““44” filmi haqda söz tapmaqda acizəm. Film haqda təəssüratlarım böyükdür. Filmi izləyərkən donub-qalmışdım. Filmin hər fraqmentində, hər kadrında təkcə oğlumu yox, onunla birlikdə XTQ-də çalışan qəhrəman oğulları, onların necə əzab-əziyyət çəkdiklərini görürdüm. Fikirləşirdim ki, bu hələ filmdir, amma real həyatda onlar bundan daha artıq çalışıblar, vuruşublar, döyüşüblər. Bir daha fəxr etdim ki, mən Camalın anasıyam”.
 




Bunu Moderator.az-a açıqlamasında “Hadrut fatehi", XTQ baş giziri, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova deyib.

O daha sonra əlavə edib:
 
“44” filminin təqdimatına dəvət alanda elə zənn edirdim ki, bütün bədii filmlər kimi sadəcə bir filmdir. Getdim izlədim və həqiqətən də şahidi oldum ki, çox gözəl, yüksək keyfiyyətli və təqdirəlayiq bir iş ərsəyə gəlib. İstərdim ki, bütün Azərbaycan, ələxsus da gənclərimiz gedib bu filmə baxsın. Təqdimatdan gələndən sonra tələbə nəvəm də dedi ki, “nənə, mən də bu filmə baxmaq istəyirəm”. Biz öz gənclik illərimizdə Böyük Vətən müharibəsi haqda çəkilən filmlərə böyük həvəslə baxırdıq. Bizim döyüşçülərimiz işğalçılara qalib gələndə çox sevinirdik. İstərdim ki, bizim gələcək, gənc nəsil də bu filmə baxsınlar və ibrət dərsi götürsünlər. Onlar görsünlər ki, bizim qəhrəman övladlarımız necə döyüşüblər. Arzu edirəm ki, bu İkinci Qarabağ müharibəsi haqda çəkilən axırıncı film olmasın, ardı gəlsin. “44” filminin aktyorları həqiqətən də bu hissləri yaşayaraq oynayıblar”.

Filarə İsmayılova dövlətin şəhid analarına olan qayğısından da söz açıb:
 
“Mən sizin vasitənizlə Anar Ələkbərova və onun komandasına böyük təşəkkürümü bildirirəm. Belə bir filmin ərsəyə gəlməsində onun zəhməti böyükdür. Biz şəhid analarını da o təqdimat günü unutmadı. Bizim üçün çox qürurverici bir gün idi. Bizi Zəfər Muzeyində tək-tək qarşılayıb, hər bir şəhid anasına böyük diqqət ayırırdılar. Daha sonra maşınlara mindirib Heydər Əliyev mərkəzinə-filmin təqdim olunacağı məkana gətirdilər. Axırıncı dəqiqəyə qədər bizi diqqətdən kənarda qoymadılar və daha sonra yola saldılar. Bu münasibəti mən heç vaxt yadımdan çıxara bilmərəm. Bilirsiniz bu nə deməkdir?! Bu şəhid ailələrinə diqqətin və qayğının bariz nümunəsidir. Nə qədər ki, Azərbaycan xalqı var, nə qədər ki, dövlətimiz var, şəhid ailələrinə bu diqqət hər zaman olacaq. Biz şəhid analarının sadəcə diqqətə ehtiyacı var”.