“Tarixin yalnız qarşıdurmalarını deyil, birlik, həmrəylik nümunələrini də xatırlayaq...”
 




“İki qüdrətli türk-müsəlman hökmdarın birləşməsi Romanın mütləq fəth ediləcəyi demək deyildi. Ancaq onların müharibə əvəzinə davamlı əməkdaşlıq qurması türk-müsəlman dünyasının siyasi və hərbi imkanlarını başqa istiqamətə yönəldə bilərdi...”
 
“Otlukbeli bizə Romanın fəth edilməməsindən daha böyük bir dərs verir: bəzən tarixdə ən böyük itki məğlub olduğun döyüş deyil, qazana biləcəyin gələcəyi öz əlinlə təhlükəyə atmağındır...”
 
“İki böyük türk-müsəlman hökmdarı bir-birinə qarşı qılınc çəkmişdi. Bəs həmin qılınclar düşmənə deyil, ortaq hədəflərə yönəlsəydi?..”
 
“Müasir türk və müsəlman dövlətləri üçün dərs aydındır: siyasi fikir ayrılıqları, sərhəd məsələləri və regional rəqabət diplomatiya ilə idarə edilməlidir...”
 
"Unutmayaq ki, bizləri həm də birlikdə daha  qüdrətli olacağığımıza görə birləşməyə qoymurlar..."
 
-FİKİR SAVAŞI...-
 
...Tarixin elə dönəmləri var ki, bir döyüşün nəticəsi yalnız bir hökmdarın taleyini dəyişmir, bütöv bir coğrafiyanın gələcəyinə təsir göstərir. 1473-cü ilin Otlukbeli savaşı da belə hadisələrdəndir. Bir tərəfdə Konstantinopolu fəth edərək tarixə adını yazdırmış Fateh Sultan Mehmet, digər tərəfdə Azərbaycanı və İranın böyük hissəsini əhatə edən qüdrətli Ağqoyunlu dövlətinin hökmdarı Uzun Həsən dayanırdı...
İki böyük türk-müsəlman hökmdarı bir-birinə qarşı qılınc çəkmişdi. Bəs həmin qılınclar düşmənə deyil, ortaq hədəflərə yönəlsəydi? Osmanlı ilə Ağqoyunlu savaşmaq əvəzinə birləşsəydi, tarix başqa cür yazıla bilərdimi? Bəlkə də İtaliyanın sahillərində dalğalanan Osmanlı bayraqları Roma qapılarına qədər gedib çıxardı...
 
Bu, romantik bir xəyal deyil, tarixi imkanlar, alternativlər üzərində düşünməkdir. Amma xəyalı həqiqətdən, ehtimalı sənəddən ayırmaq şərtilə...
 
Bir-birinə düşmən olan iki eynidilli, eynidinli qüdrət...
 
XV əsrdə Osmanlı imperiyası Balkanlarda və Anadoluda möhkəmlənir, Ağqoyunlu dövləti isə Azərbaycan, Şərqi Anadolu, İraq və İran istiqamətində gücünü artırırdı. Hər iki dövlətin ordusu, siyasi nüfuzu və genişlənmək iddiası vardı. Lakin ortaq maraqların mövcudluğu onları müttəfiq etmədi. Trabzonun Fateh tərəfindən fəthi, Qaramanoğulları məsələsi, Anadoluya nəzarət uğrunda rəqabət və Venesiyanın Osmanlılara qarşı qurduğu diplomatik oyunlar münasibətləri müharibəyə apardı...
 
Venesiya üçün Uzun Həsən şərqdən Osmanlılara zərbə vura biləcək mühüm müttəfiq idi. Avropa sarayları Osmanlıların gücündən ehtiyat edir, onların diqqətini başqa cəbhələrə yönəltməyə çalışırdılar. Ağqoyunlu sarayı isə Venesiyadan odlu silah və hərbi yardım gözləyirdi.
 
Beləcə, iki türk-müsəlman dövlətinin qarşıdurması Avropanın diplomatik hesablamalarında mühüm yer tutdu. Bir tərəfdə Osmanlılar, digər tərəfdə Ağqoyunlular öz güclərini bir-birinə qarşı sərf edərkən, Venesiya və digər Avropa dövlətləri yaranmış vəziyyətdən faydalanmağa çalışırdılar.
 
