(I pərdəli pyes)


İştirakçılar:






Azər – Azərbaycanlı döyüşçü (Gürcü və Erməni dillərini bilmir)

Armen – Erməni döyüşçü (Azərbaycan və Gürcü dillərini bilmir)

Georgi – Gürcü döyüşçü (Erməni və Azərbaycan dillərini bilmir)


Qeyd: Pyes Azərbaycanlı, Erməni və Gürcü aktyorlarının ifası üçün 

nəzərdə tutulub.


SƏHNƏ l


Dumanlı, tüstülü dağlıq ərazi. Ətrafda yarıyanmış budaqlar, dağıntılar, səpələnmiş boş patron gilizləri. Arabir uzaqdan atəş və partlayış səsləri gəlir. İŞIQ: Boz-mavi fon. Səhnənin ortasında duman bir qədər seyrəkdir. SƏSLƏR: Uzaqdan gurultu… Sonra körpə uşaq səsi. (Səhnədə hələ heç kim yoxdur.) Uşaq səsi əvvəl zəif eşidilir, sonra güclənir. Dumanı yararaq üç fərqli tərəfdən üç əsgər görsənir: Azər – Azərbaycanlı əsgər Yorğun, şinelinin bir qolu sökülüb, gözləri çuxura düşmüş. Armen – Erməni əsgər Başında sarğı, çantası cırıq, sifəti solğun. Georgi – Gürcü əsgər üst-başı palçıq, kürəyində yarıboş çanta, ağır nəfəs alır. Üçü bir-birini görüb ani şəkildə silaha əl atsalar da, atmağa halları yoxdur.

Sanki yorğunluq güllənin qabağına keçib

Qeyd: Dialoqlar hamısı azərbaycan dilindədir. Əslində isə hərə öz dilində danışmalıdır


Uşaq yenə ağlayır.

 Azər (çaşqın və qorxu qarışıq) – Ay aman… bu nə səsdi? Dağda uşaq nə gəzir?.. 

Armen (ətrafı dinləyir, anlaşılmaz sözlər qarışıq) – Uşaqdı… uşağın nə işi var burda?.. 

Georgi (küləyin içindən səsi ayırmağa çalışır) – Bu səs… körpə səsidir… bura necə gəlib axı? 

Üçü səs gələn istiqamətə eyni anda bir addım atır, sonra

 bir-birinə şübhə ilə baxıb dayanırlar.

Azər – Dayanın! Heç kim tərpənməsin! Ona toxunmağa heç kimə imkan vermərəm. (Əyilib yerdən bir daş da götürür. Hiss olunur ki, əlindəki silah yararsızdır)

Armen – Mən tərpənmirəm… amma uşaq da belə qalmamalıdı axı… Onun nə günahı?! 

Georgi (ətrafa boylanır) – Təkcə qalıb. Bu soyuqda ağlayır. Belə olmaz… Günahsızdı!!!

Azər – Bilirəm olmaz. Amma tərpənməyin. O nə günah edib ki?!

Hər üçü bir-birini anlamasa da tonundan hiss edirlər ki, eyni şeyi deyirlər – “uşaq günahsızdır.”

Bu anda duman bir az çəkilir və ortada bükülü bir örtü görünür. Bu uşağın bələyidir...

Azər – Ay Allah… həqiqətən də uşaqdı… 

Armen – Kim atıb bunu bura?.. İnsafsız!

Georgi – Çox balacadı… bir neçə aylıq ancaq… 


Üçü də yavaş-yavaş yaxınlaşır. Heç biri əllərini tam yaxınlaşmır, çünki digərindən ehtiyat edir.


 Azər – Bu soyuqda uşaq qalar? Donar axı… Uşaq hər yerdə uşaqdı.

Armen – Qoymaq olmaz. Kim olursa olsun – uşaqdı axı… 

Georgi – Milliyəti olmur uşağın. Uşaq uşaqdı… 


Bu dediklərinin mənasını heç biri tam anlamasa da “uşaq” sözünün ritmi və tonundan eyni fikri hiss edirlər. 

Bir neçə saniyəlik susqunluq yaranır.


