Türkiyə ilə sərhəd nə vaxt açılacaq?.. Azərbaycan tərəfi İrəvana niyə gəlmədi?- Simonyandan maraqlı cavablar...
16 Oct 2026, 10:07 6 baxış 2 dəq oxuma
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Türkiyə ilə sərhədin açılması da daxil olmaqla, regionda gedən proseslərin yekun mərhələyə yaxın olduğunu bildirib. O, bütün sahələrdə irəliləyişin açıq şəkildə göründüyünü deyib.
Moderator.az "Haykakan Jamanak" nəşrinə istinadla xəbər verir ki, Qriqoryan bu barədə jurnalistlərlə söhbətində danışıb.
Azərbaycan nümayəndə heyətinin "COP17" tədbirlərində niyə iştirak etməməsi ilə bağlı suala cavab verən Ermənistan rəsmisi hazırda iki ölkə arasında münasibətlərdə gərginliyin olmadığını və belə bir vəziyyətin gözlənilmədiyini bildirib.
Onun sözlərinə görə, Azərbaycanın tədbirdə iştirak etməməsi rəsmi Bakının öz qərarıdır.
Qriqoryan qeyd edib ki, son 30 ildə qonşu ölkə haqqında danışmaq, eləcə də onunla bağlı müxtəlif qiymətləndirmələr səsləndirmək ən həssas məsələlərdən biri olub. Onun sözlərindən belə anlaşılır ki, hazırda da Azərbaycanla bağlı müxtəlif fikirlər səsləndirilsə də, münasibətlərdə gərginlik müşahidə olunmur.
“İlham Əliyevə də demişəm, Hikmət Hacıyevlə də danışmışam”
Ermənistan Təhlükəsizlik Şurasının katibi Azərbaycan Prezidenti İlham Əliyevlə söhbət zamanı onun bəyanatlarının və fikirlərinin Ermənistanda çox həssas qarşılandığını bildirdiyini deyib.
Qriqoryan eyni mövzuda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə də söhbətinin olduğunu açıqlayıb.
Maraqlı məqam isə ondan ibarət olub ki, jurnalistlərə açıqlama verərkən Qriqoryanın telefonuna zəng gəlib. O, zəng edən şəxsin məhz Hikmət Hacıyev olduğunu deyərək onunla müxtəlif məsələləri müzakirə etdiklərini bildirib.