Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə ABŞ-nin dövlət katibi Marko Rubio görüş zamanı strateji tərəfdaşlığın möhkəmləndirilməsini və ikitərəfli, o cümlədən ticarət, investisiyalar, energetika və texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Moderator.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Görüş Rubionun "C5+1" formatında nazirlərin görüşündə və ABŞ-Özbəkistan İşgüzar və İnvestisiya Şurasının ikinci iclasında iştirak etmək üçün Səmərqəndə səfəri çərçivəsində baş tutub.
Tərəflər siyasət və təhlükəsizlik, ticarət, investisiyalar, innovasiyalar, texnologiyalar, təhsil və mədəniyyət sahələrində qarşılıqlı fəaliyyətin aktivləşdiyini qeyd ediblər. Terrorizmə, ekstremizmə, narkotik dövriyyəsinə və qanunsuz miqrasiyaya qarşı mübarizədə əməkdaşlığa xüsusi diqqət yetirilib.
Mirziyoyev və Rubio həmçinin strateji əhəmiyyətli minerallar, energetika, nəqliyyat, süni intellekt və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığın perspektivlərini, eləcə də regionlararası əlaqələrin inkişafını və biznes-missiyaların mübadiləsini müzakirə ediblər.
Bundan başqa, tərəflər beynəlxalq siyasətin və regional təhlükəsizliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıb, eləcə də iki ölkə liderlərinin iştirakı ilə qarşıdan gələn tədbirlərin qrafikinə baxıblar.