“Forma ona görə yaxşıdır ki, uşaqların gözü bahalı geyim və aksesuarlarda qalmayacaq, dərsə fikir verəcəklər” -ÖZƏL
15 Oct 2026, 09:25 10 baxış 3 dəq oxuma
“Biz də o vaxt vahid məktəbli formalarından istifadə etmişik. Yadımdadır, qara geyim, ağ önlük geyinirdik, başımızda da ağ saç bandları olurdu. Hamı eyni cür geyinirdi. Formamımızı elə əzizləyirdik ki.. O formada bir ləkə ola bilərdi?! Biz ona o qədər hörmətlə yanaşırdıq ki.. Vahid məktəbli formasının nəyi pisdir ki? Əlbəttə ki, çox gözəldir, qəşəngdir. 4 uşaq məktəbə yola salırdım, qalırdım ki, hansına nə alım? Vahid məktəbli formaları biz valideynlərin də işini asanlaşdırıb. Əslində vahid forma həm də təbəqələşmənin qarşısını alan bir qərardır. Uşaqların fikri yalnız dərsdə olacaq, başqa bahalı geyimlərdə, aksesuarlarda gözləri qalmayacaq”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Gülyanaq Məmmədova deyib.
O daha sonra əlavə edib:
“Biz bir-birimizi sevib, qorumalıyıq, fikirlərimizə hörmətlə yanaşmalıyıq. Hər aldığımız nəfəs üçün, hər açılan sabah üçün, hər uğurumuz, günümüz üçün Allaha şükür edirik, yaradanımıza üz çevirmirik. Dinimizə də, dilimizə də, ədəbiyyatımıza da, təhsilimizə də sevgimiz, birliyimiz həmişə olub və olacaq da. Ölkəmiz suverendir və çox gözəl yaşayırıq. Biz hicablı xanımlara da hörmətlə yanaşırıq. Şəxsən mən özüm hər gün Allaha şükür edirəm. Balalarımız üçün yaşayırıq, gələcək üçün nəsil yetişdiririk. Əsas odur onların elmi, tərbiyəsi gözəl olsun. Geyim də məktəbə hörmət əlamətidir”.
Xalq artisti bildirib ki, təkcə şagirdin yox, müəllimin də geyimi nümunəvi olmalıdır:
“Müəllimin də geyimi şagirdlər üçün vacibdir. Müəllim də elə geyinməlidir ki, şagirdin fikri onda qalmamalıdır. Müəllim olaraq biz də özümüzə şəxsiyyət kimi hörmət etməliyik. Müəllimlik də məsuliyyətli, şərəfli peşədir. Hər adama müəllim demək olmaz. Düzdür, çoxuna bu gün müəllim deyirlər. Müəllimin yetişdirdiyi şagird onun qarşısında vahid formada oturarsa bunun nəyi pisdir ki?”.