Türkiyə-Azərbaycan birliyi hər iki xalq tərəfindən qorunaraq gələcək nəsillərə ötürülməlidir…
 




Bu gün ADP İdarə Heyətinin növbəti toplantısında ölkənin və regionun ictimai-siyasi gündəmi, beynəlxalq münasibətlər, regional təhlükəsizlik, Azərbaycanın xarici siyasət prioritetləri və gənclərin sosial problemləri ilə bağlı bir sıra məsələlər müzakirə olunub.
 
İdarə Heyəti 18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ilə bağlı müzakirələr aparıb, bu tarixin Azərbaycan dövlətçilik tarixindəki müstəsna əhəmiyyətini vurğulayıb. Müstəqillik aktının qəbul edilməsində xidmətləri olan və dünyasını dəyişmiş şəxslərin xatirəsi ehtiramla yad edilib, sağ olan şəxslərin tarixi xidmətləri və müstəqil Azərbaycan dövlətinin bərpasındakı rolları xüsusi qeyd olunub.
 
İdarə Heyəti son zamanlar Türkiyə-Azərbaycan münasibətlərində müşahidə olunan soyuqluqla bağlı bir daha narahatlığını ifadə edib. Qeyd olunub ki, iki dövlət və xalq arasında mövcud olan strateji müttəfiqlik tarixi, milli və dövlətçilik maraqlarına əsaslanır və hər iki ölkənin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Siyasi, sosial və dini məsələlərdə meydana çıxan fikir ayrılıqlarının qarşılıqlı hörmət, tolerantlıq və sivil dialoq yolu ilə həll edilməsinin vacibliyini vurğulayan müzakirə iştirakçıları hər iki tərəfdə münasibətləri gərginləşdirən qarşılıqlı informasiya kampaniyalarının dayandırılmasını və müvafiq dövlət qurumlarının bu istiqamətdə zəruri addımlar atmasının məqsədəuyğun olduğunu bildiriblər.
 
İdarə Heyəti bildirib ki, Azərbaycanın bəzi qərarları Türkiyənin daşıdığı siyasi, ictimai və dini dəyərlərlə üst-üstə düşmədikdə belə, Türkiyə tərəfi Azərbaycanın mürəkkəb geosiyasi mövqeyi baxımından qəbul etdiyi qərarlarına anlayışla yanaşmalıdır. İdarə Heyəti bir daha Türkiyə-Azərbaycan arasındakı fikir ayrılıqlarının strateji müttəfiqliyə xələl gətirməməsinin, bu birliyin hər iki xalq tərəfindən qorunaraq gələcək nəsillərə ötürülməsinin vacibliyini bildirib.
 
İdarə Heyəti Türkiyə-Azərbaycan və Türkiyə-İsrail münasibətləri kontekstində Azərbaycanın xarici siyasət prioritetlərini müzakirə edib. Azərbaycanla İsrail arasında mövcud olan strateji tərəfdaşlığın qorunması Azərbaycanın müstəqil xarici siyasət kursunun mühüm istiqamətlərindən biri kimi qiymətləndirilib. Eyni zamanda vurğulanıb ki, Azərbaycan Türkiyə-İsrail münasibətlərinin normallaşdırılması və tərəflər arasında dialoqun bərpası istiqamətində öz səylərini davam etdirməlidir. Türkiyə ilə strateji müttəfiqlik Azərbaycanın xarici siyasətində xüsusi əhəmiyyət daşıdığından, İsraillə münasibətlər qurularkən Türkiyənin haqlı narahatlıqları və regional maraqları da nəzərə alınmalıdır. İdarə Heyəti hesab edib ki, Azərbaycan bu münasibətlər sistemində öz milli maraqlarını qorumaqla yanaşı, tərəflər arasında qarşıdurmanın dərinləşməsinin qarşısını almağa və qarşılıqlı anlaşmanın təmin edilməsinə töhfə verməlidir. Belə bir seçim və ya ziddiyyətli mövqe ilə üzləşdiyi hallarda Azərbaycan tərəflərdən birinin qarşıdurma xəttinə qoşulmaq əvəzinə, mümkün qədər balanslı və bitərəf mövqeyini qoruyub saxlamalı, dialoq və əməkdaşlıq imkanlarını dəstəkləməlidir.
 
İdarə Heyəti həmçinin İranın bəzi dini dairələri tərəfindən Azərbaycana qarşı aparılan kampaniyaları da qətiyyətlə pisləyib. Bu cür addımlar iki qonşu dövlət arasında münasibətlərə zərər vurmaq, qarşılıqlı etimadı zəiflətmək və regional gərginliyi artırmaq cəhdi kimi qiymətləndirilib.
 
İdarə Heyəti ABŞ Prezidenti D.Trampın Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların yumşaldılması və ya aradan qaldırılması istiqamətində mümkün addımlarına münasibət bildirib. Qeyd edilib ki, bu cür qərarlar Rusiyanın beynəlxalq hüquq normalarına əməl etməsi və işğalçılıq siyasətindən çəkindirilməsi üçün konkret və ciddi öhdəliklərlə müşayiət olunmalıdır. Müzakirə iştirakçıları hesab edib ki, Rusiyanın beynəlxalq hüquq qarşısında məsuliyyəti təmin edilmədən sanksiyaların aradan qaldırılması təcavüzkar siyasətin təşviqi kimi qəbul oluna və beynəlxalq təhlükəsizlik üçün əlavə risklər yarada bilər. İdarə Heyəti Ukraynanın suverenliyini və ərazi bütövlüyünü müdafiə etdiyini bir daha bəyan edərək, müharibənin beynəlxalq hüquq normaları əsasında ədalətli həllinin vacibliyini vurğulayıb.
 
İdarə Heyəti bir sıra Avropa ölkələrində gənclər arasında müşahidə olunan etiraz hərəkatlarını da müzakirə edib. Qeyd olunub ki, bu etirazların səbəbləri sırasında gənclərin gələcəyə inamsızlığı, sosial-iqtisadi çətinlikləri və mövcud problemlərin həlli ilə bağlı narazılıqları dayanır. Azərbaycanda da gənclərin işsizlik, mənzil təminatı, sosial rifah və digər mühüm problemlərlə üzləşdiyini qeyd edən müzakirə iştirakçıları bu problemlərin həlli üçün hökumət tərəfindən gənclərin real ehtiyaclarına uyğun, ardıcıl və məqsədyönlü siyasətin həyata keçirilməsinin zəruriliyini qeyd edib.