"Qardaş Türkiyədə son dövrlər müşahidə etdiyimiz “ərəbləşmə” və “mollalaşma” kimi ideoloji və ictimai tendensiyalar ölkənin dünyəvilik ənənələri, milli kimliyi və cəmiyyətin gələcək inkişaf istiqamətləri baxımından ciddi təhlükə doğurur. Hər kəs, ən başlıcası isə türkiyəli qardaşlarımız unutmamalıdır ki, Türkiyə Cümhuriyyəti Mustafa Kamal Atatürkün əsasını qoyduğu dünyəvi dövlətçilik prinsipləri üzərində formalaşıb".


Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi şərhçi Tamilla Qulami bildirib. 






Siyasi şərhçi əlavə olaraq qeyd edib ki, bu baxımdan dini dəyərlərin ictimai və siyasi həyatda ön plana çıxarılması və siyasi məqsədlər üçün vasitəyə çevrilməsi narahatlıq doğurur:


"Burada əsas məsələ dinin özü deyil, dini kimliyin siyasi ideologiyaya çevrilməsi və milli-mədəni dəyərlərin arxa plana keçirilməsidir. Türkiyənin milli kimliyi türk dili, tarixi, mədəniyyəti və dünyəvi dövlətçilik təcrübəsi ilə sıx bağlıdır. Açıq şəkildə qeyd edirəm ki, bu amillərin bilərəkdən zəiflədilməsi ölkənin ictimai-siyasi balansına mənfi təsir göstərəcək.


Ən çox təəssüf doğuran məqam budur ki, bu tendensiyalar yalnız fürsətçi siyasi-dini qruplarla məhdudlaşmır. Bu fürsətçilik, həmçinin Azərbaycan və Türkiyə qardaşlığının arasına nifaq salmaq istəyən qüvvələrin fəaliyyətində, eləcə də hakim AKP-nin bəzi rəsmilərinin və üzvlərinin ritorikasında özünü göstərir. 


Halbuki siyasi hakimiyyət cəmiyyətdə dini və dünyəvi kəsimlər arasında qarşıdurmanı dərinləşdirmək deyil, milli həmrəyliyi gücləndirmək məsuliyyəti daşımalıdır. Hakim AKP bu istiqamətdə aydın mövqe ortaya qoymalı, Türkiyənin dünyəvi dövlətçilik ənənələri ilə dini inanclar arasında tarazlığın qorunmasına çağırış etməlidir.


Azərbaycanın Türkiyədəki səfirliyinin qarşısında keçirilən aksiya da bu baxımdan ciddi şəkildə araşdırılmalıdır. Belə aksiyaların arxasında dayanan siyasi motivlər, iştirakçıların tələbləri və ictimai rəyə təsir imkanları ayrıca təhlükə siqnalıdır".


Tamilla Qulami vurğulayıb ki, bütün hallarda bu cür etirazların Azərbaycan–Türkiyə münasibətlərinə qarşı yönələn təzyiq vasitəsinə çevrilməsi yolverilməzdir:


"İki ölkə arasındakı münasibətlər ayrı-ayrı qrupların ideoloji baxışlarından və emosional çağırışlarından daha böyük tarixi, siyasi və strateji əsaslara söykənir. Azərbaycan və Türkiyə xalqlarını ortaq tarix, dil, mədəniyyət və qarşılıqlı etimad birləşdirir. Bu münasibətləri qorumaq hər iki ölkənin siyasi dairələrinin və ictimaiyyətinin məsuliyyətidir. 


AKP rəhbərliyi də qardaş ölkələr arasında anlaşılmazlıq yaratmağa çalışan qüvvələrin qarşısını almaq üçün konstruktiv mövqe sərgiləməli, iki qardaş ölkənin arasına nifaq salmaq istəyənlərin sevinci qursağında qalmalıdır. 


Bunun yolu qarşılıqlı hörmətdən, təxribatlara uymamaqdan və ortaq maraqları fərdi və ideoloji ambisiyalardan üstün tutmaqdan keçir. Azərbaycan–Türkiyə münasibətlərinin gücü məhz bu birliyin qorunmasındadır!".