Azərbaycanda bankların nağd pul kreditləri üzrə illik faiz dərəcələri təxminən 8.9%-dən başlayaraq 11%-ə qədər dəyişir.
Moderator.az Oxu.az-a istinadla xəbər verir ki, banklar kredit verərkən borcalanın gəlirini müəyyənləşdirirlər. Yeni qaydaya əsasən, bu zaman rəsmi gəlirlər əsas götürülməlidir.
Şəxsin gəlirini əməkhaqqı arayışı, pensiya və müavinət məlumatları, təqaüd arayışı, bank depozitlərindən əldə olunan faiz gəlirləri və digər rəsmi sənədlər əsasında müəyyənləşdirmək mümkündürsə, bank davranış modeli əsasında hesablanan ehtimal olunan gəlirdən istifadə edə bilməyəcək.
Eyni qayda dövlət informasiya sistemlərində həmin şəxsin gəlirləri barədə məlumat olduqda da tətbiq ediləcək.
Bəs davranış modeli nədir? Sadə dillə desək, bank şəxsin əvvəlki maliyyə davranışlarına əsaslanaraq onun ehtimal olunan gəlirini proqnozlaşdıra bilər. Yeni qaydaya əsasən, gəliri rəsmi mənbələrdən müəyyənləşdirmək mümkündürsə, bu proqnoz əsas götürülməməlidir.
Məsələn, şəxsin aylıq əməkhaqqı dövlət informasiya sistemində görünürsə, bank kreditlə bağlı qərar qəbul edərkən həmin məlumatı nəzərə almalıdır.
Yeni tələb noyabrın 10-dan sonra yaranan kredit tələblərinə şamil ediləcək.
Beləliklə, əsas prinsip ondan ibarətdir ki, borcalanın real gəlirini rəsmi şəkildə müəyyənləşdirmək mümkündürsə, kredit hesablamalarında ehtimal olunan deyil, təsdiqlənmiş gəlir əsas götürülməlidir.