Azərbaycanda bəzi banklarda eyni valyutada və eyni kateqoriyaya aid birdən çox debet kartının əldə edilməsinə məhdudiyyət tətbiq olunur. Məlumata görə, bəzi banklar bu qaydanı artıq tətbiq edir, digərlərində isə məhdudiyyətin oktyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. 


Maraqlıdır, bu dəyişiklik vətəndaşların bank kartlarından istifadə vərdişlərinə və vəsaitlərini idarə etmə üsuluna necə təsir göstərə bilər?






Xüsusilə bir kartı əsas vəsaitlərin saxlanılması, digərini isə gündəlik ödənişlər üçün istifadə edən müştərilər baxımından bu məhdudiyyətin maliyyə təhlükəsizliyi və bank xidmətlərindən rahat istifadə imkanlarına hansı təsirləri ola bilər?


Mövzu ilə bağlı Moderator.az-a bank eksperti Emin Kərimov açıqlama verib. 



Ekspert bildirib ki, belə məhdudiyyətlərin tətbiq olunması gözlənilən idi:


"Çünki cari ilin avqust ayının əvvəlində kart əməliyyatlarına tətbiq olunan məhdudiyyətlər, əslində, kart sahəsində kartların verilməsi və bir şəxsə düşən kart sayının tənzimlənməsini də zəruri edirdi.


Nəzərə alsaq ki, hazırda banklarda kartların sayına dair hər hansı məhdudiyyət yoxdur, bir şəxs istədiyi sayda, həm eyni bankdan, həm də digər banklardan plastik kart sifariş edə və əldə edə bilər. Eyni zamanda, bu imkan hazırda hətta pərakəndə ticarətlə məşğul olan mağaza və market şəbəkələrində də mövcuddur. 


Şəxs kartı əldə edir, aktivləşdirir və istifadəsinə başlayır. Bu isə kart əməliyyatlarına tətbiq edilən məhdudiyyətlərin daha effektiv işləməsinə mane olurdu. Nə üçün? Çünki şəxsin bir neçə kartı varsa, məsələn, 10 kartı və onların hamısı eyni banka məxsusdursa, həmin şəxs gün ərzində 50 mədaxil əməliyyatı həyata keçirə bilirdi. 


Əgər bir kart üzrə bu göstərici 5 əməliyyatdırsa, 10 kart artıq 50 əməliyyata qədər imkan yaradır. Bu isə məhdudiyyətlər tətbiq olunmazdan əvvəl mövcud olan əməliyyatların eyni formada davam etdirilməsini özündə ehtiva edirdi".


Emin Kərimov vurğulayıb ki, əvvəlki kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs POS-terminal və digər ödəniş vasitələrindən istifadə etmədən ödənişin öz kartına göndərilməsini tələb edirdisə, hazırda da bu proses eyni istiqamətdə davam edə bilər:


"Yəni şəxs POS-terminal yerləşdirmədən, mobil POS-dan və ya QR ödənişindən istifadə etmədən kommersiya şəbəkəsində limiti olan kartı üzrə, daha doğrusu, kart limiti keçilməmiş kartlardan birinə pul köçürülməsini rahatlıqla tələb edə bilər.


Ona görə də belə bir məhdudiyyətin tətbiq olunması bu gün həm bazarın tələbi, həm də kartdan-karta əməliyyatlara tətbiq edilən məhdudiyyətlərin məntiqi davamıdır. Çünki belə bir tənzimləmə tətbiq olunmasa, əvvəlki məhdudiyyətlərin effektivliyi müəyyən mənada öz əhəmiyyətini itirə bilər.


Düzdür, bu məhdudiyyət kart bazarında müəyyən dərəcədə kiçilməyə, kartların sayının azalmasına və kart satışından əldə olunan gəlirlərin müəyyən qədər aşağı düşməsinə səbəb ola bilər. Lakin burada faktiki olaraq kartların təyinatı üzrə, yəni mahiyyətinə uyğun istifadəsinə dəstək verilmiş olacaq. Başqa sözlə, kartlardan kommersiya məqsədləri və vergidən yayınma halları üçün istifadə minimuma endiriləcək.


Bu baxımdan, belə yanaşma və bu növ məhdudiyyətlər bazarda müəyyən kiçilmələrə və kartların sayının azalmasına gətirib çıxarsa da, nəticə etibarilə daha effektiv tənzimləyici mexanizmə çevrilə bilər.


