Qarabağın tarixi və mədəni irsi ilə yanaşı, elm və maarifçilik sahəsində formalaşdırdığı ənənələr də Azərbaycan cəmiyyətinin intellektual inkişafında mühüm yer tutur. 


Bu baxımdan Qarabağın təhsil tarixinin araşdırılması bütövlükdə Azərbaycanın ictimai-intellektual inkişaf yolunun mühüm səhifələrindən birini təşkil edir. 






Burada söhbət yalnız vaxtilə mövcud olmuş təhsil ocaqlarının yenidən qurulmasından getmir; əsas məsələ uzun tarixi mərhələlər ərzində formalaşmış maarifçilik xəttinin yeni dövrün tələbləri ilə necə uzlaşdırılacağıdır.


Qarabağda təhsilin gələcəyi bu səbəbdən həm milli irsin qorunması, həm də müasir bilik, texnologiya və insan kapitalının inkişafı kontekstində xüsusi əhəmiyyət daşıyır. Keçmişin intellektual potensialı ilə müasir təhsil yanaşmalarının bir araya gətirilməsi regionun sosial və elmi inkişafına yeni məzmun qazandıra bilər.


 Bəs Qarabağın tarixi təhsil ənənələri bu gün hansı prinsiplər əsasında davam etdirilməlidir və qarşıdakı mərhələdə regionun elm və təhsil potensialının formalaşdırılması üçün hansı yanaşmalar əsas götürülməlidir?


Mövzu ilə bağlı Moderator.az-a Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının sədr müavini, pedaqoji elmlər doktoru, professor, Fərrux Rüstəmov açıqlama verib. 


Professor qeyd edib ki, Azərbaycanın qədim mədəniyyət beşiyi olan Qarabağ təkcə zəngin tarixi, maddi-mənəvi abidələri ilə deyil, həm də əsrlər boyu formalaşmış dərin elm və təhsil ənənələri ilə ölkəmizin intellektual yaddaşında müstəsna yer tutur:


"Zəngin təhsil ənənələrinə malik Qarabağ torpaqlarında XIX əsrə qədər milli-mənəvi dəyərlərə, İslam və ümumbəşəri elmlərə əsaslanan geniş məktəb və mədrəsə sistemi fəaliyyət göstərmişdir.


Çar Rusiyasının Qafqazı işğalından sonra bölgədə yeni tipli dünyəvi təhsilin əsası qoyulmuş, ilk dəfə məhz 1830-cu ildə Şuşada qəza məktəbi açılmışdır. Zamanla bu təhsil ocağı Şuşa şəhər məktəbinə, daha sonra isə 6 sinifli real məktəbə çevrilərək regionun intellektual mərkəzinə çevrilmişdi.


 Sonrakı illərdə, xüsusilə 1920-1991-ci illərdə, Qarabağda məktəbəqədər, ümumi orta, peşə-ixtisas və ali təhsilin geniş şəbəkəsi formalaşmış və inkişaf etmişdir. Lakin tarixi boyu müxtəlif sınaqlardan keçən bu diyar erməni işğalçılarının hərbi təcavüzü ilə üzləşmiş, əsrlərin yadigarı olan maarif ocaqları qəsdən yerlə-yeksan edilmişdir.


İşğal olunmuş ərazilərdə — Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və Xocavənddə — 600-dən çox ümumtəhsil məktəbi, peşə liseyi və uşaq bağçası viran qoyulmuş, zəngin kitabxanalar talan edilmiş, minlərlə dərs vəsaiti və elmi ədəbiyyat məhv edilmişdir.


Bu gün müasir Azərbaycan dövləti Qarabağda həyatı yenidən qurur, paralel olaraq qədim təhsil irsini bərpa edir və tamamilə yeni, müasir standartlara cavab verən təhsil ocaqları inşa edir".


Fərrux Rüstəmov vurğulayıb ki, “Böyük Qayıdış” proqramı çərçivəsində Şuşada müasir standartlara cavab verən 960 şagird yerlik yeni Şuşa şəhər 1 nömrəli tam orta məktəb, Füzuli şəhərində Özbəkistan dövlətinin xalqımıza hədiyyəsi olan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, eləcə də Aşağı Alıxanlı kənd məktəbi qədim ənənələrin varisliyini uğurla yaşatmaqdadır:


"Qarabağın gələcək təhsil modelinin formalaşmasında tarixi köklərə sadiqlik ilə müasir innovativ texnologiyaların vəhdəti əsas istiqamətləndirici rol oynamalıdır.


İşğaldan azad edilmiş torpaqlarda dağıdılmış təhsil müəssisələrinin yerində yaradılan müasir infrastruktura malik yeni məktəblər bu qədim diyarın əbədi zəka, elm və işıq mənbəyi olduğunu bütün dünyaya bir daha nümayiş etdirir. 


Bu prosesdə bölgənin zəngin intellektual irsinin dirçəldilməsi, Mir Mövsüm Nəvvab, Qarabaği, Xurşidbanu Natəvan kimi dahi şəxsiyyətlərin maarifçi ənənələrinin yeni dövrün təhsil ocaqlarında yaşadılması çox vacibdir.


 Bu parlaq gələcəyin ən bariz nümunəsi və intellektual dayağı isə Xankəndi şəhərində fəaliyyətə başlayan Qarabağ Universitetidir. Universitet təkcə regionun deyil, bütün ölkənin ali təhsil sistemində mühüm yeniliklərə imza ataraq, qlobal çağırışlara cavab verən yüksək ixtisaslı kadrlar yetişdirir. 


Qabaqcıl dünya təcrübəsinin tətbiq olunduğu bu ali məktəb gənclərimizə doğma torpaqlarda unudulmaz tələbəlik həyatı bəxş etməklə yanaşı, Qarabağın gələcək elmi potensialını formalaşdırır. Qarabağda açılan hər bir elm və təhsil ocağı Azərbaycanın sabaha gedən yolunun işıqlı zəfər körpüsüdür".


Pərvin Şakirqızı 

Moderator.az / Redaktor-aparıcı 


Qeyd: Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Beynəlxalq Liberal Maarifçilik Mərkəzi” İctimai Birliyinin icra etdiyi “ Qarabağ təhsilinin ənənələri: Keçmişdən gələcəyə” adlı layihəsi çərçivəsində hazırlanıb.