Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri bölgədə postmünaqişə dövrünün reallıqlarının beynəlxalq diplomatik nümayəndələr tərəfindən yerində müşahidə olunması baxımından diqqət çəkdi. Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən təxminən 150 nəfərin iştirakı isə bu təşəbbüsün geniş diplomatik təmsilçiliyini nümayiş etdirdi.
Səfərin Ermənistan siyasi və ictimai mühitində doğurduğu reaksiyalar isə Azərbaycan-Ermənistan münasibətlərində siyasi və ictimai müstəvidə müəyyən həssaslıqların hələ də qaldığını göstərən müzakirələrə səbəb olub. Eyni zamanda, səfər çərçivəsində tarixi-mədəni irslə bağlı məsələlərin də gündəmə gəlməsi Qarabağın yalnız bu gününün deyil, onun tarixi irsinin və gələcəkdə regionla bağlı formalaşdırılacaq narrativlərin də mühüm müzakirə predmetlərindən biri olaraq qalacağını göstərir.
Səfərin Ermənistan siyasi və ictimai mühitində doğurduğu reaksiyalar postmünaqişə reallıqlarının qəbul edilməsi və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması baxımından hansı məqamları ortaya qoyur? Bu yanaşmalar sülh prosesinin ictimai-siyasi əsaslarının formalaşmasına təsir göstərə biləcək hansı amillərdən xəbər verir?
Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı Əli Məsimli açıqlama verib.
Deputat qeyd edib ki, 2020-ci ildə Vətən müharibəsindəki möhtəşəm Zəfərimiz nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi və bunun məntiqi davamı kimi 20 sentyabr 2023-cü il tarixində həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının öz ərazisində separatizmə son qoyaraq dövlət suverenliyini tam təmin etməsi Azərbaycan üçün böyük tarixi əhəmiyyət kəsb etməklə yanaşı, Ermənistanın özü, eləcə də region və dünya üçün çox mühüm regional və qlobal əhəmiyyət daşıyır:
"Azərbaycan hərb meydanında mümkün görünməyənləri mümkün edə bildiyi kimi, postmüharibə dövründə də mümkün görünməyənləri mümkün etməkdə davam edir. Azərbaycanın yaratdığı yeni reallıqlar şəraitində bir sıra dövlətlərin uzun illər regionumuzda tətbiq etdiyi qaydalar, məkrli ssenarilər artıq işləmir, təzyiq vasitələri də öz kəsərini itirib.
Bu əsasda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması imkanları artıb. Bu müqavilənin reallaşması Cənubi Qafqazda sabitliyin bərqərar olunması və inteqrasiyanın daha geniş miqyaslarda yeni məzmun kəsb etməsi perspektivləri yaradır.
Məhz Azərbaycanın yaratdığı yeni reallıqlar sayəsində 30 il ərzində düşmən tapdağı altında qalmış, daşı-daş üstə qalmamış, hər qarışı minalanmış, keçilməz çoxqatlı istehkamlarla qurulmuş, döyüş meydanına çevrilmiş ərazilərimiz şanlı Zəfərimizdən sonra tikinti meydanına, mühüm layihələrin reallaşdırıldığı əməkdaşlıq arenasına çevrilib.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işlərinin vüsəti gündən-günə artır. Bu ərazilərdə yerləşən şəhərlər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, sosial obyektlər istifadəyə verilir, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin olunur.
Bu prosesin mühüm tərəflərindən biri də həyata keçirilən işlərin beynəlxalq ictimaiyyətə nümayiş etdirilməsidir. Bu baxımdan Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzura səfərləri xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura təşkil edilən növbəti səfəri həm regional reallıqların dünyaya çatdırılması baxımından çox mühüm strateji əhəmiyyət kəsb edir".
Millət vəkili vurğulayıb ki, bu, Azərbaycanın yaratdığı yeni reallıqların yerində müşahidəsi baxımından mühüm əhəmiyyət daşıyır:
"Münaqişə mövzusunun tamamilə qapandığını nümayiş etdirən bu səfər diplomatlara Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə aparılan irimiqyaslı infrastruktur, bərpa və yenidənqurma layihələrini öz gözləri ilə görmək imkanı verib. Keçmişdə yalnız münaqişə və təhlükəsizlik problemləri ilə xatırlanan bu ərazilər indi mərkəzi kimi təqdim olunur.
