəmə və ya digər hüquqi proses çərçivəsində təsdiqlənməyib. 
 
Massi qətnaməni “imtiyazlı” statusla təqdim edib. Bu isə o deməkdir ki, ABŞ Nümayəndələr Palatası məsələni iki qanunvericilik günü ərzində gündəmə gətirməlidir. Respublikaçıların nəzarətində olan Palatanın rəhbərliyinin qətnaməyə necə yanaşacağı hələlik məlum deyil. 
 
Pentqon isə Heqsetə dəstəyini ifadə edib. Müdafiə Nazirliyinin mətbuat katibi Kingsli Uilson bildirib ki, departament müdafiə nazirinin rəhbərliyi ətrafında birləşib və ABŞ hərbçilərinin və ölkənin maraqlarının prioritet olaraq qalacağını açıqlayıb. 
 
Massi İran müharibəsinin və ABŞ-ın xaricdəki hərbi müdaxilələrinin açıq tənqidçilərindən biridir. O, may ayında Respublikaçılar Partiyasının praymerizində Trampın dəstəklədiyi namizədə məğlub olub və növbəti seçkidə namizəd olmayacaq. 
 
ABŞ-da İranla müharibə fonunda Konqresdə hərbi əməliyyatların davam etdirilməsi üçün qanunverici orqanın razılığının alınması məsələsi ətrafında mübahisələr davam edir. Massinin təşəbbüsü də məhz bu konstitusion səlahiyyətlər mübahisəsinin fonunda irəli sürülüb. 

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampa qarşı impiçment təşəbbüsü isə sentyabrın 15-də Nümayəndələr Palatasında 232 səslə 147 səsə qarşı rədd edilib, 47 konqresmen isə bitərəf qalıb.


Bununla belə, Trampa qarşı impiçment təhlükəsi tam aradan qalxmayıb və onun İran müharibəsi ilə bağlı siyasəti fonunda Konqresdə gələcəkdə yeni təşəbbüslərin irəli sürülməsi ehtimalı qalır.


S.Laçın