Dəspinə xatun, Katerino Zeno və saray diplomatiyasının kölgəsi…
 
Bu hadisələrin ətrafında bu gün də müzakirə edilən bir məsələ var: Uzun Həsənin sarayındakı Dəspinə xatun, Venesiya elçisi Katerino Zeno və bəzi saray adamları Osmanlı–Ağqoyunlu münasibətlərinin pozulmasında hansı rolu oynayırdılar?..
 
Dəspinə xatun Trabzon Komnenlər sülaləsinə mənsub idi. Fatehin 1461-ci ildə Trabzonu fəth etməsi onun ailəsinin siyasi maraqlarına ağır zərbə vurmuşdu. Katerino Zeno isə Venesiyanın Uzun Həsən sarayına göndərdiyi elçi idi. Onun həyat yoldaşı Violante ilə Dəspinə xatun arasında qohumluq əlaqəsi olduğu barədə tarixi rəvayət mövcuddur. Lakin bu şəcərənin bütün həlqələri qəti şəkildə təsdiqlənməyib.
 
Zeno Venesiyanın Osmanlılara qarşı Ağqoyunlu qüvvələrindən istifadə etmək siyasətinin iştirakçısı idi. Bu, tarixi faktlarla dəstəklənir. Onun Dəspinə xatunla birlikdə iki hökmdarın birləşməsinə mane olmaq üçün gizli plan hazırlaması isə ayrıca sübut tələb edən iddiadır.
 
Eyni ehtiyatı Uzun Həsənin vəzirlərindən birinin xəyanəti barədə deyilənlərə də göstərməliyik. Konkret adı və sənədli dəlili olmayan vəziri tarixi həqiqət kimi xain elan etmək doğru olmaz. Ancaq saray rəqabətinin, xarici elçilərin təsirinin və müxtəlif siyasi maraqların hökmdarların qərarlarına təsir göstərə bilməsi də danılmazdır.
 
Tarixin ibrəti buradadır: xarici qüvvələr həmişə yalnız qılıncla qalib gəlmirlər. Bəzən rəqiblərin bir-birinə inamsızlığından, saray daxilindəki ziddiyyətlərdən və ortaq təhlükənin vaxtında dərk edilməməsindən yararlanırlar.
 
Ona görə də Otlukbelini yalnız Dəspinə xatunun, Katerino Zenonun və ya adı bilinməyən bir vəzirin qurduğu sui-qəsdin nəticəsi kimi təqdim etmək olmaz. Müharibəyə aparan əsas səbəblər dövlətlərin ərazi iddiaları, Anadolu uğrunda rəqabət və Venesiyanın Osmanlılara qarşı qurduğu ittifaq siyasəti idi. Şəxsi xəyanət barədə iddialar isə sənədlə təsdiqlənməlidir.
 
Bütün bunların fonunda belə bir ehtimalı da istisna etmək olmaz ki, Venesiya elçisi Katerino Zenonun Uzun Həsənin sarayındakı diplomatik fəaliyyəti Roma papalığının Osmanlıları şərqdən zəiflətmək strategiyasına da xidmət edirdi. Dəspinə xatunla olduğu iddia edilən qohumluq əlaqələri Zenonun saraya çıxışını asanlaşdırmış, saraydakı siyasi ziddiyyətlər isə Avropa diplomatiyasının manevr imkanlarını genişləndirmiş ola bilərdi. Bəlkə də Avropanın siyasi dairələri Osmanlı ilə Ağqoyunlunun birləşməsinin yarada biləcəyi təhlükəni görür, onların rəqabətinin davam etməsində öz maraqlarını axtarırdılar. Bu, tarixi faktlardan çıxarılan ehtimaldır; Zenonun papalığın gizli tapşırığı ilə iki hökmdarın ittifaqını qəsdən pozduğunu sübut edən konkret sənəd isə hələlik yoxdur...
 
Otlukbeli: qaçırılmış fürsətmi?..
 
1473-cü il avqustun 11-də Otlukbelidə baş verən döyüş Ağqoyunluların məğlubiyyəti ilə nəticələndi. Osmanlıların top və odlu silah üstünlüyü mühüm rol oynadı. Uzun Həsən qərbə doğru genişlənmək imkanlarını itirdi, Osmanlılar isə Anadoluda mövqelərini möhkəmləndirdilər.
 
Amma gəlin bir anlıq başqa tarixi təsəvvür edək...
 
