"İşğaldan azad olunmuş bölgələr sürətlə inkişaf etdirilir" - Kamaləddin Qafarov
20 Oct 2026, 11:10 2 baxış 4 dəq oxuma
“1988-ci ildən başlayaraq erməni işğalçı qüvvələrinin hücumlarına beş il ərzində şiddətli müqavimət göstərən Zəngilanın müdafiəsi 1993-cü ilin sonlarında Qubadlı və Cəbrayıl rayonlarının işğalından sonra mümkünsüz oldu”.
Moderator.az xəbər verir ki, bunu mətbuataa açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, həmin ilin noyabr ayında tam mühasirəyə düşən Zəngilanın əhalisi üçün yeganə çıxış yolu Araz çayından İran ərazisinə keçmək idi: “Əks halda, xalqımız ikinci Xocalı faciəsini yaşamalı olacaqdı. 27 il davam edən işğal dövrü ərzində ermənilər qəsb etdikləri digər rayonlar kimi Zəngilanın da təbii sərvətlərini talan etmiş, qiymətli yerüstü və yeraltı sərvətləri daşıyaraq aparmışlar. Zəngilanın ərazisi arxeoloji və memarlıq abidələri ilə də zəngin olmuşdur. İşğal dövründə onlarla məscid, ziyarətgah və tarixi-memarlıq abidələri tamamilə dağıdılmışdır. Məlumdur ki, işğala qədər Avropada ən böyük çinar meşəsi də məhz Zəngilan rayonunda idi. İşğal dövründə ermənilər həmin çinarları da doğrayaraq xarici ölkələrə satmışlar”.
Millət vəkili qeyd edib ki, Azərbaycan işğaldan azad etdiyi ərazilərində bütün dünyanın gözü qarşısında möhtəşəm bərpa-quruculuq işləri aparmaqla özünün beynəlxalq nüfuzunu artırmaqdadır: “Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə başladığı Vətən müharibəsinin gedişində Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayılda 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Oktyabrın 18-də Zəngilanın azad edilməsi uğrunda əməliyyat başlandı. Bundan cəmi iki gün sonra, oktyabrın 20-də Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini bəyan etdi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə bağlı ən mühüm məqamlardan biri də budur ki, həmin əməliyyat nəticəsində Azərbaycan-İran sərhədi də tam bərpa edildi. Bununla da 132 kilometrlik sərhəd zonası yenidən Azərbaycanın nəzarətinə keçdi və bu, əlbəttə, çox böyük nailiyyətdir. 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Dövlət başçımızın sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Bu gün Azərbaycan altı il bundan əvvəl işğaldan azad etdiyi ərazilərində, o cümlədən Zəngilanda bütün dünyanın gözü qarşısında möhtəşəm bərpa-quruculuq işləri aparmaqla, həmin bölgələri sürətlə inkişaf etdirməklə özünün beynəlxalq nüfuzunu artırmaqda, siyasi-iqtisadi mövqelərini daha da möhkəmləndirməkdədir”.