19 oktyabr 2026-cı il tarixində beynəlxalq təcrübənin öyrənilməsi, mediatorların peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə Mediasiya Şurasının təşkilatçılığı, Mərkəzi Asiya Mediatorlar Konsorsiumu və Özbəkistan Respublikasının Mübahisələrin Həlli Mərkəzi ilə əməkdaşlıq çərçivəsində “Özbəkistan Respublikasında mediasiya - qanunvericilik və praktika” mövzusunda onlayn təlim keçirilib.


Moderator.az xəbər verir ki, təlim Daşkənd Mediasiya Mərkəzinin direktoru, Özbəkistan Respublikası Ədliyyə Nazirliyi yanında Mediatorların Ali İxtisas Komissiyasının üzvü, vəkil, hakim və mediator, IMI ixtisası üzrə mütəxəssis Kimsanov Diyorbek Ma'murjon oğlu tərəfindən və mediator Natavan Muradovanın moderatorluğu ilə keçirilib. Təlimdə 70-ə yaxın mediator iştirak edib.






Təlim zamanı iştirakçılara Özbəkistan Respublikasında mediasiyanın hüquqi əsasları, mediasiya sahəsində mövcud qanunvericilik, onun tətbiqi xüsusiyyətləri və praktiki aspektləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, Özbəkistanda mediasiya təcrübəsi və bu sahədə formalaşmış yanaşmalar diqqətə çatdırılıb.


İnteraktiv formatda təşkil olunan təlim mediatorların beynəlxalq təcrübə ilə tanışlığı, peşəkar biliklərinin genişləndirilməsi və mediasiya prosesinin tətbiqi ilə bağlı təcrübə mübadiləsi baxımından əhəmiyyət daşıyıb.