Fateh Sultan Mehmetlə Uzun Həsən bir-birinə qarşı müharibə etmək əvəzinə razılığa gəlsəydilər, Osmanlılar qərbdəki hərbi əməliyyatlara daha çox qüvvə ayıra, Ağqoyunlular isə şərq və cənub istiqamətlərində təhlükəsizliyi təmin edə bilərdilər. Osmanlı donanması, artilleriyası və mühasirə təcrübəsi Ağqoyunluların çevik süvariləri ilə tamamlanardı.
 
1480-ci ildə Osmanlı qoşunlarının Otrantonu ələ keçirməsi göstərdi ki, İtaliyaya hərbi qüvvə çıxarmaq xəyaldan ibarət deyildi. Əgər iki dövlət arasında davamlı ittifaq qurulsaydı, İtaliyanın cənubunda Osmanlı mövqeləri daha da güclənə bilərdi. Roma üçün təhlükə də arta bilərdi...
 
Bəs Roma mütləq fəth edilərdimi? Buna qəti cavab vermək mümkün deyil. İtaliyanın dənizdən təchizatı, Avropa dövlətlərinin müqaviməti, şəhərlərin müdafiəsi və fəthdən sonrakı idarəçilik ciddi maneələr idi. Üstəlik, Uzun Həsən 1478-ci ildə, Fateh isə 1481-ci ildə vəfat etdi. Belə bir birgə yürüş üçün ittifaqın daha erkən qurulması lazım gəlirdi...
 
Yenə də əsas sual açıq qalır: iki dövlət bir-birinin gücünü azaltmaq əvəzinə həmin gücü ortaq məqsədə yönəltsəydi, XV əsrin sonlarında Avropanın siyasi mənzərəsi nə qədər fərqli ola bilərdi?..
 
Şah İsmayılla Sultan Səlim: tarix yenidən təkrarlandımı?..
 
Otlukbelidən təxminən qırx il sonra türk-müsəlman dünyası daha bir ağır qarşıdurma yaşadı. 1514-cü il Çaldıran döyüşündə Səfəvi hökmdarı Şah İsmayıl ilə Osmanlı sultanı I Səlim üz-üzə gəldilər.
 
Bu iki hadisə arasında tam eynilik yoxdur. Otlukbelidə Osmanlılarla Ağqoyunlular, Çaldıranda isə Osmanlılarla Səfəvilər qarşılaşmışdılar. Dövlətlərin siyasi və dini əsasları da fərqli idi. Bununla belə, hər iki müharibə Anadolu, Azərbaycan və Yaxın Şərqdə güc balansını müəyyənləşdirdi və türk-müsəlman siyasi qüvvələrinin bir-birinə qarşı mübarizəsinin nəticələrini göstərdi.
 
Tarixdən çıxarılmalı nəticə bütün dövlətlərin mütləq birləşməsi və ya aralarındakı fərqləri unutması deyil. Əsas məsələ mübahisələri dağıdıcı müharibəyə çevirmədən həll etmək, qarşılıqlı təhlükəsizliyi təmin etmək və ortaq maraqların olduğu sahələrdə əməkdaşlıq qura bilməkdir.
 
Bu günün türk-müsəlman dünyası tarixdən nə öyrənməlidir?..
 
Bu gün türk dövlətləri arasında əməkdaşlıq, müsəlman ölkələri arasında iqtisadi və siyasi əlaqələr, regional təhlükəsizlik və ortaq layihələr müzakirə edilərkən XV əsrin təcrübəsi yada salınmalıdır. Fəqət türk-müsəlman dövlətlərinin tarixinə nəzər salarkən yalnız Otlukbeli və Çaldıran kimi qardaş xalqları və dövlətləri qarşı-qarşıya gətirən müharibələri xatırlamaq kifayət deyil. Tariximizdə qarşılıqlı yardımın, birlik və həmrəyliyin və ortaq təhlükələrə qarşı birgə mübarizənin mühüm nümunələri də var.
 
Tarixin yalnız qarşıdurmalarını deyil, birlik nümunələrini də xatırlayaq...
 
Türk-müsəlman dövlətlərinin tarixinə nəzər salarkən yalnız Otlukbeli və Çaldıran kimi qardaş xalqları və dövlətləri qarşı-qarşıya gətirən müharibələri xatırlamaq doğru deyil. Tariximizdə qarşılıqlı yardımın, həmrəyliyin və ortaq təhlükələrə qarşı birgə mübarizənin mühüm nümunələri də var. Onları xatırlamaq, uğurlarından nəticə çıxarmaq və gələcək nəsillərə çatdırmaq ən azı keçmişin səhvlərini öyrənmək qədər vacibdir.
 
