"İri investisiyalar iqtisadiyyatın diversifikasiyasına töhfə verəcək" – Deputat
30 Sep 2026, 12:49 27 baxış 3 dəq oxuma
“Bildiyiniz kimi, ötən həftə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi ilə 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirildi. Forum müxtəlif ölkələrin dövlət rəsmilərini, qlobal investorları, beynəlxalq maliyyə institutlarının, beyin mərkəzlərinin nümayəndələrini və biznes liderlərini bir araya gətirdi".
Moderator.az xəbər verir ki, bu fikirləri millət vəkili Rövşən Muradov plenar iclasda səsləndirməyi nəzərdə tutduğu çıxış mətnində qeyd edib.
Millət vəkili qeyd edib ki, Azərbaycanda investisiya imkanlarının reallaşdırılması, xarici sərmayələrin cəlbi, ölkənin qlobal iqtisadi sistemə inteqrasiyası dövlətin iqtisadi siyasətində əsas prioritetlərdəndir:
"Prezidentin müvafiq Sərəncamı ilə Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun davamlı beynəlxalq platforma kimi inkişaf etdirilməsi də bu prioritetlərin reallaşdırılmasına istiqamətlənib.
Çünki beynəlxalq investisiya forumları investisiya sahəsində yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi, potensial layihələrin təqdim olunması və investisiya təşəbbüslərinin həyata keçirilməsi baxımından mühüm vasitə hesab olunmaqla bərabər həmçinin, onu ölkənin sosial-iqtisadi inkişaf proqramlarında müəyyən edilmiş məqsədlərin reallaşdırılması üçün investisiya resurslarının səfərbər edilməsinə xidmət edən mexanizm kimi də dəyərləndirmək olar.
Belə ki, 2025-ci ildə keçirilmiş 1-ci Forumda imzalanmış investisiya sazişlərinin ümumi dəyəri 10 milyard dollar, o cümlədən qeyri neft-qaz sektoru üzrə 7 milyard dollar təşkil etmişdir.
2-ci Forum isə “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” aktual mövzuya həsr olunmuşdur.
Sözügedən Forum çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlər tərəfindən imzalanmış 23 sənədin ümumi dəyəri 10,8 milyard dollar olmaqla, investisiya layihələrinin reallaşdırılmasını nəzərdə tutur. Bu layihələr enerji, süni intellekt, rəqəmsallaşma, sənaye, tikinti, turizm, aqrobiznes, maliyyə, insan kapitalı və digər istiqamətləri əhatə edir.
Bu ilin iyun ayında keçirilmiş Bakı Enerji Həftəsi çərçivəsində elan edilmiş layihələri də bu siyahıya əlavə etsək, planlaşdırılan birgə layihələrin ümumi dəyəri 16,7 milyard dollara çatacaqdır.
Bu hal özü-özlüyündə investorların Azərbaycana artan inamının və ölkəmizin investisiya məkanı kimi cəlbediciliyinin yüksəldiyinin aydın göstəricisi sayılır və yatırılan iri həcmli investisiyalar gələcəkdə ölkə iqtisadiyyatının diversifikasiyasına, yeni texnologiyaların və innovasiyaların tətbiqinə, əlavə dəyərin və məşğulluğun artırılmasına mühüm töhfə verəcəkdir”.