Üçü eyni anda: – Mən götürüm! Mən baxaram! 


Üç nəfər eyni vaxtda irəli atılır və üçü də eyni anda qışqırıb bir-birini kənara itələyirlər və bir-birinə silah qaldırırlar. Bir xeyli 

bir-birinə baxdıqdan sonra yavaş-yavaş uşağa yaxınlaşırlar. Hər addımda onların üzlərində təbəssüm yaranır… 

Yavaş-yavaş səhnə qaranlıqlaşır


SƏHNƏ ll


Eyni dağlıq ərazi. Duman bir az çəkilib, təbii işıq düşür. Körpə ortada, üstü Azərin gödəkçəsi ilə örtülüb. Üç əsgər uşağın ətrafında oturub, amma aralarında məsafə saxlayırlar. Uşaq ara-sıra qığıldanır. Əsgərlər ona baxıb təbəssümlənirlər... Amma hələ də bir-birlərinə güvənmədikləri hiss olunur.

Azər (burnunu çəkir, uşağa baxır) – Bu uşaq… elə bil… mən tərəfə oxşayır e. Üzü bir az bizimkilər kimidi. Amma bura necə gəlib düşüb?! (qalxır, ətrafa boylanır) Eey, kim var burda? Ay Gülgəz, Davud... burdasınız? Qorxmayın, çıxın, ata burdadı... 

Armen (qıcıqlı təbəssümlə uşağa) – Sənə nə var? Baxıram, burnu, qırmızı yanaqları… Allah haqqı bizimkilərin doğduğudur bu. (Uşağa səslənir) Jora, bu sənsən, Jorik,? Ay yaramaz, çaved danem, (qadan alım) bura necə gəlib düşmüsən?! (O da ətrafa boylanır)

 Georgi (başını bulayır, əlini uşağın çiyninə qoymadan yuxarıda saxlayır) – Nə danışırsız… gözlərinin formasından yüz faiz gürcüdür. Özü də ya bacımın oğludur, ya da mənim Anjelladan olan balamdır...

Azər (geri dönür, əsəbi) – Ay bala, siz nəyə əsaslanıbdeyirsiniz ki, bu türk balası deyil? 

Armen (eyni tonda) – Bəs sən nəyə əsaslanırsan? (daha yumşaq tonla) – Bax e, saçının zəif tükünə… Ermənidir ki, var... 

Georgi (Armenə rişxəndlə) – Uşaq beş aylıq olmadan saçdan millət axtarmaq doğru deyil. Elə bil DNK aparatıdır. Amma mənim ürəyim deyir ki, bu uşaq mənim oğlum Levandır…

Armen – O sənə elə gəlir… Bu mənim balamdır. Adı da Levan yox, Levondur, Levon… “o”

Azər – Siz lap ağ elədiniz ey… Levon, Levan, yox bir Lenin… Mənim oğlumun adını düz deyin xahiş edirəm. Elvin, El-vin. Qardaşı da Davuddur.

Armen – Davud? Mənim də böyük oğlumun adı Davitdir…

Georgi (öz-özünə) – Bunlar mənim uşağımın adını hardan bilirlər? (onlara dönür) Amma Davit yox, Devit…

Uşaq qığıldayır. Üçü də eyni anda uşağa tərəf şevrilib əyilirlər. Bu dəfə bir-birinə toxunmazlıq “qorxusu” yavaş-yavaş yumşalır.


Azər – Nəsə istəyir… nə bilim… acdı bəlkə… 

Armen – Bəlkə altını isladıb… baxmaq lazımdı… 

Georgi – Yox, əvvəl yemək… Uşaq olanda belə ağlayır. 


Üçü eyni anda bir-birinə baxır. Hər kəs öz işini bölüşdürmək istəyirmiş kimi danışır.


Azər – Mən yemək taparam. Sənin yeməyin ya donuz əti olacaq, ya da çaxır. Çantamda quru çörək var. Bir az yumşaldıb verərik. 

Armen – Altına mən baxaram. Onsuz da Davitin da altını həmişə mən dəyişirdim... Çantamda bir-iki salfet qalıb. 