Bunun ən təsirli nümunələrindən biri 1918-ci ildə Osmanlı dövləti ilə Azərbaycan arasında yaranmış hərbi əməkdaşlıqdır. Ənvər Paşanın təşəbbüsü ilə yaradılan və Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu Osmanlı hərbçiləri ilə Azərbaycan qüvvələrini bir araya gətirdi. Həmin ilin 15 sentyabrında Bakı bolşevik-daşnak qüvvələrinin və onları dəstəkləyən ingilis hərbi birləşmələrinin mövcud olduğu mürəkkəb şəraitdə Osmanlı-Azərbaycan qüvvələrinin nəzarətinə keçdi. Bu hadisə Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtını Bakıya köçürməsinə və dövlət hakimiyyətini möhkəmləndirməsinə və ümumiyyətlə, Quzey Azərbaycanın qurtuluşuna şərait yaratdı. Osmanlı qüvvələrinin bir hissəsi daha sonra Şimali Qafqazdakı dağlıların dövlətçilik təşəbbüslərinə də hərbi dəstək Verdi...
 
Bu hadisəni yalnız hərbi qələbə kimi deyil, çətin tarixi şəraitdə göstərilən qardaşlıq yardımının nümunəsi kimi də qiymətləndirmək olar. Bununla yanaşı, tarixi obyektivlik naminə qeyd edilməlidir ki, Azərbaycan xalqının müstəqillik mübarizəsi və dövlət quruculuğu öz milli siyasi qüvvələrinin də fəaliyyəti ilə bağlı idi. Osmanlı yardımının əhəmiyyəti həmin milli iradəni əvəz etməsində deyil, onun həyata keçirilməsinə verdiyi hərbi töhfədə idi….
 
1918-ci ilin hadisələri yalnız Şimali Azərbaycanla məhdudlaşmırdı. Həmin dövrdə Cənubi Azərbaycanda və İranın digər bölgələrində də Rusiya qoşunlarının geri çəkilməsindən sonra ingilis hərbi mövcudluğu genişlənirdi. Osmanlı hərbi hissələri Urmiya, Salmas və Təbriz istiqamətlərində əməliyyatlar aparmışdılar. Bu hadisələr Cənubi Azərbaycandakı türk əhalisinin təhlükəsizliyi və bölgənin gələcəyi baxımından da mühüm əhəmiyyət daşıyırdı. Təəssüf ki, bölgədəki hərbi-siyasi vəziyyət mürəkkəb idi və Osmanlı qüvvələri 1918-ci ilin sonlarında geri çəkilməli oldular…
 
Orta Asiya da bu tarixin başqa bir səhifəsidir. Birinci Dünya müharibəsindən sonra Ənver Paşa Türküstana gedərək sovet hakimiyyətinə qarşı mübarizə aparan Basmaçı hərəkatına qoşuldu və 1922-ci ildə döyüşdə həlak oldu. Onun fəaliyyəti türk-müsəlman xalqlarının azadlığı naminə birgə mübarizə ideyasının nümunəsi sayıla bilər. Ancaq bu mübarizə nəzərdə tutulan məqsədə çatmadı. Yerli qüvvələr arasındakı parçalanma, silah və təchizat çatışmazlığı, eləcə də Qızıl Ordunun hərbi üstünlüyü hərəkatın məğlubiyyətində mühüm rol oynadı...
 
Deməli, tariximizdə həm uğurlu əməkdaşlıq, həm də reallaşmayan birlik cəhdləri var. Onların hər ikisindən öyrənmək lazımdır. Birlik yalnız ortaq kimlik və xoş niyyətlə yaranmır; onun davamlı olması üçün siyasi razılaşma, qarşılıqlı etimad, real hərbi-iqtisadi imkanlar və uzunmüddətli strategiya da tələb olunur.
 
