Bakının Binəqədi rayonu, "Xutor" yaşayış massivində üç ailə mülkiyyət mübahisəsi ilə üzləşib.
 




Moderator.az Baku TV-yə istinadla xəbər verir ki, ümumilikdə 12 nəfərdən ibarət ailələr 37 ildir yaşadıqları evdən çıxarıldıqlarını iddia edir. Onların sözlərinə görə, evin sənədləri yaxın qohumlarının adına rəsmiləşdirilib.
 
Şikayətçi Nazim Qarayev bildirir ki, evi öz vəsaiti hesabına tikib və uzun illər ailəsi ilə birlikdə orada yaşayıb.
 
Onun sözlərinə görə, 2003-cü ildə atasının xahişi ilə evin sənədlərinin qardaşı oğlunun adına rəsmiləşdirilməsinə razılıq verib. Lakin bir neçə il əvvəl qardaşı oğlu evin özünə məxsus olduğunu bildirərək onları oradan çıxaracağını deyib.
 
Vətəndaş iddia edir ki, evin tikintisində onun əməyi olub, kommunal xərcləri də özü ödəyib.
 
Qonşuların da bu faktları təsdiqləyə biləcəyini bildirən şikayətçi hazırda ailə üzvlərinin müxtəlif yerlərdə qalmağa məcbur olduğunu deyir.
 
Çəkiliş qrupu məsələ ilə bağlı araşdırma aparmaq üçün mübahisəli ünvana yollanıb.
 
Çəkiliş zamanı evdə təmir işlərinin aparıldığı, ev sahibinin isə ərazidə olmadığı bildirilib. Müxbir iddia olunan ev sahibi ilə danışmağa çalışarkən tərəflər arasında gərginlik yaşanıb.
 
Jurnalist çəkiliş zamanı onlara qarşı zor tətbiq edildiyini və qapının bağlanması səbəbindən evdən çıxa bilmədiklərini bildirib.