Georgi – Balama bir çardaqlı yataq düzəltmək mənlikdi. Çantamda adyalım da var... O ki, qaldı donuza və çaxıra, heç özümüz tapmırıq. Hamısını ruslar dağıdıb aparıblar... (məyus olur) 

“Rus” sözündən üçü də diksinir, bir-birinə baxır, üçü də “rus” sözünü təkrarlayırlar. Sanki, üçünün də ağrılı yeri olanbu kəlmə onları bir qədər də yaxınlaşdırır... Üçü də məyus olurlar. Azər məyusluğu aradan qaldırmaq üçün dillənir.Azər (sanki şaşqın) – Bu nədir e… biz bölüşdürürük işləri?.. 

Armen (sanki özündən utanır) – Nə bilim… uşaqdı da… qalsın bəyəm belə… Georgi – Müharibə ayrı, körpə ayrı…


Dil baryeri oyunu (komik-sarkastik an). 

Armen və Georgi öz dillərində bir-iki söz qarışdırır, Azər başa düşmür. Amma sözlərin içində eyni kökdən gələn “adyal”, “çörək”, “uşaq” kimi oxşar sözlər eşidilir və Azər onları tutub özünə uyğunlaşdırır. Georgi (öz dilində, amma aydın tonla) – Mən adyal gətirirəm… adyali… adyal… Azər (gülür) – Hə, hə, adyal… yəni yataq düzəltmək istəyirsən. Bildim. Armen (ermənicə qarışıq) – Mən diaper… altı… islanıb… baxmaq lazımdı… Azər – Hə, hə… altını sən bax. Gördüm ki, bu iş sənlikdi. Üçü də bir-birinə baxıb yumşaq, yorğun gülüşlə gülsə də, sonra dərhal ciddiləşirlər — çünki yad olduqlarını unutmamalı kimi 

hiss edirlər.


Kiçik konflikt anı; Azər körpəni qaldırmaq istəyir. Armen və Georgi eyni anda yaxınlaşır. Ani gərginlik yaranır.


Armen – Yavaş ol! Birdən yerə salarsan… 

Georgi – Hər kəs baxsın… özbaşına tərpənmək olmaz… 

Azər (qıcıqlıdır) – Eee, bəsdir də! Uşaqdır da… Uşaq görməmişik?! Elə bilirsiz ki... (susur)


Qısa sükut. Sonra hamı yorğun halda geri çəkilir. Səhnə 2-nin emosional sonluğu... Uşaq asta-asta ağlamağı kəsir. Azər, Armen və Georgi uşaqdan gözlərini çəkib bir-birlərinə baxırlar. Artıq düşmən kimi deyil, eyni məsuliyyətə düşmüş insanlar kimi.

Georgi (sakit, öz-özünə) – Dilimizi bilmir… amma bizi birləşdirdi… Armen – Biz də bir-birimizi anlamırıq, amma… 

Azər (davam edir, uşağı göstərir) – Bunun üçün dil gərək deyil. Vicdan yetər. 


Üçü də uşağın ətrafında oturur. Duman yenidən qalxmağa başlayır. İşıqlar yavaş-yavaş sönür.


SƏHNƏ IIl


Üç döyüşçünün keçmişi açılır – dil bilmədən öz dərdlərini danışırlar – sarkazm, özünütənqid, müharibə absurdluluğu dərinləşir.


Eyni məkan. Gecə düşüb. Ay işığı dumanı yarır. Uşaq ortada sakit yatır. Üç döyüşçü onun ətrafına dairə qurmuş formada oturub. Ocaq yandırmağa qorxurlar, çünki rus əsgərləri görə bilərlər.

İŞIQ: Ay işığı effekti. Küləyin səsi artıb. SƏS: Uzaqdan qırıq-qırıq atəş səsləri. Uşaqın ara-sıra nəfəsini eşidirik.

Georgi ayaq üstədir. Öz aləmində növbə çəkir. Digər ikisi oturub.


Georgi (yavaş səslə) – Siz yatın, bir az dincəlin. Mən keşikdə duracam. Balamız da yatıb…


Azər və Armen onu tam anlamasalar da “yatın” sözünü tuturlar. İkisi də eyni vaxtda silaha əl atıb sıçrayıb ayağa qalxırlar


Azər – Mən özüm keşik çəkərm!

