Milli Məclisdə “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliklər xüsusi kateqoriyadan olan şəxslərin pensiyalarının hesablanması mexanizminin yenilənməsini nəzərdə tutur.
Yeni qaydalara əsasən, fərdi pensiya kapitalı əsasında hesablanan məbləğə aylıq sabit əlavə də müəyyən ediləcək.
Maraqlıdır, yeni qaydada fərdi pensiya kapitalı ilə yanaşı, aylıq sabit əlavənin də nəzərdə tutulması hansı zərurətdən irəli gəlir?
Sabit əlavələrin məbləği hansı meyarlarla müəyyənləşdiriləcək və yeni mexanizmin tətbiqində əsas məqsəd nədir?
Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı Vüqar Bayramov açıqlama verib.
Deputat bildirib ki, əmək pensiyaları haqqında qanuna edilən dəyişikliyə əsasən, dövlət qulluqçuları, Müdafiə Nazirliyinin hərbi qulluqçuları və bir sıra digər vətəndaşlarımız üçün pensiyalara sabit əlavənin tətbiq edilməsi nəzərdə tutulur:
"Sabit əlavənin məbləği qanuna edilən dəyişiklik cənab Prezident tərəfindən imzalandıqdan sonra həmin əlavənin hesablanmasına məsul olan qurum tərəfindən müəyyənləşdiriləcək və daha sonra məbləğlər elan olunacaq.
Kateqoriyalar üzrə məbləğlərin açıqlanması gözlənilir. Konkret meyarlara gəldikdə isə, Milli Məclisin genişləndirilmiş komitə iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinə ünvanladığım suallardan biri, eyni zamanda, təkliflərimdən biri meyarların müəyyənləşdirilməsi ilə bağlı idi.
Təklifim ondan ibarətdir ki, sabit əlavə ilə bağlı konkret meyarlar müəyyənləşdirilsin və bu məbləğ minimum əməkhaqqı ilə əlaqələndirilsin.
Məsələn, müəyyən kateqoriya üzrə sabit məbləğ minimum əməkhaqqının 10 mislindən, digər kateqoriya üzrə isə minimum əməkhaqqının 15 mislindən az olmasın.
Bütövlükdə, mövcud pensiya məbləği də nəzərə alınmaqla, minimum əməkhaqqı meyarı əsasında sabit əlavənin müəyyənləşdirilməsi daha məqsədəuyğundur".
Pərvin Şakirqızı
Moderator.az/ Redaktor