Serbiyanın sabiq prezidenti Aleksandr Vuçiç Rusiya ilə dialoq qurmaq çağırışlarına görə Avropada ona qarşı münasibətin getdikcə pisləşdiyini bildirib.
Moderator.az RBK-ya istinadən xəbər verir ki, keçmiş ölkə başçısı bu barədə tanınmış rusiyalı jurnalist Kseniya Sobçaka verdiyi müsahibəsində danışıb.
"Danışıqların aparılmasının vacibliyini nə qədər çox vurğulayırdımsa, mənə qarşı münasibət bir o qədər pis və soyuq olurdu", - deyə o qeyd edib.
Vuçiçin sözlərinə görə, Avropada onun bu yanaşmasını tərəflərdən birinin seçilməsi kimi qiymətləndirirdilər.
"Mən Serbiyanın tərəfindəyəm, lakin danışıqların zəruri olduğunu bilirəm", - deyə o vurğulayıb.
"Niyə kiməsə Vuçiçi kənarlaşdırmaq lazımdır? Çünki mən sanki ayaqqabının içindəki xırda daş parçasıyam. Davamlı olaraq kimlərəsə maneçilik törədirəm", - deyə eks-prezident əlavə edib.
Vuçiç bildirib ki, hətta neytral siyasətçilər belə Avropaya mane olur:
"Onlar istəyirlər ki, hamı eyni səslə danışsın, eyni cür düşünsün və Rusiyaya qarşı vahid cəbhədə birləşsin. Mən isə Rusiyaya qarşı çıxış etmək istəmirəm, buradakı insanlar da bunu istəmir, amma orada bunu fərqli qəbul edirlər, sanki mən onların həmrəyliyini pozuram".