Bu baxımdan müasir dövrdə Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər xüsusi əhəmiyyət daşıyır. Türkiyənin 2020-ci il İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana göstərdiyi siyasi və hərbi dəstək, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü müdafiə edən mövqeyi iki ölkə arasında strateji əməkdaşlığın mühüm nümunəsidir. Qarabağın azad edilməsində Azərbaycan Ordusunun özünün həlledici rolunu vurğulamaqla yanaşı, Türkiyənin siyasi-mənəvi, diplomatik və hərbi dəstəyinin əhəmiyyətini də xüsusi qeyd etmək lazımdır…
 
Belə nümunələr bizə göstərir ki, türk dövlətləri arasında əməkdaşlıq yalnız keçmişə aid romantik bir arzu deyil. O, konkret siyasi iradə, qarşılıqlı maraqlar və ortaq məqsədlər əsasında gerçəkləşə bilər. Bunun üçün dövlətlər bir-birinin suverenliyinə hörmət etməli, fikir ayrılıqlarını diplomatik yollarla həll etməli və təhlükəsizlikdən iqtisadiyyata, elmdən texnologiyaya qədər müxtəlif sahələrdə davamlı əməkdaşlıq qurmalıdırlar…
 
Tarixi yalnız “kim kimə xəyanət etdi?” sualı ilə oxumaq kifayət deyil. “Kim kimin köməyinə çatdı?”, “Hansı şərtlərdə birlik uğur qazandı?” və “Uğurlu əməkdaşlığı necə davamlı etmək olar?” suallarını da verməliyik.
 
Çünki tariximizin yadda saxlanmalı səhifələri yalnız məğlubiyyətlərdən və itirilmiş fürsətlərdən ibarət deyil. Onların arasında çətin gündə göstərilən qardaşlıq yardımı, ortaq mübarizə və gələcəyə ümid verən birlik nümunələri də var. Keçmişin səhvlərindən nəticə çıxarmaq nə qədər vacibdirsə, uğurlu əməkdaşlıq nümunələrini tanımaq və inkişaf etdirmək də bir o qədər vacibdir.
 
Osmanlı–Ağqoyunlu qarşıdurmasını bugünkü bütün problemlərin səbəbi saymaq düzgün olmaz. Tarixin sonrakı əsrlərində çoxsaylı başqa amillər də rol oynayıb. Lakin Otlukbeli və Çaldıran kimi döyüşlər bir həqiqəti xatırladır: dövlətlər arasındakı rəqabət bəzən onların hər ikisinin imkanlarını məhdudlaşdırır, kənardakı qüvvələrə isə öz maraqlarını irəli aparmaq üçün fürsət yaradır.
 
Müasir türk və müsəlman dövlətləri üçün dərs aydındır: siyasi fikir ayrılıqları, sərhəd məsələləri və regional rəqabət diplomatiya ilə idarə edilməlidir. İqtisadi əməkdaşlıq, elm və texnologiya, müdafiə sahəsində koordinasiya, qarşılıqlı hörmət və etibarlı institutlar şüarlardan daha böyük əhəmiyyət daşıyır.
 
Unutmayaq ki, bizləri həm də birlikdə daha  qüdrətli olacağığımıza görə birləşməyə qoymurlar...
 
Tarixi yalnız “kim kimə xəyanət etdi?” sualı ilə oxumaq kifayət deyil. “Niyə razılaşa bilmədilər?”, “Hansı maraqlar onları qarşı-qarşıya gətirdi?” və “Eyni səhvlərin təkrarlanmaması üçün nə etmək olar?” sualları da verilməlidir.
 
Otlukbeli bizə Romanın fəth edilməməsindən daha böyük bir dərs verir: bəzən tarixdə ən böyük itki məğlub olduğun döyüş deyil, qazana biləcəyin gələcəyi öz əlinlə təhlükəyə atmağındır.
 
Uzun Həsənlə Fateh Sultan Mehmetin birləşməsi Romanın mütləq fəth ediləcəyi demək deyildi. Ancaq onların müharibə əvəzinə davamlı əməkdaşlıq qurması türk-müsəlman dünyasının siyasi və hərbi imkanlarını başqa istiqamətə yönəldə bilərdi.
 
Bu günün dövlət xadimləri üçün əsas məsələ keçmiş hökmdarları idealizə etmək deyil, onların uğurlarından və səhvlərindən nəticə çıxarmaqdır. Çünki tarix dəyişdirilə bilməz, amma tarixdən öyrənərək gələcəyin qərarlarını dəyişmək mümkündür...
Unutmayaq ki, bizləri həm də birlikdə daha  qüdrətli olacağığımıza görə birləşməyə qoymurlar... 
 
Sultan Laçın