“Azərbaycan da, Türkiyə də qərarlarını bir-birinə qarşı nəyisə nümayiş etdirmək üçün deyil, ortaq milli maraqlarını qorumaq və regionda davamlı sülhə nail olmaq məqsədilə verməlidirlər...”
 




Son günlər Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi yenə aktuallaşıb. Görəsən, indiki məqamda, yəni  Azərbaycan-Ermənistan sülh sazişi hələ imzalanmamış həmin sərhədlərin açılmasının Azərbaycanın maraqlarına hər hansı bir ziyanı olarmı? Bu, sazişin imzalanmasını sürətləndirər, yoxsa əksinə?.. 
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Amerikada yaşayıb fəlaiyyət göstərən siyasi təhlilçi, konfloktoloq Əli Əskərli aşağıdakı fikir və mülahizələri ifadə edib:
 
“İndiki tarixi mərhələdə bu suala cavab verərkən müəyyən dərəcədə özünüsenzuraya əl atmaq istəyirəm... Təəssüf ki, Azərbaycanla Türkiyə arasındakı münasibətlər hazırda müəyyən dərəcədə soyuqlaşıb. Son zamanlar Türkiyədə kifayət qədər ciddi bir kəsim Azərbaycana qarşı kampaniya apararaq ölkəmizi nüfuzdan salmağa və etibarsız tərəf kimi təqdim etməyə çalışdı. Azərbaycanda da Türkiyəyə qarşı sərt mövqedən çıxış edən və buna ictimai dəstək qazandırmağa çalışan ciddi bir kəsim fəallaşdı. Bütün bunları sadəcə sosial şəbəkələrdəki adi mübahisələr kimi qiymətləndirmək sadəlövhlük olardı. Məsələ daha dərindir və qarşılıqlı etimadın müəyyən dərəcədə zədələndiyini göstərir. Görünür, indi hər iki dövlətin prezidentləri də münasibətlərdə etimadı yeniləmək ehtiyacı hiss edirlər. Deməli, ortada müəyyən problemlər var və onları müəyyənləşdirib aradan qaldırmaq həm Azərbaycanın, həm də Türkiyənin milli maraqlarına uyğundur.
 
Ermənistan məsələsi Azərbaycanla Türkiyənin ortaq strateji məsələsidir. Bu iki ölkənin təhlükəsizlik maraqları, tarixi təcrübəsi və regionda sabitliyin təmin olunmasına dair gözləntiləri bir çox baxımdan üst-üstə düşür. Buna görə də Ankara ilə Bakı bu məsələdə mümkün qədər uzlaşdırılmış siyasət yürütməlidirlər. Türkiyə-Ermənistan sərhədinin açılması məsələsi vaxtaşırı gündəmə gətirilir, lakin bu təşəbbüslərin konkret vaxtda aktuallaşmasının səbəbləri və siyasi məqsədləri hər zaman tam olaraq aydın olmur. Türkiyə belə bir addım atmaq istəyirsə, bunu Azərbaycanla əvvəlcədən müzakirə etməsi və mümkün nəticələrini birgə qiymətləndirməsi daha məqsədəuyğun olar. Bu, Türkiyənin qərar vermək hüququnu şübhə altına almaq deyil, müttəfiqlik münasibətlərinin məntiqindən irəli gələn yanaşmadır. Belə bir məsələ iki ölkə arasında əlavə gərginlik mənbəyinə çevrilməməlidir...
 
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi davam edir, lakin sülh sazişinin imzalanmasına və onun real təminatlarla möhkəmləndirilməsinə mane olan problemlər hələ də qalır. Türkiyə-Ermənistan sərhədinin açılmasının bu prosesi asanlaşdıracağı düşünülürsə, ilk növbədə bunun hansı şərtlərlə və hansı siyasi nəticələrə hesablandığı aydınlaşdırılmalıdır. Sərhədin açılması Ermənistanın Azərbaycanla sülh sazişini imzalamasına əlavə stimul verə bilər. Ancaq əks nəticə də mümkündür: Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasını əlavə siyasi və iqtisadi imkanlar əldə etmək vasitəsi kimi görə bilər. Buna görə də sərhədin açılmasını özlüyündə sülh prosesini sürətləndirən və ya Azərbaycanın maraqlarına mütləq zərər vuran addım hesab etməmək də olar. Burada əsas məsələ onun hansı siyasi şərtlər daxilində həyata keçirilməsidir...
 
Ankara belə bir addımın Azərbaycan-Ermənistan sülh prosesinə müsbət təsir göstərəcəyinə inanırsa, bu məsələni Bakı ilə ciddi şəkildə müzakirə etməlidir. Əks halda, sərhədin açılması iki ölkə arasındakı etimad problemlərini daha da dərinləşdirə bilər. Bununla belə, Türkiyənin Azərbaycanla razılaşdırmadan belə bir addım atacağını indidən ehtimal etmək də düzgün olmaz...
 
Nəhayət, bir məqamı da nəzərə almaq lazımdır: sərhədlərin açılması geri dönüşü olmayan bir qərar deyil. Dövlətlər şəraitə və öz milli maraqlarına uyğun olaraq sərhədləri aça da, bağlaya da bilərlər. Əsas məsələ emosional reaksiyalar vermək deyil, mümkün addımların siyasi və təhlükəsizlik nəticələrini əvvəlcədən düzgün hesablamaqdır. Azərbaycan da, Türkiyə də qərarlarını bir-birinə qarşı nəyisə nümayiş etdirmək üçün deyil, ortaq milli maraqlarını qorumaq və regionda davamlı sülhə nail olmaq məqsədilə verməlidirlər. Onların milli maraqlarının təməlində isə əbədi və sarsılmaz bir ittifaq olmalıdır..."
 
Sultan Laçın