Armen – Mən özüm keşik çəkərəm!

Hər ikisi də elədiklərindən xəcalət çəkdikləri hiss olunur

Azər - Yox-yox… yatmarıq. Üçümüz də bir yerdə keşik çəksək yaxşı olar.


Armen – Doğrudur. çünki hələ tam güvənmirik bir-birimizə. 

Georgi (Georgi yorğun-yorğun gülümsəyir) – Razıyam… üçümüz də ayıq olsaq yaxşıdı… bircə tonqal yandıra bilsəydik əla olardı.

Azər - Yox-yox, nə danışırsan?!

Armen – Ruslar görər, üçümüzü də o söz (Əlini boğazına sürtür) (güllə səslərinə işarə ilə) Eşitmirsən? Atan ruslardır…


Dinmədən o tərəf-bu tərəfə xeyli gəzişirlər. Hərəkətlərindən hiss olunur ki, körpənin keşiyini çəkirlər…

Uzun-uzadı pauza

“Dil bilmədən dərd anlatmaq”.

Əvvəlcə Azər susqunluğu pozur.


 Azər (öz dilində, amma sanki qarşısındakılar onu anlayırmış kimi) (Səsi yorğun, titrək, amma içdən gələn bir etiraf kimidir) – Mənim evdə bir balam var… oğlandı. Dörd yaşı var. Davud. Deyəsən bayaq demişdim adını. (Yuxarı baxır, nəfəsi titrəyir) Hə, hə, adı Davuddur… (Uşağa tərəf baxıb köks ötürür) – Mən axırıncı dəfə evdən çıxanda, hə evdən çıxanda… Qapının ağzında dayandıb mənə əl elədi… hələ də gözümün qabağından getmir o əl… o baxış…, ikisi də əl elədilər… Nə bilim bəlkə elə üçü də... Axı analarl hamilə idi. (Uşağa işarə edir) Adını da əvvəlcədən qoymuşduq... Elvin!. Bu uşaq var ha… Bir anlıq düşündüm ki… bəlkə… bəlkə mənim balamdır? Nə bilirsən… savaşdı da... savaş vaxtı hər şey qarışır, kəndlər yandırılır, şəhərlər dağıdılır, adamlar itir, itgin düşür…  (pauza, uşağı göstərir) düşündüm, ya mənim doöulduğunu görmədiyim balam, ya da heç olmasa… bacımın uşağı olar? (yenə uşağa baxır) Üzdən də bir az (kəkələyir) Davuda oxşayır sanki… (uşağa baxıb bir də köks ötürür) Bəlkə də topun güllənin səsindən uşaq heç doğulmayıb, yarımçıq düşüb... (ah çəkir) Heç bilmirəm görə biləcəm onları ya yox… (Armen və Georgi heç nə anlamır, amma Azərin səs tonundan və gözlərindən hiss edirlər ki, adamın içi yanır.) 

Onsuz da bilirəm ki, heç biriniz məni anlamırsınız... (pauza) Bir biləydim da bu mənasız davanı bizim aramıza hansı şərəfsiz saldı...


Armen sakitcə başı ilə təsdiqləyir.

O bir müddət Azəri dinləyib, nə dediyini anlamasa da fikrin yükünü hiss edir. Hissin təsiri ilə o da açılır. 

 Armen (öz dilində, melodik və dərindən gələn bir tonla)   – “Nerse ltsvats e” (erməni dilində, “içi dolub”)  Mənim də... Mənim də bacımın balası var… bir yaşında olar… qız uşağıdı… güləndə çənəsinin sağ tərəfində balaca batıq əmələ gəlirdi…  Aylardır görmürəm onu. Dayısı onun uzun saçlarını darayanda qışqıra-qışqıra gülürdü… Hamıdan çox mənim qucağımda yatmağı sevirdi… (pauza)  Bu uşaq… bilmirəm niyə… amma bir anlıq elə bildim ki… mənim balamdı… ya heç olmasa bacımın uşağıdı. (uşağın ayaqlarına baxır)  Ayağının üstündəki o xırda qara xal var ha… O xaldan bizim nəsildə çoxunda var… 


(Dərin pauza. Armen köks ötürür)  Məni bura göndərənlər özləri bilirsiniz hardadılar?! Heç biri Ermənistanda yoxdur… Qaçıblar. Biz niyə burdayıq? Niyə bir-birimizə qənim kəsilmişik?! Dilimiz, dinimiz başqadır, amma fikirlərimiz eyni ladda dolaşır.

