"Bu Atatürkün dünyəvilik ideyalarına və Azərbaycan sevgisinə xəyanətdir"
15 Oct 2026, 21:11 9 baxış 5 dəq oxuma
Son günlər Türkiyədə bəzi dairələr tərəfindən həyata keçirilən anti-Azərbaycan kampaniyası Azərbaycan cəmiyyətində haqlı narazılıqla qarşılanmaqdadır. Xüsusilə də, 13 oktyabr tarixində Azərbaycanın Ankaradakı səfirliyi qarşısında keçirilən aksiya, bu aksiya zaman səsləndirilən şüarlar böyük təəssüf hissi doğrumaqda, xalqımız tərəfindən məyusluqla qarşılanmaqdadır.
Təəssüf doğuran nüanslardan biri Türkiyədəki anti-Azərbaycan qüvvələrinin dövlətimizin daxili işlərinə kobud şəkildə qarışmağa cəhd etməsi, təzyiq yolu ilə ölkəmizdəki proseslərə təsir göstərmək istəməsidir. Məhz bunun nəticəsidir ki, oktyabrın 13-də Azərbaycanın Ankaradakı səfirliyi qarşısında aksiya keçirən qüvvələr müxtəlif dini şüarlar və Azərbaycan haqqında böhtanlar səsləndiriblər.
İşin daha acınacaqlı tərəfi isə aksiyanın “Hizb ut-Təhrir” təşkilatının Türkiyə qolu kimi fəaliyyət göstərən “Köklü değişim” hərəkatı deyil mürtəce qüvvə tərəfindən gerçəkləşməsidir. Məlumat üçün qeyd edək ki, “Hizb ut-Təhrir” təşkilatının fəaliyyəti dünyanın bir çox ölkələrində rəsmən qadağan edilib. Buna səbəb təşkilatın zorakılığı təbliğ etməsi, terror və ekstremist fəaliyyətdə ittiham olunmasıdır. Azərbaycan kimi dünyəvi, mədəni bir dövlətin Ankaradakı səfirliyi qarşısındakı aksiyanın məhz “Hizb ut-Təhrir” kimi bir təşkilat tərəfindən keçirilməsi Türkiyənin özünün düşdüyü ağır mənəvi-siyasi durumun ciddiliyindən xəbər verir.
Səfirliyimiz qarşısında baş verənlər qardaş ölkədə xurafat və zorakılığın müxtəlif adlar altında özünə yer etdiyini, öz varlığını sürdürməkdə davam etdiyini göstərir. Belə olmasaydı, İslamı tənqid edən kəslərin öldürülməsini belə məqbul hesab edən “Hizb ut-Təhrir” kimi təşkilatın, habelə onun “Köklü değişim” qolunun Türkiyədə fəaliyyətinə imkan verilməzdi.
İkincisi, Türkiyədəki anti-Azərbaycan kampaniyası, eləcə də ölkəmizə yönəlik etiraz aksiyaları qardaş ölkədə cəhalət və xurafatın dünyəvilik dəyərləri üzərində açıq qələbə qazandığını, Türkiyənin faktiki olaraq dini dövlətə çevrilməkdə olduğunu göstərir. Bu isə Türkiyənin qurucusu Böyük Mustafa Kamal Atatürkün ideya və siyasi-mənəvi irsinə xəyanətdir. Xatırladaq ki, məhz Atatürk Türkiyədə xurafata qarşı mübarizədə qətiyyətli addımlar atmış, dünyəvi dövlət yolunda mühüm islahatlar həyata keçirərək dünyanın müasir dövlətəri ilə eyni cərgədə qərarlaşan bir dövlət formalaşdırmışdır. Lakin Azərbaycan əleyhinə kampaniya fonunda atılan addımlar qardaş ölkənin irəliyə deyil, geriyə doğru üz tutduğunu göstərir. Bu isə həm Türkiyə, həm də bütün türk dünyasının gələcəyi baxımından arzuedilməzdir.
Türkiyədə Azərbaycanı hədəf alan kampaniyanın keçirilməsinə, habelə, bu kampaniyanın mütəmadi şəkildə davam etməsinə, genişlənməsinə göz yummaq, həm də Atatürkün Azərbaycana olan sevgisinə xəyanət etmək deməkdir. Bu, müasir Türkiyənin Atatürkün mənəvi-siyasi irsi qorumaqda ciddi çətinlik çəkdiyini göstərir.
Şübhəsiz, Türkiyədə hansı aksiyanın keçirilməsindən, dövlətimiz haqqında hansı absurd şüarların səsləndirilməsindən asılı olmayaraq, Azərbaycan öz yolu ilə addımlamaqda davam edəcək. İki dövlət arsında əsrlərdir ki, formalaşan, bütün dünyaya nümunə olan qardaşlıq münasibətlərinə zərbə vuracaq fəaliyyətə görə isə məsuliyyət birmənalı şəkildə Türkiyənin üzərinə düşür. Ümid edirik ki, Türkiyə baş verənlərin fərqinə varacaq və gec də olsa, Azərbaycan əleyhinə kampaniyanın dayandırılmasını, ölkəmizə, Prezidentimizə qarşı böhtanlara son qoyulmasını təmin edəcək.