Avropanın bir sıra ölkələrində son günlər kütləvi etirazların genişlənməsi qitədəki siyasi və iqtisadi vəziyyəti yenidən gündəmə gətirib.


Sosial narazılıqların artması, hökumətlərin qərarlarına qarşı etirazların güclənməsi və yaranmış gərginliyin gələcəkdə hansı nəticələrə səbəb ola biləcəyi Avropanın sabitliyi ilə bağlı ciddi suallar doğurur.






Bəs, Avropa ölkələrində son günlər müşahidə olunan kütləvi etirazların əsas səbəbləri nədir? Mövcud vəziyyət Avropada uzunmüddətli siyasi və iqtisadi sabitliyə hansı təsirləri göstərə bilər?


Mövzu ilə bağlı Moderator.az-a politoloq Azad Məsiyev açıqlama verib. 


Politoloq qeyd edib ki, dünyada baş verən hərbi xaos iqtisadi böhrana, iqtisadi böhran isə bir çox ölkələrdə sosial vəziyyətin pisləşməsinə səbəb olur:


"Rusiya-Ukrayna münaqişəsi qlobal iqtisadi sistemdə ciddi sarsıntılar yaradıb. Bu prosesin fəsadları Avropanın aparıcı dövlətləri olan Fransa, İtaliya və Almaniyada da özünü göstərir. Münaqişə fonunda Rusiyaya tətbiq olunan sanksiyalar Avropa ilə Rusiya arasındakı iqtisadi əlaqələrin zəifləməsinə və Avropada enerji böhranının yaranmasına gətirib çıxarıb.


İqtisadiyyatın iki əsas komponenti enerji və xammaldır. Avropa İttifaqı bu resursları Rusiyadan daha ucuz qiymətə əldə edirdi. Lakin Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Avropanın Rusiya ilə iqtisadi əlaqələrini kəsdi və nəticədə Avropa iqtisadiyyatında böhran dərinləşdi. 


Bu vəziyyət sosial gərginliyin artmasına da səbəb oldu. Fransada, İtaliyada və Avropanın digər ölkələrində baş verən kütləvi etirazlar iqtisadi çətinliklərlə birbaşa bağlıdır. Beləliklə, hərbi münaqişə iqtisadi böhrana, iqtisadi böhran isə sosial gərginliyə yol açır.


Fransada yaranmış sosial gərginliyin əsas səbəblərindən biri əhalinin yaşayış səviyyəsinin pisləşməsidir. İnsanların etirazları da məhz bu çətinliklərdən qaynaqlanır. 


Hərbi münaqişəyə ayrılan yüz milyardlarla vəsait əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilsəydi, bu miqyasda etirazların və iğtişaşların baş verməsinin qarşısı alına bilərdi".


Azad Məsiyev vurğulayıb ki, baş verənlər ABŞ-ın strateji planının tərkib hissəsidir:


"Amerika Birləşmiş Ştatları özünün qlobal üstünlüyünə təhlükə yaradan amilləri aradan qaldırmağa çalışır. Rusiya hərbi gücünə, Avropanın vahid valyutası olan avro isə maliyyə potensialına görə ABŞ üçün rəqabət amili hesab olunur. 


Bu baxımdan, Ukrayna münaqişəsinin yaradılması Avropa ilə Rusiya arasındakı əlaqələrin kəsilməsinə, Avropa iqtisadiyyatının zəifləməsinə və nəticədə avronun dəyərdən düşməsinə xidmət edir. Avropa iqtisadiyyatının zəifləməsi isə aparıcı Avropa dövlətlərində sosial partlayışlara və xaosa gətirib çıxarır.


Əsas məqam ondan ibarətdir ki, Fransada və İtaliyada baş verən etirazlar kortəbii xarakter daşımır. Bunlar məqsədyönlü şəkildə vahid mərkəzdən təşkil edilmiş strateji planın tərkib hissəsidir.


 Lakin baş verən hadisələrin nəticələri müzakirə olunsa da, onları doğuran səbəblər lazımi səviyyədə araşdırılmır. Halbuki fəlsəfədə səbəb və nəticə bir-biri ilə sıx bağlı olan iki mühüm kateqoriyadır".


Politoloq əlavə edib ki, bu gün Fransada və İtaliyada gənclərin etirazları, eləcə də həmin etirazlar zamanı baş verən iğtişaşlar müşahidə olunan proseslərin nəticəsidir:


"Ancaq bu nəticələri doğuran səbəblərdən danışılmır. Həmin səbəblərdən biri Fransanın həyata keçirdiyi xarici siyasətdir. Çünki Fransa başda olmaqla Avropanın aparıcı dövlətləri Ukrayna münaqişəsini dayandırmaq əvəzinə, onu daha da alovlandırır və yüz milyardlarla avronu hərbi qarşıdurmaya yönəldirlər. 


Nəticədə Avropa iqtisadiyyatı zəifləyir, sosial problemlər dərinləşir və əhalinin narazılığı artır. Bu proseslər gənclərin etirazlarında da özünü göstərir. Uzun müddət yüksək rifah səviyyəsi ilə seçilən Avropa cəmiyyəti hazırda ciddi böhranla üz-üzədir. 


Yanacağın bahalaşması bunun bariz nümunəsidir. Benzinin, dizel yanacağının və qazın qiymətinin artması əhalinin gündəlik xərclərinə və sosial vəziyyətinə birbaşa təsir göstərir. Buna görə də gənclərin sosial narazılığı başadüşüləndir.


Lakin etirazları güc tətbiq etməklə dayandırmaq cəhdi vəziyyəti daha da gərginləşdirir. Gənclərin sosial vəziyyətinin pisləşməsi və onların narazılığına siyasi hakimiyyətin güc yolu ilə cavab verməsi əks reaksiyaya səbəb olur, nəticədə iğtişaşlar daha da genişlənir.


Dövlət etirazçıları güc yolu ilə sakitləşdirmək üçün süni şəkildə iğtişaşlar törədir. Marketlərin talan edilməsi, mağazaların və avtomobillərin yandırılması dövlət tərəfindən süni şəkildə yaradılan qarşıdurmanın tərkib hissəsidir.


Daha sonra hakimiyyət həmin hadisələrdən iğtişaşları yatırmaq və güc tətbiqini əsaslandırmaq üçün istifadə edir. Dövlət bu cür ssenariləri həyata keçirməklə öz məqsədinə çatmağa çalışır.


Bu siyasət əks reaksiyaya səbəb olmaqla yanaşı, insan hüquqlarının pozulmasına və özbaşınalığa da yol açır. Dinc əhaliyə qarşı güc tətbiq edilməsi, dinc etirazçıların təxribata cəlb olunması və cəmiyyətdə gərginliyin yaradılması Fransanın həyata keçirdiyi siyasətin tərkib hissəsidir.


Fransada bu cür halların əvvəllər də şahidi olmuşuq. “Sarı jiletlilər” hərəkatını xatırlatmaq yerinə düşər. Həmin vaxt da etirazların qarşısı bu cür təxribatlar və güc tətbiqi ilə alındı, vəziyyət zor yolu ilə nəzarətə götürüldü. 


Halbuki səbəblər aradan qaldırılmadan nəticələri həll etmək mümkün deyil. Fransanın həyata keçirdiyi uğursuz xarici siyasət ölkə daxilində baş verən sosial gərginliyin və iğtişaşların əsas səbəblərindən biridir".


Pərvin Şakirqızı 

Moderator.az/ Redaktor