Güney Azərbaycanın paytaxtı Təbriz şəhərində bələdiyyə sistemində çalışan sürücülər növbəti dəfə etiraz aksiyası keçiriblər. 
 




Moderator.az xəbər verir ki, bu barədə məlumatlar və aksiyadan görüntülər həm sosial şəbəkələrin Azərbaycan seqmentində, həm də İranın rəsmi və müstəqil media resurslarında yayılıb.
 
Mənbələrin verdiyi məlumata görə, Təbriz Bələdiyyəsinin 10 müxtəlif bölgəsində fəaliyyət göstərən və işçilərin daşınmasına cavabdeh olan muzdlu (icarəli) sürücülər hüquqlarının tapdanmasına etiraz olaraq Təbriz Şəhər Şurasının binası qarşısına toplaşıblar.
 
Əllərində plakatlar tutan etirazçılar illərdir həll olunmayan sosial və əmək problemlərinə diqqət çəkməyə çalışıblar. Onlar əsasən aşağı maaşlar, tibbi və sosial sığortanın olmaması, habelə avtomobillərin amortizasiya xərclərinin ödənilməməsinə etiraz bildirirlər. Sürücülər podratçı şirkətlərin özbaşınalığına son qoyulmasını, rəsmi əmək müqavilələrinin bağlanmasını və hüquqi statuslarının dəqiqləşdirilməsini tələb edirlər.
 
Rəsmi qurumlardan reaksiya tələb olunur...
 
Sürücülər bələdiyyə rəsmilərindən və Şəhər Şurasından podratçı şirkətlərin özbaşınalığına son qoyulmasını, rəsmi müqavilələrin imzalanmasını və əmək hüquqlarının qanun çərçivəsində qorunmasını tələb ediblər. Müstəqil mənbələr vurğulayır ki, analoji etirazlar Təbrizdə bələdiyyə və bənzər struktur işçiləri tərəfindən vaxtaşırı keçirilsə də, şəhər rəhbərliyi vədləri yerinə yetirməkdə gecikir.
 
Hadisə ilə bağlı Təbriz bələdiyyəsinin rəsmi açıqlama verib-verməyəcəyi və sürücülərin tələblərinin nə dərəcədə yerinə yetiriləcəyi hələlik məlum deyil. Mövzunu diqqətdə saxlayacağıq.
 
İranda son aylar genişlənən sosial və iqtisadi etirazlar dalğası...
 
Son dövrlərdə İranda kəskin inflyasiya və milli valyutanın dəyərdən düşməsi fonunda müxtəlif əhali təbəqələrinin iqtisadi tələbli etiraz aksiyaları görünməmiş dərəcədə intensivləşib. Təbriz də daxil olmaqla Tehran, İsfahan, Rəşt və Əhvaz kimi böyük şəhərlərdə sosial təminat və polad sənayesi təqaüdçüləri mütəmadi olaraq küçələrə çıxaraq dolanışıq böhranına qarşı şüarlar səsləndirirlər. Eyni zamanda ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən sənaye müəssisələrinin fəhlələri və polad zavodlarının işçiləri kütləvi ixtisarlara və aylarla gecikdirilən maaşlarına görə təbəddülatlar keçirirlər. Maşın bazarlarındakı inhisarçılığa etiraz edən iş adamları, eləcə də un kvotasının azaldılmasından narazı olan çörəkçilər rəsmi qurumların qarşısında toplaşaraq haqlarını tələb edirlər.
 
Təbrizdə "Global" maliyyə işinin qurbanı olan və sərmayələrini itirən bir qrup vətəndaş da bələdiyyə sürücüləri ilə eyni günlərdə dövlət orqanlarından cavabdehlik tələb edən nümayiş təşkil edib.
 
 Ölkədəki bu gərginliyi yatırmaq üçün rejim hüquq müdafiəçilərinə və müstəqil vəkillərə qarşı məhkəmə təzyiqlərini artırsa da, xalqın fərqli təbəqələrinin birləşmiş etiraz səsini boğmaq getdikcə çətinləşir.
 
Beynəlxalq təşkilatların hesabatları göstərir ki, İran rəhbərliyinin kütləvi həbslər və sərt qadağalar tətbiq etməsinə baxmayaraq, əhalinin sosial-iqtisadi çətinliklərdən doğan qəzəbi ölkə daxilində yeni etiraz dalğalarını alovlandırmaqda davam edir.
 
S.Laçın