“Adam dükan və bazarlarda kənd təsərrüfatı ərzaqlarının (özü də çoxu ekoloji ) bahalığından məcnun olub tarlalara düşdü...”
-7 CÜMLƏDƏ 7 DƏRD...-
-Deyəsən, uşaqlarımızın təhsilinə cavabdeh nazirin “3” rəqəmindən, qiymətindən xoşu gəlir; əvvəl deyirdi, 3 şagirddən biri adını yaza bilmir - indi də universitetləri 3 illik etmək qərarına gəlib...
-Statistika Komitəsi, deyir ki, eşşəklərin sayı son illər sürətlə azalır və bir ildə 2400 eşşək ölkəni tərk edib, üzr istəyirik, yoxa çıxıb, amma gərək “eşşək kimi işləyənlər”in də statistikasını dəqiqləşdirək…
-Gədəbəydə bir məmur gədalıq edərək xadiməni aldadıb 3 min manatını alıb, amma sonda 3 mini də geri qaytarıb, üstəlik, dövlətə 750 manat “faiz” də ödəyib; deməli, gədanın da vicdanı var, sadəcə Mərkəzi Bankdan lisenziyası yoxdur...
-15 Sentyabrda Bakıda həm Bilik Günü, həm də axır ki, milli “Birlik” Günü oldu və milli “Birlik” Dərsi keçirildi; müəllim tıxac, şagirdlər isə sükan arxasında gözləyən yüz minlərlə sürücü, həm də avtomobil və avtomobil sərnişinləri idi(Əslində birlik olmaq həm də bilikli olmaqdan keçir)...
-Görən, yoldaş Koroğlu rüşvət-filan, namərdlik, dələduzluq nə olduğunu bilməyən 7777 dəlisindən 7 bir az ağıllısını tapıb verər, başçı yeri boş qalmış 7 rayon və şəhərimizə yollayaq ki, oraları bir az abıra salsınlar...
-Adam dükan və bazarlarda kənd təsərrüfatı ərzaqlarının (özü də çoxu ekoloji ) bahalığından məcnun olub tarlalara düşdü...
-Hüquq-mühafizə orqanları deyir ki, son vaxtlar dükan, marketlərdən oğurluqların sayı artır; kameralar oğrunu axtarır, amma heç bir kamera insanı oğurluğa aparan bahalığı, işsizliyi və ümidsizliyi çəkib təsvirlərini cəmiyyətə çatdıra bilmir...
Sultan Laçın