(Pauza) (Köks ötürür) Axı niyə, bizdən əl çəkmirlər, nə istəyirlər mənim məzlum xalqımdan… Onlar bizə Böyük Ermənistan verəndilər?! (Hönkürüb ağlayır.)

Heç biri Armenin dediyi sözləri anlamır, amma səsin tonundan, boynunun bükülməsindən, insanın içinə çökmüş o titrək nəfəsdən hər şey aydın olur. Armenin ağlamağı onları da köbrəldir… Azər hıçqıra-hıçqçra ağlayan Armenin çiyninə toxunmaq istəyir, amma tərəddüd edir. Əli havada qalır, sonra geri çəkir. 


Georgi (öz dilində, asta, yorğun və titrək səslə danışmağa başlayır) – “Mets ar mindoda brdzola” (yəni-“Mən də döyüşmək istəmirdim”)… Kənddə üzüm bağı salmışdım… əla növ üzümlər idi… Aleksandrouli, bir də Mujuretuli… Əsil çaxırlıq. Lap İosif babam (İ.V.Stalin nəzərdə tutulur) içən çaxırın üzümündən (bir anlıq gözləri dolur)  niyə başa düşmək istəmirsiniz axı? Mən savaş yox, bütün günü sevgilimlə, dostlarımla, Mtkvari çayının (“Kür”ün gürcüstandan keçən hissəsi nəzərdə tutulur) sahilində çaxlr içmək, şənlənmək istəyirəm…

Mən rəsmi evli deyiləm. Amma sevgilim var. Mən savaşa getməzdən bir ay əvvəl sevgilim mənə dedi ki, hamilədi... (pauza) Bu söhbətdən sonra mən onu cəmi bir gecə görə bildim… Balaca yumru qarnı vardı… Sevgilimin gözləri  çox iri idi… elə bil qorxurdu doğmaqdan… Daha doğrusu qorxurdu ki, mən davadan qayıtmaram, atasız böyüdər uşağı. Bu uşaq var ha… (uşağa baxır) – Deyəsən… gözlərindən ona oxşadı, sevgilimə. Müharibəyə gəlməklə mən təkcə özümü yox… onu da itirdim bəlkə… (dərindən nəfəs alır)  Onsuz da bu zəhrimar savaşda hamı bir-birini itirir… ölənlər də, qalanlar da… Kim haradandır, kim hardadır, kim kimindir, kim haqlıdır, kim günah eləyib, bilinmir.  Bəlkə doğrudan da bu uşaq… mənimkidir? Ya özümün, ya qohumumun, ya da millətimin balasıdır, nə bilim? 


Azər və Armen sözləri anlamırlar, amma “çaxır”, “ev”, “bağ” kimi bir-iki söz fonetik olaraq tanış gəlir.

Üçü də uşaqdan gözünü çəkmir. Şübhə, ümid və təhlükə eyni anda havada asılı qalır.


Azər (yavaşca) – Hər kəs evinə getmək istəyir… Müharibəni heç kim istəmir… 

Armen – Yaxşı ki, bunlar mənim silahımın, daha doğrusu mənə verilən silahın xarab olduğunu bilmirlər... 

Georgi – Mənə desələr ki, müharibə dediyin ləzzətli bir çaxırdı, mən o çaxıra yaxın durmazdım.


SƏHNƏ IV

“SÜNNƏT”


Georgi gəzişir. Azər oturub. Armen uşaqla məşğuldur

Uşaq yuxudan oyanır, özünü narahat hiss edir. Armen uşağın paltarını düzəldərkən təsadüfən görür.


