“Azərbaycanda akkreditasiya olunmuş diplomatik heyət üzvlərinin Qarabağ və Şərqi Zəngəzura səfərləri yenə dər Ermənistan cəmiyyətində narahatlıq doğurub. Bu, o deməkdir ki, Ermənistan verdyi vədlərə əməl etmir, məğlubiyyətdən sonra razılaşdığı məsələlərə münasibətdə özünü səmimi aparmır”.
Bunu Moderator.az-a açıqlamasında akademik Nizami Cəfərov bildirib. Nizmai Cəfərov qeyd edib ki, revanşist qüvvələrin Ermənistan hakimiyyətində təmsil olunan şəxslər tərəfindən dəstəklənməsi qəbuledilməzdir:
“Ölkə daxilində müəyyən revanşist qüvvələrin olması başadüşüləndir. Lakin bizi narahat edən məsələ Ermənistan dövlətinin özünün də hardasa bu revanşist qüvvələri dəstəkləməsidir. Bunun sübutu odur ki, Ermənistan parlamentinin sədri Ruben Rubinyan parlamentdə prinsip etibarilə yolverilməz şəkildə Azərbaycanın daxili işlərinə qarışır, revanşist qüvvələri dəstəkləyir. Söhbət diplomatik heyətin Azərbaycan ərazilərinə səfərindən və Ruben Rubinyanın bu səfərlə bağlı ortaya qoyduğu möğvqedən gedir.
Ermənistan anlamalıdır ki, Azərbaycan ərazilərinə Ermənistanın hərbi-hüquqi müdaxiləsinə imkan vermədiyi kimi, mənəvi-psixoloji müdaxiləsinə də imkan verəməyəcək. Azərbaycan ərazisi Azərbaycana məxsusdur. Azərbaycan ərazisində hər hansı tarixi abidə bu və ya digər qədim xalqa məxsus ola bilər. Lakin bu abidələr də Azərbaycanındır. Bu abidələr üçün hüquqi məsuliyyəti yalnzı və yalnız Azəbaycan daşıyır.
Ermənistanın necə yarandığı hər kəsə məlumdur. Ermənistan ərazisində külli miqdarda Azərbaycan-türk abidələri var. Ermənistan bu abidələrin nəinki qayğısına qalıb, əksinə, daim bu abidələri məhv edib. Azərbaycan heç vaxt belə bir şey etməyib. Dövlətimiz və xalqımız Azərbaycan ərazisində olan erməni adına çıxılan abidələrə münasibətdə də tolerant mövqe sərgiləyib. Hətta Ermənistan Azərbaycana qarşı son dərəcə işğalçı, mürtecə mövqe sərgilədiyi dönəmdə də xalqımız öz tolerant mövqeyindən imtina etməyib.
Regionda de-fakto sülhün mövcud olduğu, sülh danışıqlarının davam etdiyi bir dönəmdə Ermənistan hakimiyyətində təsmil olunan şəxslərin revanşist qüvvələrə dəstək verməsi Azərbaycan xalqının heç xoşuna gəlmir. Azərbaycan xalqı bu cür ləyaqətsiz, özünü doğrutmayan, gələcəyi olmayan, bu cür münaqişə yarada biləcək hərəkətləri qəbul edə bilməz və daim pisləyəcək”.
Seymur ƏLİYEV