Aygün Bəylərin muğam müəllimi vəfat etdi: “Onun sayəsində paladı, üzə çıxdı” - FOTO
15 Oct 2026, 09:35 9 baxış 2 dəq oxuma
Tanınmış tarzən Elxan Müzəffərov vəfat edib. O Əməkdar artist Aygün Bəylərin bu sahədə ilk müəllimi olub və müğənni muğamın sirlərini ondan öyrənib.
Aygün Bəylərin bacısı Zümrüd Hümmətova Moderator.az-a açıqlamasında sənətkarın ona və bacısına dəstəyindən danışıb:
“Elxan müəllim özü də, ürəyi də, sənəti də böyük bir insan idi. Allah ona rəhmət etsin. Aygünün gənc yaşlarından ona çox dəstək olub. O Aygünü ansambllarda hər zaman məşqlərə dəvət edirdi. Aygün ilk addımlarını onun yanında atıb. Hər zaman da onun konsertlərində, tədbirlərində başda oturardı. Elxan müəllim bir çox xanəndələr yetişdirib. Elə mən özüm də 16 yaşımdan ansambllarda onun dəstəyi ilə çıxış edirdim. Gedib bilmədiklərimi Elxan müəllimdən öyrənirdim. Aygün məhz Elxan müəllimin sayəsində üzə çıxdı, sənəti parladı. Çünki Elxan müəllim elə bir sənətkar idi ki, hər zaman düz yol göstərirdi. Mənim də düzgün oxumağım üçün əlindən gələni edirdi. Biz sənətkarları itirə-itirə gedirik. Elxan müəllim də onlardan ən dəyərlisi və istedadlısı idi”.
Zümrüd xanım bildirib ki, Elxan Müzəffərov sakit təbiətli insan idi:
“Elxan müəllim başqa xasiyyətdə biri idi. Çox fərqli insan idi. O Zeynəb Xanlarova, Xeyransa, Səkinə İsmayılova, Ağaxan Abdullayev kimi sənətkarları müşayiət edib. Sadəcə olaraq üzə çıxmayıb, özünü kobud da çıxsa deyəcəm ki, “gözə soxmayıb”. Ömür boyu canını sənətinə qoyub. Amma gündəmdə olmağı, özünü reklam etdirməyi sevməyib”.