Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində sərhədlərin delimitasiyası və anklavların statusu həllini gözləyən məsələlər sırasındadır.


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın anklav və eksklavların mübadiləsini mümkün variantlardan biri kimi dəyərləndirməsi bu məsələnin siyasi və praktiki tərəflərini yenidən diqqət mərkəzinə gətirir. 






Belə bir yanaşmanın arxasında hansı siyasi hesablamaların dayandığı və mümkün həll variantlarının regional münasibətlərə necə təsir göstərə biləcəyi müzakirə mövzusudur.



Maraqlıdır, Ararat Mirzoyanın anklav və eksklavların mübadiləsini mümkün variantlardan biri kimi təqdim etməsini Ermənistanın sülh prosesindəki mövqeyi və regional maraqları baxımından necə qiymətləndirmək olar?


Bu məsələnin həlli Azərbaycan-Ermənistan münasibətlərində hansı yeni siyasi və praktiki reallıqlar yarada bilər və Azərbaycanın maraqlarının qorunması baxımından hansı məqamlar xüsusi diqqətdə saxlanılmalıdır?


Mövzu ilə əlaqədar Moderator.az-a politoloq diplomat Fikrət Sadıxov açıqlama verib. 


Politoloq qeyd edib ki, bu təklif, təbii ki, Azərbaycan tərəfindən hərtərəfli nəzərdən keçirilməlidir:


"Hesab edirəm ki, əgər bu, Azərbaycanın maraqlarına zidd olmazsa, təklifə müsbət yanaşmaq mümkündür.


İlk növbədə, məsələyə fərqli kontekstlərdən yanaşmaq lazımdır. Əsas şərt Azərbaycanın ərazi bütövlüyünün pozulmamasıdır. Digər tərəfdən, düşünmürəm ki, hazırda Azərbaycan ərazisində Ermənistana məxsus çoxsaylı anklavlar və eksklavlar mövcuddur.


Çünki uzun illər ərzində Ermənistan ərazisində də belə anklavlar və eksklavlar olub və hazırda da mövcuddur. Ermənistan tərəfi də bu reallığı yaxşı anlayır və dərk edir. Bir sözlə, bu təklif Azərbaycan tərəfindən hərtərəfli nəzərdən keçirilməli və təhlil olunmalıdır. 


Aparılan təhlillərin nəticələri Azərbaycanın maraqlarına uyğun olarsa, təbii ki, bu təklifi müsbət qarşılamaq mümkündür".


Pərvin Şakirqızı