Armen (çaşqın, bir az sevinc qarışıq həyəcanla) – Aaa… baxın! Bu uşaq… sünnət olunmayıb! (qürurlu bir tonla)  Deməli… bizimkidir! Ermənidir! 

Azər başını qaldırır, Georgi qaşlarını qaldırır.


Azər – Nəə? Ermənidir?! Sünnətin bura nə dəxli var. Ona görə adam erməni olur? 

Armen (qətiyyətlə) – Hə də, olur! 

Azər – O necə olur elə? (Anadolu ləhcəsində) Anlat, bakalım!

Armen – Deməli, əslində bizdə də bəzən ondan olur e… Ailədən-ailəyə dəyişir… amma var! Nədi onun adı?

Georgi – Nəyin adı?

Armen – Sən bilməzsən, dayan!  Mənim əmim oğlunu da (uşağa işarə edir) eləmişdilər. 

Georgi (əlini qaldırır, gürcü intonasiyası ilə) – Eey, Qaço… Dayan nədi, da? Sünnəti bilmərəm mən?  Kaxetidə, Acariyada…  Mən özüm Acariyadanam

Armen (Azərə) – Necə yəni? Bu uşaq sünnət olunmayıb e, sünnət olunmayıbsa, ermənidir! 


Azər (gülə-gülə, amma əsəbi) – Ay qardaş, siz nə danışırsız e? İndi mən bilmirəm sizə necə sübut eləyim, nə göstərim, necə göstərim ki, başa düşəsiniz, sünnət necə olur. Ə vallah bu uşaqdan ayıb olmasaydı, mən qısa yolla sizə sübut eləyərdim. Ayə, sizdə sünnət olunan var, mənim sözüm yoxdur. Amma bizdə qanına qəltan olunmayan, yəni sünnət olunmayan, yoxdur, başa düşürsünüz, netu, çi qa… Başa düşdünüz. Kəndimizdə aradan çıxan bir mən idim. O da ki, dədəm birinci Qarabağ müharibəsində idi deyə mənim kiçik toyum olmamışdı. 10-cu sinifdə tutdular məni, dədəmin baltası ilə o məsələ… inanmırsınızsa… Lənət şeytana…

    Qaldı ənənəyə… bəli bu bizdə milli ənənədi. Amma başa düşürsənmi ki, müharibə təkcə kəndləri, şəhərləri yox, sivilizasiyanı, adət-ənənələri, tarixi, mədəniyyəti, mənəviyyatı, qüruru, ləyaqəti hamısını məhv edir…

    Sən doğru deyirsən, mən xatırlamıram kəndimizdə sonuncu dəfə sünnət toyu nə vaxt olub…


Musiqi. Uzun-uzadı cansıxıcı sükut.

Georgi bu sükutu pozur.


Georgi – Qardaşlar… Məncə uşaq… heç birimizdən deyil. 

Armen və Azər ona baxır.

Armen – Bəs kimdəndir? 

Georgi – Müharibənin özündən… 


Bu cümlə ilə səhnədə tam sükut yaranır. Uşaq sakitcə nəfəs alır. Üçü də kənara baxır, sanki hər birinin içində “bəlkə həqiqətən də heç birimizə aid deyil…” həsrəti doğur.


Üçü də sanki taqətsizcəsinə çökür. Uşaq qəfil qışqırır. Sanki, nəsə dişlədi. Üçü də birdən sıçrayıb ayağa qalxırlar.

Həyəcanlı musiqi. Heç biri  nə edəcəyini bilmir...


Georgi (öz dilində narahat, sürətli danışır) – Aii, ra p’okhda ak?” (Gürcü dilində;- “Ay aman nooldu buna?!”) “Ra q’na chkhavila?!” (“Niyə öskürdü?!”)

Azər (bir sözünü tutur) – “Su?” Su deyirsən? Su istəyir?


Georgi anlayır ki, Azər onu səhv başa düşüb, gülmək istəyir, amma hiss edir ki, yeri deyil.


Armen (sərt şəkildə Georgiyə baxır. Azərə) – Yox, deyir ki, uşaq üşüyür! Getmək lazımdır! Sözündən onu tutdum! 

