“Şövkət xanım 30 ildən çoxdur ki, aramızda yoxdur. Əlbəttə ki, onun yoxluğu bizim üçün çox çətindir. Hər zaman həyatımızda bir boşluq var. O boşluq heç vaxt dolmur, heç kim doldura bilmir. Lakin onun musiqiləri bu gün də səslənir, xalqın ona olan sevgisi isə dəyişməz qalır”.
Bunu Moderator.az-a açıqlamasında Şövkət Ələkbərovanın gəlini, musiqişünas Gülnarə Səfərova deyib.
O daha sonra əlavə edib:
“Onun böyük istedadının arxasında insanlara və doğma Azərbaycana sevgi dolu, nurlu və mərhəmətli bir ürək döyünürdü. Dünən də ənənəvi olaraq ailə üzvlərimizlə birlikdə məzarını ziyarət etdik. Hər il onun məzarını bizdən öncə də ziyarət edənlər olur. Xalq Şövkət xanımı çox sevir. Şövkət xanımı deyirdi ki, “mən xoşbəxtəm ki, xalqım üçün mahnılar oxumuşam. Mən xoşbəxtəm ki, vətənimin gözəlliyini tərənnüm etmişəm”. Xalq isə ona öz sevgisi ilə cavab verir-onilliklər keçsə də, onu sevməyə, xatırlatmağa və onunla fəxr etməyə davam edir. Mən də demək istəyirəm ki, Şövkət xanım, siz musiqidə, Azərbaycan tarixində və insanların qəlbində əbədi yaşayacaqsınız. Elə səslər var ki, heç vaxt susmur, elə sevgilər var ki, zaman belə onlara qalib gələ bilmir. Mənə elə gəlir ki, nə qədər Azərbaycan xalqı var, o qədər də Şövkət xanımın sənəti, əziz xatirəsi yaşayacaq” deyə sənətkarın gəlini bildirib.