Dediyiniz kimi, əgər bir şəxs vəsaitini bir kartda saxlayır, digər əməliyyatlarını isə başqa kart vasitəsilə həyata keçirirsə, burada bir neçə məqama toxunmaq lazımdır. İlk növbədə, hər bir şəxs — mən də, siz də kiber gigiyena qaydalarına xüsusi diqqət yetirməliyik. Heç bir halda şəxsi məlumatlarımızı başqa şəxslərlə paylaşmamalıyıq.


Əgər şəxsin bir kartında depoziti, digər kartında isə əməliyyatları varsa və həmin şəxsin şəxsi məlumatları oğurlanırsa və ya özü tərəfindən digər şəxslərə bilərəkdən və ya bilmədən təqdim edilirsə, istənilən halda hər iki kart təhlükə qarşısında qala bilər.  Yəni bir kart bloklandıqda digər kartdan istifadə etmək təhlükəsizlik baxımından problemi tamamilə həll etmir. Gec-tez blokdan çıxarılan kartlar da kiberhücumlara məruz qala bilər.


Ona görə də “mən bir kartdan bu məqsədlər üçün, digər kartdan isə başqa məqsədlər üçün istifadə edərəm” yanaşması, yumşaq desək, məqsədəuyğun addım deyil. Çünki şəxsin məlumatları kiberdələduzlar tərəfindən əldə olunarsa, onun bütün kartlarına və hesablarına hücumlar həyata keçirilə bilər. Ola bilər ki, bu gün bir karta müdaxilə olunsun, digərinə isə müəyyən aylar və ya başqa bir dövr, hətta illər sonra müdaxilə edilsin. Çünki artıq şəxsin məlumatları sızdırılıb.


Başqa sözlə, sizin məlumatlarınız, yumşaq desək, evinizin qapısının və ya seyfinizin açarının başqa əllərdə olması kimidir. Həmin məlumatlardan istənilən vaxt istifadə edilə və karta müdaxilə oluna bilər. Bu səbəbdən bir və ya iki kartın olmasından daha vacib məsələ kiber gigiyena qaydalarına xüsusi diqqət yetirilməsidir.


Vətəndaşların bank kartlarından istifadə vərdişlərinə gəldikdə isə burada hər hansı ciddi dəyişiklik gözlənilmir. Əgər şəxs kartdan şəxsi istifadə üçün, ödənişlər həyata keçirmək və qeyri-kommersiya məqsədləri üçün istifadə edirsə, bu istiqamətdə hər hansı dəyişiklik gözlənilmir. Kart qanunvericiliyin tələblərinə uyğun və normal qaydada istifadə olunursa, bununla bağlı problem yaranmamalıdır.


Əgər şəxs qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğuldursa və müxtəlif sayda kartlardan istifadə edirsə, sözsüz ki, bu qadağaların əsas hədəfi məhz belə halların qarşısının alınmasıdır. Belə şəxslər artıq yeni kartlardan əvvəlki qaydada istifadə edə bilməyəcəklər və yeni kartlar sifariş etmək imkanları məhdudlaşdırılacaq.


Düşünürəm ki, yaxın gələcəkdə bir neçə kart üzrə həyata keçirilən əməliyyatlara da müəyyən məhdudiyyətlər qoyula bilər. Çünki artıq bazarın tələbləri və müştəri davranışları bu istiqamətdə tənzimləmələrin tətbiqini zəruri edir.


Bu səbəbdən kart sifariş edərkən və ya yeni kart açdırarkən həmin kartlardan mütləq qaydada təyinatı üzrə istifadə olunmasına diqqət yetirilməlidir.


Burada belə bir sual da yarana bilər: Şəxsin iki iş yeri varsa və ya iki müxtəlif əsasla təqaüd alırsa, bu halda vəziyyət necə tənzimlənəcək?


Bu məhdudiyyətlər maaş kartlarına, əməkhaqqı kartlarına, təqaüd kartlarına, sosial müavinətlərin alınması üçün istifadə olunan kartlara, eyni zamanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin sahibkarlıq kartlarına şamil edilmir. Məhdudiyyətlər sırf debet kartlarına aiddir".


Pərvin Şakirqızı 

Moderator.az/ Redaktor