Azər – Getmək? Hara ruslar hər tərəfdən dayanıblar, bizim bir-birimizi necə qırmağımıza tamaşa edirlər.

Georgi (əl-qol ilə izah etməyə çalışır) – Yox, yox! Yox su, yox getmək… Dedim ki, niyə qışqırdı?! Qış-qır-dı! 


Azər və Armen onun jestlərini görə-görə “başqa bir şey” anladıqlarını düşünürlər.

Azər (Armenə) – Deyir ki, uşaq “bizdən” deyil, ona görə narahat olur! 

Armen (Azərə) – Yox, sən nə danışırsan? Mən elə bildim ki, deyir uşaq “onlardan” deyil! 

Georgi (başını tutur) – Ой ბоже… Siz məni niyə anlamırsız e? 

Hərəkətlərlə nəyisə başa salmaq istəyir. Onun hərəkətləri gülüş yaradır və indiyə qədər olan gərginliyə qalib gələn bir gülüş. Gülüş qəhqəhəyə çevrilir. Daha sonra Georginin hərəkətləri görcü rəqsini xatırladır. Gürcü xalq musiqisi. Georgi rəqs edir. Sonra Armen onun səhvlərini düzəldirmiş kimi ona bəzi hərəkətlər göstərir. Erməni xalq rəqsi. Armen rəqs edir… Daha sonra isə Azər Armenə nəyisə başa salmağa çalışır. Azərbaycan xalq musiqisi. Azərin rəqsi. Sonda üçünü də birləşdirən bir qafqaz musiqisinə üçü də rəqs edir, sonda bir biri ilə qol güləşi və sair bu kimi zarafatlat (musiqi fonunda)… Musiqinin fonunda isə uşağın fasiləsiz gülüş səsləri ucalır. Sanki uşaq onların barışmasına sevinir

Üçü də əldən düşüb otururlar. 


Üçü də əyilib uşağa baxırlar. Gecənin səsləri qaynaşır.

Sonra bir-birini anlamadan üçü də eyni fikri söyləyirlər.


Azər (asta səslə) – Biz bu yaşda bir-birimizi anlamırıq… (bir anlıq uşağa baxır) – Amma bu dilsiz-ağızsız uşaq… hamımız onu anlayırıq. O da bizi.

 Armen (əlavə edir) – “Vay Astvats” (Ermənicə “Ay Allah”) bəzən anlamaq üçün heç dil lazım deyilmiş eey… 

 Georgi – Məncə anlaşmaq üçün qayğı kifayətdir… 


Yenə sükut çökür


Georgi (yavaşca) – Dedim axı, siz yatın. Mən keşik çəkərəm… heç olmasa növbə ilə dincələk. 

Azər və Armen “yatın” sözünü anlayılar, amma ikisi də

eyni anda başını bulayır.

Azər – Yox, qardaş, yatmırıq. Bağışla, mən açıq deyəcəm. Burda heç birimiz ona (uzağı göstərir) (Rus nəzərdə tutulur) arxayın deyilik. 

Armen – Azər doğru deyir. Hər ehtimala qarşı… oyaq qalsaq yaxşıdı. 

Azər – Dilimiz ayrı ola bilər. Dərdimiz eynidi. (başı ilə qeyri müəyyənliyə işarə edir)

Uşaq sakitləşib.

Armen – Müharibə bizi bölüb… amma bu uşaq bizi birləşdirdi. Georgi – Bunun boyuna bax. Bir kəlmə söz bilmir… amma hamımız 

onu anlayırıq.

Azər (Uşağa baxıb gülür) – Heç birimizin dilini bilmir, amma 

üçümüzü də idarə edir.

Hər biri öz dilində - Dilsiz ağızsız uşaq üç düşməni barışdırdı!

Üçü də bir müddət sükuta qərq olur. 

Qəfil atəş səsi gəlir. Heç biri vecinə almır. 


Hamı eyni anda – Atan ruslardır!

Həzin musiqi. Uşağı qucaqlarına alıb baxırlar…

Ay işığı uşağın üzünə düşür. Səhnə yavaş-yavaş qaralır.


S O N