Xarici nümayəndələrin Gəncəsər və Xudavəng monastır komplekslərini ziyarət etməsi, işğal dövründə bu qədim Alban abidələrinə edilən saxtalaşdırma cəhdlərinin və müdaxilələrin beynəlxalq ictimaiyyətə birbaşa ifşa olunması baxımından mühüm addımdır. Ermənistanın, ümumiyyətlə, Qafqaz Albaniyası irsinə belə reaksiyası irqçilik kimi qiymətləndirilə bilər.
Qafqaz Albaniyasının Azərbaycan torpaqlarında mövcudluğu dünya tarix elminə yaxşı məlumdur. Ermənistan cəmiyyətində Qafqaz Albaniyasının və onun mədəni irsinin inkarı faktiki irqçilikdir. Ermənistan həqiqətə dözümsüzdür. Azərbaycan Respublikasının ərazisindəki bütün tarixi və mədəni abidələr Azərbaycan dövlətinə və xalqına məxsusdur, dövlət tərəfindən bütün məsuliyyəti ilə qorunur. Ermənistan hakimiyyəti revanşist qüvvələri dəstəkləyir.
Ermənistan daxilində revanşist qüvvələr var. Lakin onlar təkcə müxalifətdə deyil. Təhlillər göstərir ki, yayılan bu məlumatların və kampaniyanın arxasında Ermənistan hakimiyyətinin özü dayanır. Belə ki, bir çox paylaşımlar və yazılar məhz hakim partiyaya yaxın resurslarda gedib.
Bu səfərin Ermənistan cəmiyyətində, həmçinin rəsmi İrəvanın bəzi dairələrində, məsələn, parlament rəhbərliyi səviyyəsində, kəskin narahatlıq və isterika ilə qarşılanması təəssüf doğurur.
Ermənistan tərəfinin bu legitim səfərə qarşı apardığı aqressiv qarayaxma kampaniyası və səfirlərə qarşı yönəlmiş hücum xarakterli bəyanatları rəsmi İrəvanın sülh müqaviləsi və normallaşma prosesində hələ də səmimi olmadığını göstərir.
Belə isterik reaksiyanın Ermənistan hakimiyyətinə yaxın mənbələr tərəfindən də yayılması Azərbaycanın daxili işlərinə müdaxilə və suverenliyə hörmətsizlikdir. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisidir. Ermənistanın xarici diplomatların bu bölgəyə səfərini tənqid etməsi və ya qəbul etməməsi onun Azərbaycanın ərazi bütövlüyünü tanımaq öhdəliyi ilə tamamilə ziddiyyət təşkil edir və daxili işlərə kobud müdaxilədir.
Revanşistlərin isterikası, xüsusilə Qərb dövlətlərinin aparıcı diplomatlarının Xankəndi və Şuşaya səfər etməsi ilə Ermənistanın onilliklər boyu qurduğu saxta ideoloji tezislərin və xülyaların beynəlxalq müstəvidə tamamilə darmadağın olmasından irəli gəlir.
Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır.
Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıdıb. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyil.
Ermənistan tərəfinin Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv etməsi və Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki mədəni izlərini silməsi beynəlxalq hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyası və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulmasıdır.
Bütün baş verənlər rəsmi İrəvanın sülh prosesində bir daha qeyri-səmimiliyini nümayiş etdirir. Çox təəssüf ki, növbəti dəfə yenə də unudulur ki, erməni revanşistlərinin və onlara dirijorluq edən rəsmi dairələrin mənfi reaksiyası regionda yaradılmış yeni geosiyasi reallıqları və Azərbaycanın qətiyyətli fəaliyyətini dəyişmək gücündə deyil.
Bu cür destruktiv addımlar yalnız Ermənistanın özünü beynəlxalq hüquq prinsiplərindən və regional inkişaf layihələrindən təcrid etməsinə xidmət edir. Ona görə də hazırkı reallıqlar şəraitində Ermənistan üçün alternativi olmayan yol – sülhə aparan yolda Azərbaycanla münasibətlərdə fikirdə, sözdə və əməldə tam səmimi olması yoludur".
Pərvin Şakirqızı
Moderator.az/ Redaktor